Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Qatil tapılmasa, Prezident Sarayının qabağında özümə od vurub yandıracam
Qatil tapılmasa, Prezident Sarayının qabağında özümə od vurub yandıracam |
2011-ci ilin noyabr ayında öldürülmüş yazıçı Rafiq Tağının həyat yoldaşı Mailə Tağıyeva “Azadlıq” radiosuna açıqlama verib. O deyib: “Rafiqdən sonra dolanışığımız çətinləşib. Allah qayınlarımdan razı olsun, kömək edirlər, anamın pensiyasını alıram, birtəhər yaşayırıq. Onlara da qıymıram, ailələri var, çətindir. Bir də Rafiqin dostları sağ olsunlar, bizə əl tuturlar. Qızım Qəmər bu il 11-ci sinifdə oxuyur, hazırlıqlara gedir. Müəllimlərin pulunu Vaqif Bayatlının yoldaşı Tamam xanım verir. Üst-üstə 300 manatdan çox eləyir. Sara Nəzirova ilə tez-tez gəlirlər, söhbət edirik, dərdləşirik, bir az ovunuram.
Rafiq rəhmətə gedəndə oğlum Asiman Qərb Universitetinin 4-cü kursunda oxuyurdu. Axırıncı ilin təhsil haqqını “Turan” agentliyi verdi. Bir də Əjdər Olun adını çəkməyi özümə borc bilirəm. Rafiqin sağlığında da, indi də bizim ailəyə çox köməkliyi dəyib. Əjdər müəllim Rafiqdən sonra heç bir bayramda bizim ailəni yaddan çıxarmır. Özü gəlir, bazarlıq edib göndərir. Allah haqqı, umu-küsü eləmirəm, köməkliyə görə də demirəm, Rafiq rəhmətə gedəndən sonra bəzi yaxın dostları bizi heç itirib-axtarmadılar. Rafiqin anası oğlunun ölməyini hələ də bilmir. Deyirlər, xaricə kitabını çıxartdırmağa gedib. Evdə Azərbaycan kanallarını da ayırıblar ki, xəbər tutmasın. Məni də arvadla danışmağa qoymurlar. Səsini eşitsəm, dözə bilməyib ağlayacam, biləcək. Bu yaxınlarda deyirmiş ki, Rafiq Bakıda olanda Mailə tez-tez zəng edirdi, xaricə getdi, bir dəfə məni axtarmayıb. O gün baldızım gəlmişdi, deyir anamın yuxusuna ancaq ölülər gəlir, bir dəfə deyib Rafiq də onların içindəydi, çağırdım, mənə cavab vermədi, qurban demişəm, gəlsin kəsərik. Rafiq uzun müddət Moskvada yaşamışdı. Orda vaxtilə xəstəsi olan bir rus qadını ilə ailə qurmuşdu, Leyla adlı bir qızı da vardı. Sonra həmin qadınla yaşaya bilmədi, ayrıldı. 1989-cu ildə kəndə qardaşının toyuna gələndə anası deyib ki, səni evləndirməmiş heç yerə buraxmayacam. Mənə qədər üç qız göstəriblər, istəməyib. Bacısı da zarafatla deyib, özün adama oxşamırsan, heç kimi bəyənmirsən. Rafiqgillə bizim evimizi çay ayırırdı, məndən böyük olduğuna, Rusiyada yaşadığına görə üzünü görməmişdim. Bizi tanış etdilər, evləndik. Toyumuz olmadı, qohum-qonşu yığışıb balaca məclis düzəltdik, sonra Rafiqlə bir yerdə Moskvaya yollandıq. Orda çox darıxırdım, işdən tez çıxanda kinoya, teatra aparardı məni. Rusların arasında yaşaya bilmirdim, əvvəlki yoldaşının ruhi xəstəliyi vardı, bizi narahat edirdi. 1990-cı ildə Rusiyadakı evimizi satıb Bakıya köçdük. Qızının 18 yaşına qədər alimentini göndərirdi, deyirdim uşağındır, çətinliyi olmasın. Hətta istəyirdim gəlsin Bakıya, bizimlə qalsın. Bakıya köçəndə evini satıb qızı üçün yaxşı bir ev aldı, yerləşdirdi. Həmişə deyirdi sənə minnətdaram, məni Bakıya gətirtməsəydin, Allah bilir orda başımıza nə iş gələcəkdi. Deyərdi mənə heç kim dözməzdi, sən səbir elədin: kasıblığıma da, çətinliyimizə də. Rəhmətə getdiyi günə qədər dolanışığımız çətin olub. Maaşı az idi, xəstələrə pulsuz baxırdı, yazı yazanda qonorarı ilə maraqlanmırdı. Kitabları çıxanda hamısını dost-tanışına payladı. Yazılarına görə Rafiqin taleyi üçün çox narahat olurdum. Tək mən yox, uşaqlar da, qohumlar da narahatlıq keçirirdilər. Əbülfəz Elçibəydən yazanda problem yaranmışdı, sonra Heydər Əliyevdən yazdı. Həbsdən çıxandan sonra çox dedim, Rafiq, problemli yazılar yazma, səni qaralayıblar. Həmişə də söz verərdi ki, daha yazmayacam, rahat olun. Bıçaqlanan günü tər-təmiz geyinib işə getdi. Qəməri “Araz” kursuna aparmışdım, pulqabım onun çantasına düşüb qalmışdı deyə evə qayıda bilmədim, oturub gözlədim. Axşam zəng gəldi, Qəmər telefona cavab verdi. Mənə dedi ki, ata dərsdən tez gəlməyimə sevinib, bizim evdə olmağımıza inanmadı. Həmişə gələndə Qəmərə deyərdi ki, qızım, kompüteri yandır, anaya de, süfrəni hazırlasın. Qəmər təəccübləndi ki, bu dəfə heç nə demədi, tapşırmadı. On beş dəqiqə sonra qapı döyüldü, sakitcə girdi evə. Bir adəti vardı, evə girən kimi Qəməri qucaqlayıb öpür, bir-birinə sarılırdılar. Bu dəfə nə məni xəbər aldı, nə qızı öpdü. Lal-dinməz keçdi evə, soruşanda nə olub, Qəmərə görə demədi. Mətbəxə keçdi, güzgünü götürüb paltosunu açanda gördüm qan içindədir. Həkimlər deyirdi ki, guya ürəyi zəif olub. Yalandır. Rafiq ömrü-boyu heç vaxt səhhətindən şikayətçi olmayıb. Həmişə demişəm, deyəcəm də: mənim yoldaşımı həkimlər öldürüb. Qatili də həmin gün xəstəxanada olub. Həkimlər xəstəxananı karvansaraya döndərmişdilər, kim gəldi yanına buraxırdılar. Sonradan dedilər, guya vəziyyəti ağır idi. Yaxşı, vəziyyəti ağır idisə, niyə palataya köçürürdülər? Neçə dəfə demişəm, həkimi, ölümündən 15 dəqiqə əvvəl yoldaşıma iynə vuran tibb bacısını gətirin, mənim onlara sözüm var, suallarıma cavab versinlər. Qayınım İlqar həkimindən soruşmuşdu ki, xəstəyə nəyə görə süni nəfəs verməmişdiniz? Cavab verə bilməmişdi. Prezidentə müraciət edəndən sonra daxili işlər nazirinin müavini bizi qəbul etdi. Hamısı bir ağızdan deyir qatil iz buraxmayıb. Necə olur gündə bir qatil tuturlar, mənim yoldaşımı öldürən adam isə hələ də azadlıqda gəzir? Müstəntiq maraqlanmır, deyirlər işi bağlamaq istəyirlər. Qatil tapılmasa, Allaha and olsun, uşaqlarımı da götürüb, Prezident Sarayının qabağında üstümə benzin töküb, özümə od vurub yandıracam. Mənim dövlətim kömək eləməsə, xarici ölkələrdən yardım istəyəcəm. Mehriban Əliyeva milyon uşağa kömək edib, bir dəfə maraqlanmayıb ki, Rafiq Tağının balaları necə yaşayır, necə oxuyurlar. Asiman Yasamaldakı “Bizim market”də işləyirdi, indi əsgərlikdədir. Yeri yaxşıdır, amma bizim üçün narahatdır ki, necə yaşayırıq. Asiman marketdən həmişə yaxşı şeylər gətirərdi yeməyə. Atasının xoşuna gəlirdi, deyərdi, Asiman yekə oğlandır, mən pensiyaya çıxacam, bizi o dolandırar. Uşaqları həmişə başına yığıb deyərdi ki, bizim ailədən xoşbəxt ailə harda var? Oğlum, qızım, yoldaşım yanımdadır, bir-birimizi başa düşürük, çox istəyirik. Düzünü deyim ki, onu heç kimə qısqanmazdım. Başa düşürdüm ki, yazıçıdır, gec də gələ bilər, kimsə ona zəng də edə bilər. Amma o məni hədsiz qısqanırdı, çox yerə buraxmazdı. Xəstələri onun yazıçı olduğunu bilmirdilər, gözütox, vicdanlı həkim kimi tanıyırdılar. O qədər rahat, könlü toxtaq adam idi, deyərdi narahat olmaq üçün varım yox, dövlətim yox, başımı atıb rahat yatıram, səhərə çıxıram. Qəmər gələn il instituta imtahan verəcək. İnan, uşağın bir dəqiqə dincliyi yoxdur, bir müəllimin yanından çıxıb o birinə gedir. İşləri yaxşı gedəndə o qədər sevinir ki... O gün deyir, ana, dərslərim yaxşıdır, elə bil atamın ruhu mənə kömək olur, həmişə yanımdadır, qoymur əziyyət çəkim”. Cavid ZEYNALLI “AzadliqRadiosu.az” Geri dön |