Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Son Tunc dövrü yaşayış yerinin arxeoloji kəşfiyyatının ilkin nəticələrinə həsr olunmuş kitab nəşr edilib
Son Tunc dövrü yaşayış yerinin arxeoloji kəşfiyyatının ilkin nəticələrinə həsr olunmuş kitab nəşr edilib |
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru Tufan Axundovun “Tabağtəpə (Son Tunc dövrü yaşayış yeri. İlkin məlumat)” monoqrafiyası çapdan çıxıb.
İnstitutdan bildirilib ki, 2006-cı ildə Azərbaycan-Fransa beynəlxalq arxeoloji ekspedisiyasının Kürün orta axarı hövzəsində apardığı tədqiqatlar zamanı əvvəllər bəlli olan və həmçinin ekspedisiya tərəfindən yeni aşkar edilmiş 25 müxtəlif abidə nəzərdən keçirilib. Kəşfiyyat xarakterli arxeoloji araşdırmalar zamanı abidələrdən bəziləri stratiqrafik şurflarla tədqiq olunub, bütün abidələrdən yerüstü material toplanılıb, obyektlərin bir qisminin topoqrafik planları tərtib edilib. Ekspedisiyanın aşkar etdiyi maraqlı abidələrdən biri Tabağtəpə yaşayış yeri olub. Qədim yaşayış məskəni Ağstafa rayonu ərazisindəki Zəlimxan kəndindən şimal-şərqə doğru 2,6 km məsafədə yerləşir. Təpənin yamaclarından, xüsusilə yaxın vaxtların antropogen dağıntıları olan yerlərindən və onu əhatələyən şumlanmış ərazidən böyük miqdarda müxtəlif saxsı fraqmentləri, məişətdə işlədilmiş müxtəlif daş alətlərinin qırıqları, dəvəgözü və çaxmaqdaşından olan alətlərin qəlpələri aşkarlanıb. Əsərində abidənin və ətraf ərazilərdən toplanan materialların təsnifatını verərək T.Axundov belə bir nəticəyə gəlib ki, Tabağtəpə e.ə. II minilliyin sonunda Xocalı-Gədəbəy ənənəsinə mənsub tayfaların möhkəmləndirilmiş yaşayış məskəni olub. Zəngin saxsı materialları və daş əmək alətləri, burada vaxtilə intensiv həyatın cərəyan etdiyini göstərir. Saxsıdan körük müştüyünün tapılması, yaşayış yerində digər təsərrüfat və sənətkarlıq sahələrinin mövcudluğu ilə yanaşı, metallurgiyanın da yer almasını sübut edir. Qeyd edək ki, abidə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun tədqiqat planlarında yer alıb. Həmçinin abidəyə Avropa İttifaqının elmi mərkəzləri də maraq göstəriblər. Lakin COVID-19 pandemiyası ilə əlaqədar abidənin beynəlxalq arxeoloji ekspedisiya tərəfindən tədqiqi qeyri-müəyyən müddətə keçirilib. Geri dön |