Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dünyadakı soydaşlarımız ayaqda - Orta Asiya türkləri də ayılsalar, nə baş verər?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Dünyadakı soydaşlarımız ayaqda - Orta Asiya türkləri də ayılsalar, nə baş verər?

Dünyadakı soydaşlarımız ayaqda - Orta Asiya türkləri də ayılsalar, nə baş verər?


Sentyabrın 27-də düşmənin təxribatından sonra ordumuzun işğal altındakı ərazilərimizi azad etmək üçün apardığı hərbi əməliyyatlara dünyanın ən müxtəlif yerlərində yaşayan soydaşlarımızın dəstəyi gəlməkdə davam edir. Burada Cənubi Azərbaycan daha fəal görünür.

Artıq bir neçə gündür ki, Güneydəkli soydaşlarımız Cənubi Azərbaycanın ən müxtəlif şəhərlərində aksiyalar keçirirlər. Hətta aksiya iştirakçılarından İran rejimi tərəfindən həbs edilənlər də var, lakin bu soydaşlarımızın gözünü qorxutmur. Eyni dəstəyi qardaş Türkiyədə yaşayan vətənpərvərlərimiz də göstərir.

Bu aksiyalar Azərbaycanın Türkiyə və İrandakı soydaşlarımızın bu dəstəyindən necə yararlandığı barədə məsələni gündəm edib. Bu iki amil heç şübhəsiz ki, gücümüzə xeyli güc qatır, dünya ictimaiyyətinin, beynəlxalq birliyin gözündə necə böyük və səmimi dəstəyimizin olduğunu göstərir.

Bütün bunlarla yanaşı bir təəssüfedici amil də var. Bu da Mərkəzi Asiyanın türk dövlətləri ilə bağlıdır. Həmin ölkələrin xalqları barədə də eyni fikri söyləmək olar. O coğrafiyadan gələn dəstək Azərbaycan tərəfi nəinki qane etmir, hətta bəzi anlarda narazılığına səbəb olur. Əgər o türk dövlətləri və xalqları da bizə tam dəstək versələr, bu böyük bir coğrafiyanı əhatə edər.

Fərəc Quliyev: “Birlikdə dayansaq, yer yerindən oynayar”

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq deputat Fərəc Quliyev çox gileyli danışdı:

“Qırğızıstan bir az səhvini düzəltdi. Macarıstanla birlikdə mövqe nümayiş etdirdi. Bu müəyyən qədər sevindirici haldır. Amma bütövlükdə Orta Asiyanın nə Qazaxıstanı, nə Qırğızıstanı, nə də Türkmənistanı gözlədiyimiz təpkini vermədilər. Bu çox yanlışdır. Hesab edirəm ki, bu məsələlərə yenidən baxmaları lazımdır. Səhvin içərisindədirlər. Güney Azərbaycana gəlincə, baxıram ki, mətbuatda yazılır ki, Güney Azərbaycan da Azərbaycanın yanındadır. Bu çox yanlış təqdimatdır. Güney Azərbaycan Azərbaycanın yanında deyil, çünki Azərbaycanın elə özüdür. Sadəcə olaraq bölünüb, bir kənarda qalıb. Azadlıq hərəkatının bir qanadı Quzeydə nəticə əldə edib, lakin Güneydə bu hərəkat hələ də davam edir. O da Güney Azərbaycan hərəkatı deyil. Bütöv Azərbaycan hərəkatının cənubunda baş verənlərdir. Bu gün Güneydən bizə verilən dəstək o insanların borcudur. Bizim haqqımızdır ki, onlardan səslərini qaldırmağı istəyək. Hesab edirəm ki, doğrudan da münasibətlər yetərincə deyil. İndiyə qədər Ermənistana verilən yardımların qarşısının kəsilməməsi, silah-sursatın daşınması və.s. Təsəvvür edin ki, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Cənubi Azərbaycan bu məsələlərdə vahid davransaydı, Gürcüstan tərəfi öz hava sərhədini, məkanını Rusiyaya verməmişdi, 900 ton silah-sursat Ermənistana verilməyəcəkdi. Amma çox yanlış davrandılar. Hesab edirəm ki, bu yanlışı düzəltməyə zaman var. Güney Azərbaycanda ayaqlanma müşahidə olunur. Biz bütün xətlərimizdən istifadə edərək, Qazaxıstana da, Türkmənistana da təsir etməyə çalışmalıyıq. Burada siyasi partiyalar, QHT-lər də fəal olmalıdır. Avropa ölkələrində diasporamız yüksək səviyyədə çalışmalıdır. İndi ön cəbhədəki savaşa ciddi dəstək verməyin zamanıdır. Ona görə də, həm diasporamız, həm də adını çəkdiyimiz dövlətlər ayaqlanmalıdır. Çünki bu problemlər olaraq tək Quzey Azərbaycanın problemi deyil. Artıq zəncirin elə bir həlqəsidir ki, buradakı məğlubiyyət zaman-zaman domino effekti ilə hamıya təsir edə bilər. Türk dünyasına basqının qarşısında hələ ki, Türkiyə və Azərbaycan dayanıb. Hesab edirəm ki, birlikdə dayansaq, yer yerindən oynayar, dünya qarşımızda dayana bilməz. Sizin də imkanlar istifadə edib çağırış edirəm ki, bu məsələdə hamı bir yerdə olsun”.

Cavanşir ABBASLI/Yeni Müsavat”

Geri dön