Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Rusiya Sadvalı xortladır?
Rusiya Sadvalı xortladır? |
Şair Həsənov: «Rusiyanın nəzarətində olan belə təşkilatlar heç vaxt «yatmır»lar»
Dünən yerli mediada belə bir məlumat yayıldı ki, Rusiyanın Azərbaycana qarşı təzyiq göstərmək və ölkəmizlə bağlı hansısa planlarını reallaşdırmaq üçün daha bir məkrli planı üzə çıxıb. Məlumatda bildirilir ki, Moskvada bu ilin sentyabrında bir qrup nüfuzlu azərbaycanlı oliqarxın bir araya gəlməsinin ardınca 90-cı illərin əvvəllərində Azərbaycan ərazisində terror hücumlarına imza atmış separatçı «Sadval» hərəkatı da «xortlayıb». Maraqlıdır ki, «Sadval»ın təsis konfransı sentyabrda olsa da hərəkatın yenidən fəaliyyətə başladığı haqda xəbərlər bugünlərdə yayılıb. Şimali Qafqazdan idarə olunan «Kavkazskaya politika» saytı «Sadval» hərəkatının bərpası ilə bağlı geniş material dərc edib. Saytın məqaləsində deyilir: «Sentyabrın sonlarında Dağıstanda post-sovet məkanında ən faciəvi ictimai layihələrdən biri bərpa edilib. Söhbət separatçı Ləzgi Milli Hərəkatı «Sadval»dan gedir». Sirr deyil ki, regionda mövqelərini kifayət qədər gücləndirən, müstəqil xarici siyasət yeridərək maraqlarını heç kimə güzəştə getmək niyyətində olmayan Azərbaycana qarşı bəzi bədxah beynəlxalq qüvvələr tərəfindən istifadə olunan kartlardan biri də separtçılıqla bağlıdır. Elə 20 ildən çoxdur ki, Azərbaycan ərazilərinin bir hissəsinin işğal altında qalmasının kökündə bu amilin də dayanması heç kimə sirr deyil. Bu sırada «Sadval» da var. Xatırladaq ki, Azərbaycanda terrorçu təşkilat kimi tanınan «Sadval» 1990-cu illərin əvvəllərində bir sıra terror aktları həyata keçirib. «Sadval»çıların Ermənistan xüsusi xidmətləri ilə əlaqəyə girərək 1994-cü ildə Bakı metrosunu partlatdıqları istintaq materialları ilə sübuta yetirilib. Bundan sonra «Sadval»çıların həbsi və Moskvanın bu terror təşkilatına dəstəyini azaltması nəticəsində təşkilat zəifləyib. «Sadval» separatçıları Azərbaycanı hədəfə alsalar da, əslində ləzgilərin Rusiyanın özündə sıxışdırıldıqları heç kimə sirr deyil. Amma «Sadval»ın hədəf kimi məhz bütün digər etnik qruplar kimi ləzgilərə də tolerant münasibətin sərgiləndiyi Azərbaycanı hədəf seçməsi onun Moskvadan siyasi məqsədlər naminə istifadə olunduğunu açıq-aşkar sübut edir. Hələ 2008-ci ildə Rusiyanın Gürcüstana hücumundan sonra azərbaycanlı hüquq müdafiəçisi Eldar Zeynalov da xəbərdarlıq eləmişdi ki, Rusiya istədiyi vaxt Azərbaycandakı etnik rəngarənglikdən istifadə edə bilər. «Jamestown»a danışan erməni eksperti İgor Muradyan isə deyib ki, 2009-cu ildən Rusiya xüsusi xidmətləri «Sadval» təşkilatının zəifləyən liderlərini daha nüfuzlu və aqressiv siyasətçilərlə dəyişməyə başlayıblar. Muradyan iddia edir ki, əgər Bakı Qarabağda müharibəyə başlasa, «Sadval» yaraqlıları Azərbaycandakı hərbi obyektləri hədəfə alacaqlar. Onu da bildirək ki, Moskva Şimali Qafqazdakı radikal dini qruplaşmalardan da öz maraqları naminə yararlanır. Moskvanın etnik və dini zəmində münaqişələri qızışdırmaq praktikası artıq bütün dünyaya çoxdan məlumdur və təəssüf ki, Şimali Qafqazda Kremlin sifarişlərini yerinə yetirən qüvvələr mövcuddur. Bu ilin iyun ayında Rusiya prezidenti yanında etnik məsələlər Şurasına iki ləzgi — Arif Kərimov və Qajimet Safaraliyev də təyin edilib. Maraqlıdır ki, sayca ləzgilərdən çox digər Şimali Qafqaz xalqlarından heç bir nümayəndə 50 nəfərlik şuraya düşməyib. Üstəlik 6.5 milyard dollar sərvətiylə Rusiyanın 19-cu varlı şəxsi olan ləzgi iş adamı Suleyman Kərimov da bu lobbini dəstəkləyir. Hələ 2000-ci ilin əvvəlindən etibarən Azərbaycanın şimal rayonlarında separatçılıq hərəkatına başlamaq məqsədi güdən bir qrup fəallaşmışdı ki, onalara da «sadval»çılar dayaq durmuşdular. 2001-ci ilin iyun ayından Dövlət Yol Polisinin postlarına, rayon polis şöbəsinə və hərbi hissəyə bir neçə basqınlar, Şeyx Şamilin abidəsinin partladılması kimi cinayətlərin törədilməsi Zaqatala və Balakən rayonlarında vəziyyəti kəskinləşdirmişdi. Artıq bin neçə öncə Azərbaycana qarşı fəaliyyət göstərmiş terrorçu təşkilatlar sırasında yer alan «Sadval» qruplaşmasının fəaliyyətinin yenidən bərpa olunmasına dair şimal qonşumuzun media orqanlarında yeni məlumatlar səslənməkdədir. Məsələn, Rusiyanın «Reqnum» agentliyi bildirir ki, Dağıstanda ləzgi ictimai təşkilatlarının nümayəndələri bununla əlaqədar müzakirələr aparıb və ötən əsrin 90-cı illərində fəaliyyət göstərmiş «Sadval»ın yenidən dirçəldilməsinə dair qərar qəbul edib. «Ləzgilər» təşkilatının rəhbəri Mirzəbəy Alimov bildirib ki, əslində formal cəhətdən «Sadval» hər zaman varlığını davam etdirib. «Hacı Davud» regional ictimai birliyinin sədri Nadir Əhmədov isə «Sadval»ın bərpasının aktuallıq kəsb etmədiyini deyir. O xatırladır ki, 90-cı illərdə bu hərəkat özünü doğrultmadı: «Öz adını nüfuzdan saldı, əhali arasında «Sadval» mənfi qəbul olunur. Hesab edirəm ki, Dağıstan hakimiyyəti də bundan sevinmir. Dağıstanda da «Sadval» adı xoş qarşılanmır. Bu hərəkatda əsasən təxribatçılar cəmləşib». Nadir Əhmədov şübhə etmir ki, «Sadval»ın bərpası kiminsə sifarişidir: «Lakin məsələ bundadır ki, kimin sifarişidir? Beynəlxalq siyahılarda onu terrorçu təşkilat hesab edirlər. Bilmirəm ki, Rusiya hakimiyyəti buna necə reaksiya verəcək, təbii ki, sifarişi o verməyibsə?» Nadir Əhmədova görə «Sadval» ona görə bərpa edilib ki, yenidən «ləzgi kartı» işə salınsın. Politoloq Şair Həsənovun fikrincə bu terror təşkilatınin Rusiya tərəfindən yaradılması faktdır: «Moskva regionda nüfuzunu qorumaqla yanaşı qonşularını daim təhlükə altında saxlamaqda da maraqlıdır. Gürcüstana qarşı Kreml separatçı abxazlardan və osetinlərdən istifadə edir. Azərbaycana qarşı isə ermənilərdən yararlanır. Rusiyanın istəyi azlıqların hüquqlarını qorumaq yox, Azərbaycanı zəiflədib özündən asılı vəziyyətə salmaqdır. Rusiya kəşfiyyatının maliyyəsi hesabına fəaliyyət göstərən «Reqnum», «Voskonapat.info», «Antituran», «Nostoyaşie vremya», «Hovoe delo» və digər sayt və qəzetlər antiazərbaycan təbliğatı ilə məşğul olurlar. Bu da o deməkdir ki, Rusiyanın nəzarətində olan belə təşkilatlar heç vaxt «yatmır»lar». Geri dön |