Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > MDHP müharibə ilə bağlı BƏYANAT yaydı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > MDHP müharibə ilə bağlı BƏYANAT yaydı

MDHP müharibə ilə bağlı BƏYANAT yaydı


Cəbhədə döyüşlərin şiddətlənməsi ilə bağlı, Milli Dirçəliş Hərəkatı Partiyası bəyanat verərək xalqa müraciət ünvanlayıb.

Bəyanatda deyilir:


“Məlum olduğu kimi, Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.
Təbii ki, bu vəziyyətdə hər bir təşkilatın və vətəndaşın əsas vəzifəsi dövlət ətrafında birləşmək və mərkəzi hakimiyyətin qərarlarına tabe olmaqdı. Biz hakimiyyətin siyasi kursunu ən sərt şəkildə tənqid edən müxalifət partiyalarından biri olsaq da, hazırkı vəziyyətlə bağlı xalqa səslənirik ki, düşmən hücumları və yaratdığı təxribatlar hakimiyyətə qarşı deyil, dövlətimizə və xalqımıza qarşıdır. Ona görə də dövlətimizin-ordumuzun gücünə güc qatmaq xalq olaraq əsas qayəmizdir. Bunun üçün isə mərkəzi hakimiyyətin addımları diqqətlə izlənilməli və maksimum dəstək nümayiş etdirilməlidir. Ona görə də biz Milli Dirçəliş Hərəkatı Partiyası olaraq bütün üzvlərimizi dövlət ətrafında sıx birləşməyə çağırırıq. Bununla bağlı partiya sədri cəbhəboyu rayon təşkilatlarına təlimatlar göndərib və onlara bütün imkanlarını orduya dəstək məqsədi ilə səfərbər etmələri barədə müvafiq tapşırıqlar verib. Eyni zamanda MDHP bəyan edir ki, partiya sədri başda olmaqla, partiyanın bütün üzvləri Ali Baş Komandanın əmrindədir və əsgər kimi ordu sıralarına qatılmağa hazırıq.
Dəfələrlə təkrarlanan təcrübədən isə bilməliyik ki, Ermənistanın Azərbaycana qarşı təcavüzündə maraqlı olan digər dövlətlərin, ölkəmizdəki cəsusları təxribat xarakterli məlumatlar yaymaqda maraqlı olacaqlar. Ona görə də xalqı mərkəzləşmiş məlumat mənbələrindən yararlanmağa və təxribat xarakterli şaiələrə uymamağa çağırırıq. KİV-ni isə, xəbər qaydalarına və xəbər mədəniyyətinə riayət etməyə səsləyirik. Müdafiə Nazirliyinin yaydığı xəbərlərdən başqa, cəbhədən gələn şaiələrin bir hissəsi dedi-qodu, bir hissəsi isə isə düşmən agenturasının yaydığı yanlış informasiyalar ola bilər. Ən azından, döyüş şəraitində birinin qəsdən, yaxud bilməməzlikdən ötürdüyü məlumatı dərc etməklə hərbi sirri yaymış ola bilərsiniz. Nəzərə alınmalıdır ki, bu hadisələr fonunda biz erməni mətbuatını necə izləyiriksə, düşmən də bizim mətbuatı elə diqqətdə saxlayır. Bu səbəbdən də media nümayəndələrimizi mətbuata çıxan hər bir xəbərin hansı fəsadlar yarada biləcəyinin məsuliyyətinin fərqinə varmağa çağırırıq.
Bunlardan əlavə, aktiv müharibə vəziyyətindən “5-ci kolonun” siyasi nümayəndələrinin və ya mənfəətçilərin kiçik siyasi maraqlar naminə yararlanmaqları yolverilməzdir. Xalq olaraq cəbhədəki gərginlikdən siyasi yararlar çıxarmağa çalışanlara qarşı olmalıyıq və bu cür halları təxribat kimi qiymətləndirməyi bacarmalıyıq.
Bütün sınaqlarında olduğu kimi, bu gün də bir dövlət və xalq kimi, birliyimiz müşahidə olunur ki, biz bu birliyi qorumağı bacarmalıyıq və təxribatlara uymamalıyıq.
Reallıq budur ki, bu gün cəbhədə gedən döyüşlər Azərbaycan ordusunun nəzarətindədir. Ordumuz düşmənin hücum təxribatına layiqli cavab verərək, əks hücuma keçib. Ordumuzun düşmənə ağır zərbələr vurduğunu qarşı tərəf gizlətməyə çalışsa da artıq erməni mətbuatına bu bərədə xeyli xəbərlər sızmışdır.
Təbii ki, kimdən hansı dəstəyi almasından asılı olmayaraq, çökmüş Ermənistanın qandan qorxan erməni əskəri, anadan əsgər doğulan xalqın qüdrətli ordusunun qarşısında məğlub olmağa və qaçmağa məhkumdur! Biz MDHP olaraq ən qısa zamanda xalqımızı BÖYÜK QƏLƏBƏ GÜNÜ münasibəti ilə təbrik edəcəyimizə əminik!

Milli Dirçəliş Hərəkatı Partiyası
27.09.2020



Geri dön