Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əlyazmalar institutunun 70 illik yubileyi qeyd olunacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > Əlyazmalar institutunun 70 illik yubileyi qeyd olunacaq

Əlyazmalar institutunun 70 illik yubileyi qeyd olunacaq


AMEA Rəyasət Heyətinin qərarı ilə 2020-ci ilin oktyabrında AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun 70 illik yubileyi qeyd olunacaq.

İnstitutdan bildirilib ki, 1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında yaradılan Əlyazmalar İnstitutu yazılı abidələrin toplanılması, mühafizəsi, tədqiqi və nəşrə hazırlanması sahəsində misilsiz xidmətlər göstərib. Dünyanın ən zəngin kitab xəzinələrindən biri olan Əlyazmalar İnstitutunda tibb, mineralogiya, astronomiya, riyaziyyat, hüquqşünaslıq, tarix, coğrafiya, fəlsəfə, qrammatika, poetika və digər sahələri əhatə edən Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə nadir əlyazma kolleksiyaları mühafizə olunur. IX əsrə aid dəri üzərində yazılmış Quranın “Ən-Nisa” surəsi institutda mühafizə olunan ən qədim əlyazma nümunəsidir. İnstitutda, həmçinin XIX-XX əsrlərdə yaşamış Azərbaycanın görkəmli elm və ədəbiyyat xadimlərinin şəxsi sənədləri, əski çap kitabları, mikrofilmlər, fotosurətlər və sair materiallar saxlanılır. İnstitutun fondunda saxlanılan əlyazma, sənəd, arxiv materialları, əski çap kitabları və mətbuat nümunələrinin ümumi sayı 40 mindən çoxdur.

Əlyazmalar İnstitutunda yüksək səviyyəli əlyazmaşünas alimlər, mütəxəssislər fəaliyyət göstərir. Hər il institutda onlarla kitab, monoqrafiya və elmi məqalə çap olunur. Müəssisənin alim və tədqiqatçıları hər il ölkədə və xaricdə keçirilən nüfuzlu elmi tədbirlərdə iştirak edirlər. İnstitutun fəaliyyəti yerli və xarici mütəxəssislərin daim diqqət mərkəzində olub. Mütəmadi olaraq institutu yerli və xarici qonaqlar ziyarət edir, tələbələr burada elmi təcrübə keçirlər.

Əlyazmalar İnstitutunda dünya standartlarına uyğun şəkildə əlyazma abidələrinin elektronlaşdırılması işi həyata keçirilir. Bundan başqa əlyazmaların elektron kataloqu və elektron kitabxanası yaradılıb.

İnstitut fəaliyyəti boyu nüfuzlu xarici ölkə kitabxanaları və elmi mərkəzləri ilə qarşılıqlı elmi əlaqələr qurub və bu istiqamətdə əməkdaşlıq davam etməkdədir. Əlyazmalar İnstitutu Böyük Britaniyanın Kembric Universiteti nəzdindəki Beynəlxalq İslam Əlyazmaları Assosiasiyasının və ABŞ-da yerləşən Beynəlxalq Əlyazmalar Cəmiyyətinin üzvüdür.

2005 və 2017-ci illərdə institutda mühafizə olunan 4 unikal əlyazma UNESCO-nun Dünyanın Yaddaşı Proqramının reyestrinə daxil edilib. İnstitut tərəfindən hər il mütəmadi olaraq 3 məcmuə (“Filologiya məsələləri”, “Əlyazmalar yanmır”, “Elmi əsərlər”) nəşr edilir.

Əlyazmalar İnstitutunda 12 elmi tədqiqat şöbəsi, 1 elmi tədqiqat laboratoriyası və 5 inzibati şöbə fəaliyyət göstərir.

İnstitutun 70 illik yubileyinin keçirilməsi ilə bağlı imzalanmış qərarın icrasına nəzarət AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyliyə həvalə olunub.

Geri dön