Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakı Dövlət Universitetinin Tələbə Nəzarət Qrupunun üzvləri müşahidələrindən danışdılar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Bakı Dövlət Universitetinin Tələbə Nəzarət Qrupunun üzvləri müşahidələrindən danışdılar

Bakı Dövlət Universitetinin Tələbə Nəzarət Qrupunun üzvləri müşahidələrindən danışdılar


Bakı Dövlət Universitetində (BDU) yaz semestrində imtahanların özəlliyi təkcə şifahi və onlayn formada keçirilməsi ilə deyil, eyni zamanda, nəzarət prosesi ilə yadda qaldı. İmtahanlara nəzarət rektor, prorektorlar, dekanlar, kafedra müdirləri və yeni yaradılan Tələbə Nəzarət Qrupunun üzvləri tərəfindən həyata keçirildi.

BDU-dan bildirilib ki, tələbələri onlayn tədris prosesində fəal iştiraka təşviq etmək, imtahan sessiyasında şəffaflığın təmin olunması, imtahanlara təhsilalanların nəzarətinin həyata keçirilməsi, həmçinin tələbə təkliflərinin müzakirəsi məqsədilə yaradılan Tələbə Nəzarət Qrupuna (TNQ) universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsi, Gənclər Təşkilatı, Elmi Cəmiyyəti və BDU Könüllüləri qrupunun nümayəndələri daxildir. TNQ üzvləri BDU-da imtahan prosesi ilə bağlı təəssüratlarını bölüşüblər. Qrup üzvləri xüsusi qeyd ediblər ki, tələbələrin biliyinin qiymətləndirilməsi prosesində onların iştirakının təmin edilməsi universitet rəhbərliyi tərəfindən göstərilən etimad, diqqət və qayğının nəticəsidir.

Jurnalistika fakültəsinin III kurs tələbəsi Rəşad İmanov: “COVID-19 pandemiyası hər sahəyə olduğu kimi, təhsilə də öz təsirini göstərdi. Deyə bilərəm ki, onlayn imtahan sessiyası bizlərə çox darıxdığımız müəllimlərimizi, tələbə yoldaşlarımızı virtual görmək imkanı yaratdı. İmtahan ab-havasından ruhlanan tələbələr güzəştlərdən səmərəli istifadə edərək olduqca yaxşı nəticələr göstərdilər. Mənim üçün ən maraqlı anlar, şübhəsiz ki, fərqli fakültələrdə təhsil alan dostlarımın, sinif yoldaşlarımın imtahanında iştirak etmək idi. Digər bir məqam isə tələbə yoldaşlarımın imtahana hazırlıq səviyyəsi idi. Heç bir tələbə minimal bal almaq istəmir və bunun üçün əlindən gələni edirdi. İmtahan sessiyası ərzində müəllim-tələbə birliyi özünü göstərdi. Hər sahədə fərqliliyini qoruyan BDU bu sahədə də özünü müsbət mənada göstərdi”.

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin IV kurs tələbəsi Mirməhəmməd Hüseynov: “Universitetimizdə pandemiya dövründə imtahanların yüksək səviyyədə həyata keçirilməsi gözlənilən bir hadisə idi. Lakin bununla kifayətlənməyən BDU rəhbərliyi onlayn mühazirələrə tələbələrin cəlb olunması, imtahan gedişinin hərtərəfli nəzarətdə saxlanılması və tələbələrin hər an müraciət edə bilməsi üçün Tələbə Nəzarət Qrupunun yaradılmasına qərar verdi. Mən də bu komandanın üzvü olaraq düşünürdüm ki, daha çox tələbələrin müraciətləri olacaq, lakin tam əksinə, yalnız təşəkkür və razılıq dolu mesajlar qəbul etdik. Düzdür, bizim üçün də çox maraqlı oldu. Hətta bəzən müəllimlər bizi imtahan verən tələbə hesab edib, bizdən də imtahan götürmək istəyir, bəzən isə texniki problemlərini bizə bildirirdilər. Əlbəttə ki, biz bütün universitetin müəllimlərini tanımırıq, amma bu sessiyada müəllimlərin əksəriyyəti humanizm prinsipini əsas götürərək tələbələri qiymətləndirdilər. Tələbə Nəzarət Qrupunun mənim üçün ən üstün cəhəti təcrübəmin daha da artmasıdır. İctimai fəaliyyətimdə də yeniliklər oldu, nəinki aktiv tələbələrlə, bütün tələbələrlə ünsiyyətdə oldum və yeni düşüncəli insanlarla tanış oldum”.

Hüquq fakültəsinin III kurs tələbəsi Firavan Əlizadə: “Sevindirici haldır ki, Tələbə Nəzarət Qrupunun üzvü oldum. Müşahidələrim zamanı görürdüm ki, tələbələr əvvəlcə onlayn imtahana prosesinə soyuq və narahat yanaşsalar da, imtahan gedişində bu münasibət dəyişirdi. Müəllimlərin qayğıkeş yanaşması, eyni zamanda, hər hansı problemdə fakültə və universitet rəhbərliyinin operativ reaksiya verməsi tələbələr tərəfindən xoş qarşılanır, onlar sərbəst şəkildə suallara cavab verərək yüksək nəticələr qazanırdılar. Mən özüm də imtahan sessiyasını ortalama 100 balla bitirdim”.

Sosial elmlər və psixologiya fakültəsinin III kurs tələbəsi Nərmin Heydərova: “Pandemiya dövrünə qədər BDU-da distant təhsil bazası yox idi, amma aprel ayından əlverişli və rahat onlayn sistem quruldu. Tələbə Nəzarət Qrupunun üzvü olaraq bir çox imtahanda iştirak etdim və fərqli fakültələrin müəllimlərinin imtahanda güzəştlər etdiklərinə şahid oldum. Tələbələr imtahana 50 balla girdikləri üçün 40+ qiymətlər alaraq əlaçı və ya zərbəçi olaraq sessiyanı başa vurdular”.

Kimya fakültəsinin IV kurs tələbəsi Emin Qulusoy: “Pandemiyanın davam etdiyi şəraitdə sessiyanı necə başa vuracağım, imtahanların necə təşkil olunacağı barədə düşünürdüm. Amma universitetimizin bu yöndə verdiyi tələbəyönümlü qərarlar bu sualları bir kənara qoyub imtahanlara adaptasiya olmağımıza kömək etdi. Tələbə Nəzarət Qrupunun üzvü olmaq bizim üçün yeni, fərqli və böyük təcrübə idi. Həmçinin bizdə müşahidə, ədaləti qərar, qiymətləndirmənin optimallığı və s. keyfiyyətlərin inkişafında böyük rol oynadı. Sevindirici haldır ki, tələbələrimiz edilən güzəştlərin mahiyyətini anladı və üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyi bacardı”.

Sosial elmlər və psixologiya fakültəsinin III kurs tələbəsi Cəfər Gözəlov: “Tələbə Nəzarət Qrupunun üzvü olaraq bu semestrdə onlayn imtahanlarda iştirak etdim. Öncədən tələbələrə verilən maksimal giriş balından əlavə imtahan prosesində edilən güzəştlər tələbələrimizə əlverişli şərait yaratdı. TNQ ictimai fəaliyyətimizə əlavə rəng qatdı”.

Fizika fakültəsinin IV kurs tələbəsi Aynurə Salmanlı: “Pandemiya səbəbindən Bakı Dövlət Universiteti onlayn tədrisə keçdi. İntensiv şəkildə seminarlar, mühazirələr təşkil olundu və tələbələrin sualları cavablandırıldı. İmtahanların gedişinə universitet rəhbərliyi, eləcə də TNQ nəzarət etdi, şəffaflıq maksimum dərəcədə qorundu. Yaranan problemə Tələbə Nəzarət Qrupunun üzvləri də aydınlıq gətirdilər. Tələbələr imtahanlara əvvəlki qaydada, yəni ciddi şəkildə hazırlaşmışdılar. Müəllimlər tələbələrin sərbəst olmaları üçün maksimum şərait yaradırdılar. Tələbə Nəzarət Qrupunun üzvü kimi böyük təcrübə əldə etdim. Məsələn, yaranan problemlərə anında müdaxilə, obyektiv yanaşma. Bütün bunlar gələcək fəaliyyətində də mənə kömək edəcək”.

Fizika fakültəsinin IV kurs tələbəsi Sevinc Qənbərova: “Tələbə Nəzarət Qrupunun üzvü olmaq universitetdəki ictimai fəaliyyətimdə çox faydalı təcrübə oldu. Bunun gələcək karyeramda faydasını göstərəcəyinə inanıram. İmtahanlar şəffaf, ədalətli və tələbəyönümlü şəkildə başa çatdı. İlk dəfə virtual və şifahi imtahan verəcəyimiz üçün mən də daxil olmaqla bütün tələbələrdə həyəcan var idi. Amma universitet rəhbərliyinin tələbəyönümlü qərarları ilə bu həyəcan aradan qalxdı. Bakı Dövlət Universitetinin tələbəsi olaraq rektorumuza və müəllimlərimizə bizə bu çətin dövrdə dəstək olub, təhsilimizin geri qalmaması və imtahanları müvəffəqiyyətlə verib, yeni kursa keçməyimizə yaratdıqları şərait üçün təşəkkürümü bildirirəm”.

Geri dön