Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə, Güney Azərbaycan-Təbriz > Babək Əsənli: «İran milli fəalların sivil mübarizəsinə həbslər və ağır basqılarla cavab verir»
Babək Əsənli: «İran milli fəalların sivil mübarizəsinə həbslər və ağır basqılarla cavab verir» |
«Güney Azərbaycanda erməni işğalının ağır nəticələrinin şahidi olurduq»
«Milli hərəkata qoşulduğu üçün təhsili yarımçıq qalan soydaşlarımız az deyil» Budəfəki müsahibimiz əslən Muğandan (fars şovinistləri Parsabad olaraq dəyişdirib) olan, hazırda isə Türkiyədə siyasi mühacir həyatı yaşayan Babək Əsənlidir. Erkən yaşlarından milli azadlıq hərəkatına qoşulan soydaşımız Güneydə 35 milyondan çox Azərbaycan türkünün milli və vətəndaş hüquqlarından məhrum yaşadığını bildirdi. - Özünüzlə bağlı məlumat verərdiniz? - 1985-ci ildə Muğanda doğulmuşam. Elə orada da orta təhsilimi almışam. Məktəbi bitirəndən sonra Təbriz Universitetinə daxil oldum. - Milli hərəkatla tanışlığınız necə başladı? - Milli hisslər elə uşaqlıqdan vardı. Muğan Azərbaycan Respublikası ilə sərhəd bölgəsində yerləşir. Bu baxımdan Azərbaycan telekanallarını izləyə bilirdik. Bizim ailədə İran televiziyalarına baxılmırdı. Məktəbə gedənə qədər ailəmizdə, bayırda ancaq ana dilində danışırdıq. Sanki elə Azərbaycan Respublikasının bir parçası idik. Elə ki, orta məktəbə getdik, İran reallığıyla qarşılaşdıq. O zaman gördük ki, biz yad bir dövlətdə yaşayırıq, yad dildə təhsil almalıyıq. Fars dilini də məktəbdə öyrətdilər. Yad dil olduğunu bilir, belə bir məcburiyyəti sevmirdik. Ona görə də tez-tez dərslərdən qaçardıq. Böyüdükcə insan məsələləri daha dərindən anlayır. Uşaqlıqda sadəcə yad dildə təhsil almaq məcburiyyətimizin olduğunu bilirdik. Böyüdükcə bu məcburiyyətin mahiyyətini və ondan doğan haqsızlığı öyrəndik. Tədricən Babək qalasına təşkil edilən yürüşlərə qoşuldum, milli düşüncəylə yaxından tanış olmağa başladım. Lakin daha aktiv fəaliyyətim tələbələlik illərinə təsadüf edir. Təbriz Universitetinə daxil olandan sonra milli hərəkata bir az daha yaxınlaşdım. - Milli hərəkata qoşulmağınızı ailəniz necə qarşıladı? - Güney Azərbaycanda belə bir fəaliyyətə ailələrin münasibəti fərqli olur. Bəziləri razılaşır, bəziləri isə yox. Mənim ailəm isə tam dəstəkləmədi. Çünki rejimə qarşı çıxanların aqibəti məlum idi. Milli fəalların hansı təzyiqlərə məruz qaldığını hər kəs bilir. Biz İran kimi totalitar rejimdə deyil, demokratik dövlətdə yaşasaydıq, bu qədər ağır basqılar olmazdı. Dövlətdən ən təbii haqlarımızı tələb edir, sivil yollarla mübarizə aparırıq. Lakin rejim buna qarşı həbslər və təzyiqlərə cavab verir. Bu baxımdan hüquqların, azadlıqların təmin olunduğu ölkədə yaşasaydıq, ailəmin də mübarizəmi tam dəstəkləyəcəyini düşünürəm. Amma seçim mənim idi və mən milli mübarizəni seçdim. - Bəs universitetdə nə kimi fəaliyyətiniz vardı? - Ali təhsil müəssisəsində milli ruhda və düşüncədə olan başqa tələbələr də vardı. Onlarla birgə dərnəklər təşkil edirdik. Dərnəklərdə milli məsələlərə aid tədbirlərimiz olurdu. Məsələn, 21 fevral Ümumdünya Ana Dili Gününü qeyd edir, Azərbaycana aid şeir gecələri keçirirdik. Lakin fəaliyyətimiz bununla məhdudlaşmırdı. Milli hərəkatın təşkil etdiyi və keçirdiyi aksiyalarda da iştirak edirdik. 2006-cı ilin mayında keçirilən kütləvi aksiyalara da qoşulduq. - Aksiyalara qoşulmağınız universitet müəllimləriniz və digər tələbə yoldaşlarınız tərəfindən necə qarşılanırdı? - Onlardan heç bir mənfi münasibət görmədim. Hətta milli hərəkata qatılmayan tələbələr də bizə qarşı deyildilər. Məsələn, biz bir dərgi çap edirdik. Həmin dərgiyə maliyyə vəsaiti lazım olanda elə müəllimlərdən alırdıq. Etiraz etmədən bizə dəstək olurdular. - O zaman aksiyalara qatılmağınıza görə universitetdə sizə kim təzyiq göstərirdi? - İranda müstəqil fəaliyyət göstərən heç bir dövlət qurumu yoxdur. Hər bir sahəyə, xüsusilə də universitetlərə ciddi nəzarət var. Ali təhsil müəssisələri də «Ettelaat»ın əmr və göstərişlərinə tabedir. Odur ki, dövlət əleyhinə olan aksiyalarda iştirak edən tələbələrə «Ettelaat»ın əliylə universitet rəhbərliyi tərəfindən təzyiqlər olur. Bu səbəbdən universitetdən qovulan, təhsili yarımçıq qalan tələbələr də olur. - Siz təhsilinizi bitirə bildiniz? - Bəli, universiteti başa vurdum. Lakin diplomumu ala bilmədim. - Milli fəalların təşkil etdiyi aksiyalara sadə vətəndaşlar da qoşulurdu? - Belə hallar çox olurdu. Məsələn, piket keçirilən zaman kənardan aksiyanı görüb qoşulurlar. Hətta dükanını bağlayaraq gəlib bizə qatılan soydaşlarımız da olurdu. - Onları aksiyaya nə cəlb edirdi? - Piketdə səsləndirdiyimiz şüarlar. Çünki aksiyanın keçirilməsinin məqsədi şüarlarda da öz əksini tapırdı. Biz milli və siyasi məzmunlu şüarlar səsləndirir, haqqımızı tələb edirdik. Ən çox şüarlarda tələb edilən hüquqlarımızdan biri ana dilində təhsil haqqı idi. Bu tələbi eşidən soydaşlarımız anlayırdı ki, haqlı istəkdir və bizi dəstəkləyirdi. Hətta piketə qoşulan qadınlar da olurdu. Lakin onu da qeyd etməliyəm ki, aksiyaya qoşulmayan, yalnız kənardan piketi izləyən soydaşlarımız da olurdu. - Güney Azərbaycanda yaşadığınız müddətdə Qarabağ müharibəsilə bağlı hansı məlumatlarınız vardı? - Qarabağ müharibəsilə bağlı məlumatımız vardı. Əslində bu savaşın ağır nəticələrinin canlı şahidi olurduq. Erməni təcavüzü nəticəsində öz obasından qaçqın və didərgin düşən soydaşlarımız Bakıya Muğandan keçib gedirdilər. Onları gördükcə erməni işğalını və Qarabağ ağrısını daha yaxından hiss edirdik. Çünki qaçqınların bizim bacı-qardaşlarımız olduğunu bilirdik. Elə uşaqlıqdan bu hisslərlə böyüdük. Amma böyüyəndə gördük ki, sözdə dini təəssübkeşlikdən dəm vuran İran müsəlman torpaqlarını işğal edən Ermənistana yardım edir. Bu rejimin dini mülahizələrilə yürütdüyü siyasət bir-birinə ziddir. Əslində bu gerçəklik İranda bir çoxlarının rejimə olan etimadına kölgə salır. - Güney Azərbaycanın gələcəyini necə görürsünüz? - Mən tarixi və coğrafi bütövlüyün tərəfdarıyam. Güney Azərbaycan istiqlaliyyətini qazanmalı, sonra da Quzeyi ilə birləşərək Bütöv Azərbaycana çevrilməlidir və o gün yaxındadır. Bu baxımdan bütövçülük ideyasını qəbul edir və bu amala inanıram. Turqut Geri dön |