Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Tovuz əməliyyatında Rusiya amili - ittihamlar əsaslıdırmı...
Tovuz əməliyyatında Rusiya amili - ittihamlar əsaslıdırmı... |
“Surət Hüseynovun fəallaşması, onun ardınca Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələr bir zəncirin həlqələridir. Tovuzda baş verən hadisələrdə Rusiyanın əli var idi, bu, Rusiyanın layihəsi idi”.
Bu barədə Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq deputat Fərəc Quliyev bildirib. O qeyd edib ki, Ermənistan müdafiə nazirinin Rusiya təyyarəçilərini mükafatlandırması da elə-belə məsələ deyildi və bizim yüksək rütbəli hərbçilərimizin 30 kilometr məsafədən dəqiq atəşlə vurulması da Ermənistanın gücü daxilində olan məsələ deyildi: “Rusiya Azərbaycana bütün vasitələrlə təsir etməyə çalışır. Artıq bütün dünya mediasında Tovuzda baş verən təxribatın arxasında məhz qlobal oyunlarda Rusiyanın mənafeyinə xidmət edən ermənilərin oyuna atıldığı amilinin dayandığı yazılır. Mən də hesab edirəm ki, bu məsələdə çox ciddi məkrli planlar var idi. Çox təəssüf edirəm ki, Azərbaycanda «beşinci kolon» adlandırılan xarici dövlətlərin maşaları da müxtəlif formada iştirak edirlər”. Fərəc Quliyev: “Surət Hüseynovun fəallaşması, onun ardınca Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələr bir zəncirin həlqələridir” Qeyd edək ki, Ermənistanın məhz Rusiyaya arxalanaraq növbəti təcavüzkarlığı etdiyini təkcə Fərəc Quliyev demir. Cəmiyyətin bir sıra tanınmış simaları, siyasətçilər, politoloqlar, hərbi ekspertlərin də dilindən şimal qonşumuzla bağlı buna bənzər fikirlər daim səslənir. Bəs Rusiya birmənalı şəkildə Ermənistanın yanındadırmı? Tovuz əməliyyatı şimal qonşumuzun işidir? Rusiyanı emosional şəkildə bu cür ağır ittiham etmək ziyanımıza ola bilərmi? YAP-çı deputat Elman Nəsirovun fikrincə, Rusiya mövzusunun cəmiyyətdə müzakirə edilməsi birincisi onu göstərir ki, Azərbaycan cəmiyyəti kifayət qədər demokratik, azad fikirli cəmiyyətdir, hər kəs öz fikrini açıq şəkildə ifadə eləyə bilir: “Yalnız diktatura rejimlərində dövlətin rəsmi mövqeyi nədirsə, cəmiyyətdə ancaq və ancaq həmin mövqe hakimi-mütləq olur. Demokratik cəmiyyətlərdə isə hər bir insan öz fikrini ifadə eləyə bilir və bu zaman həmin fikir dövlətin rəsmi mövqeyi ilə üst-üstə düşməyə bilər. Demokratik cəmiyyətlərdə bu mövqeyinə görə heç kim cəzalandırılmır. İkincisi, bəzilərinin hər bir erməni hücumunda Rusiyanı ittiham etməsi həm də onunla bağlıdır ki, həmin insanlar tarixi yaddaşın təsiri altında danışırlar. Rusiya tarixən erməniləri öz geosiyasi maraqlarından irəli gələrək müdafiə edib. Yəni Rusiya heç də erməni xalqını sevdiyindən bunu etməyib. Ruslarla ermənilərin heç bir etnik qan qohumluğu yoxdur. Zaman-zaman ermənilərin müdafiə olunması Rusiyanın geosiyasi maraqları kontekstində baş verib. Müəyyən insanlar da indi tarixi keçmişi nəzərə alıb Rusiya ilə bağlı o cür sərt tənqidi mövqe ortalığa qoyurlar. Ancaq bu məsələlərə qiymət verərkən ayıq başla, sağlam məntiqlə qiymət vermək lazımdır. Düşünmək lazımdır ki, Ermənistanın son hərbi təxribatında Ermənistanı kənara qoyub birmənalı şəkildə həm xalq, həm dövlət olaraq Rusiyanı hədəf seçsək bu, kimlərin marağına xidmət göstərəcək. Birmənalı şəkildə biz o cür mövqeni irəli sürsək bu, işğalçı Ermənistanın marağına xidmət edəcək. Çünki Ermənistanı kənara qoyub daha çox Rusiyanı hədəf seçməyimiz Rusiya ilə Azərbaycanın münasibətlərinin kəskin pisləşməsinə gətirib çıxara bilər. Belə vəziyyətin isə ziyanını Azərbaycan çəkə bilər, amma ermənilər qazanar”. Elman Nəsirov: “Rusiya ilə münasibətlərimizi populizmə yol verməklə korlamaq ancaq Ermənistanın işinə yarayar” Deputatın sözlərinə görə, Ermənistan Azərbaycanla sərhəddə hərbi təxribata getməklə çalışırdı ki, prosesə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını qoşsun və Azərbaycanla Rusiyanı üz-üzə gətirsin. Ermənistan ən azından Rusiya ilə Belarusun Azərbaycana silah satışının qarşısını almağı hədəfləyirdi. Lakin bu hədəflərinin heç birinə nal ola bilmədi. Biz gərək elə davranaq, elə soyqqanlı diplomatiya aparaq ki, ermənilərin bu hədəflərinə çatmalarına yardımçı olmayaq: “Öz davranışlarımızda populizmə yuvarlanmamalıyıq. Rusiya ilə münasibətlərimizi populizmə yol verməklə korlamaq ancaq Ermənistanın işinə yarayar. Azərbaycan Rusiya ilə münasibətlərini nə qədər isti etsə, bu gün də olmasa, sabah Azərbaycan Ermənistanla münaqişədən uduşlu vəziyyətdə çıxacaq. Azərbaycan dövlətinin və cəmiyyətinin böyük hissəsinin mövqeyi odur ki, bizim Rusiya ilə münasibətlərimizi gərginləşdirə biləcək addımlarımız ölkəmizin strateji maraqlarının ziddinə olar. Ona görə də belə həssas məsələlərdə ehtiyatlı olmaq gərəkdir”. Etibar SEYİDAĞA, “Yeni Müsavat” Geri dön |