Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran kimi totalitar rejimin ömrü çox çəkməyəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə, Güney Azərbaycan-Təbriz > İran kimi totalitar rejimin ömrü çox çəkməyəcək

İran kimi totalitar rejimin ömrü çox çəkməyəcək


Həsən Əsədi: «22 may hadisələrindən sonra milli fəalların həbsi kütləviləşdi»

«Bəzz qalasına yürüşlərdə Ermənistanın bayraqlarını yandırırdıq»

«Güney Azərbaycanda Xocalı faciəsinə etiraz etdiyimiz üçün bizi həbs etdilər»

Müsahibimiz, əslən Xoy şəhərindən olan, hazırda isə ABŞ-da siyasi mühacir həyatı yaşayan Həsən Əsədidir. Dəfələrlə həbs edilən soydaşımız çox gənc yaşlarından milli azadlıq hərəkatına qoşulub. Həmsöhbətimizlə və onun milli azadlıq hərəkatındakı fəaliyyətilə daha yaxından tanış olaq.
- Özünüz haqqında məlumat verərdiniz.
- 1978-ci ildə Xoy şəhərində doğulmuşam. Lakin ailəm Təbrizə köçdüyü üçün orada böyüdüm. Demək olar ki, 15 il Təbrizdə yaşadım. Elə milli azadlıq hərəkatı ilə tanışlığım da oradan başladı.
- Hərəkatla bağlı ilk məlumatları necə əldə etdiniz?
- Mənim milli fəal olan qohumum vardı. O hər dəfə bizə gələndə milli məsələlərlə bağlı söhbətlər edərdi. O zaman 12-13 yaşım vardı, amma belə söhbətləri maraqla dinləyirdim. Milli düşüncəylə tanışlığım belə oldu. Böyüdükcə hərəkatla bağlı məlumatlarım da artırdı. 18 yaşım olanda hazırda Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri Mahmud Çöhrəqanlı İranda keçirilən parlament seçkilərində namizədliyini irəli sürmüşdü. O, Güney Azərbaycanla bağlı fikirlər irəli sürür və iki oğlunu da vətəninə qurban edər — deyirdi. Mən də onun təbliğat-təşviqat kampaniyasını həyata keçirir, plakatlarını divarlara yapışdırırdım. Lakin İranda olan ənənəvi seçki saxtakarlığı ilə Mahmudəli Çöhrəqanlı seçilmədi. Bununla da milli hərəkatda etirazlar çoxaldı. Mahmudəli Çöhrəqanlı həbs edildi. Lakin onun həbsilə hərəkatda nisbətən durğunluq yarandı. Sonra Bəzz qalasına yürüşlər başladı.
- Bəzz qalasına yürüşlər milli hərəkata necə təsir göstərdi?
- Bu yürüşlərlə milli hərəkat yenidən canlandı. Artıq yürüş ənənəyə çevrilən kütləvi və simvolik məna kəsb edən bir mərasim idi. Mən də həmin yürüşlərə qoşulurdum. Yürüşlər ildə bir dəfə keçirilir və Güney Azərbaycanın bütün şəhərlərindən milli fəallar qatılırdı. Orada biz «Yaşasın Azərbaycan!» kimi şüarlar da səsləndirirdik. Qarabağla bağlı da şüarımız olurdu.
- Qarabağla bağlı hansı şüarı səsləndirirdiniz?
- Məsələn, «Qarabağ bizimdir, bizim olacaq!» Ermənistanın təcavüzkar siyasətinə etiraz məqsdəilə işğalçı ölkənin bayraqlarını da yandırırdıq.
- Bəs kütləviləşən yürüşlərə İranın hüquq-mühafizə orqanları tərəfindən nəzarət olunmurdu?
- Əlbəttə olurdu. Lakin rejim 2006-ci il 22 may hadisələrinə qədər milli hərəkatı o qədər də ciddi qəbul etmirdi. Düzdür, o zamana qədər də milli fəallar həbs olunurdu. Lakin may hadisələrindən sonra həbslər kütləviləşdi. Bildiyiniz kimi, 2006-cı ildə «İran» adlı dövlət qəzeti dərc etdiyi bir karikatura ilə Azərbaycan türklərini tarakana bənzədərək təhqir etmişdi. Biz həmin qəzet səhifəsinin surətini çıxararaq Təbrizdə əhali arasında paylamağa başladıq. Hətta gündüz saatlarında da onları divarlara yapışdırırdıq. Təhqirə etiraz olaraq aksiya keçirməyi planlaşdırdıq. Əhali arasında aksiya ilə bağlı bildiriş yaydıq. Təbrizdə bir körpü var. Körpünün üstündən avtomobillər hərəkət edir, altından isə piyadalar keçir. Bildirişləri avtomobillərin pəncərəsindən aşağı atırdıq ki, bildirişlər daha çox insanın əlinə keçsin. Etiraz aksiyaları gözlədiyimizdən də kütləvi şəkildə keçirildi. Ardıcıl bir neçə şəhərdə kütləvi mitinqlərin keçirilməsi rejimin gözünü qorxutdu. Fars şovinist rejimi milli hərəkatı varlığı üçün ciddi təhlükə olaraq görməyə başladı. Bu baxımdan milli fəallara qarşı təzyiqlər daha da sərtləşdirildi, həbslər artdı.
- Bu fəaliyyətiniz üçün maliyyə vəsaitini necə əldə edirdiniz?
- Şəxsi hesabımıza ödəyirdik. Məsələn, pul yığıb bir printer və başq lazım olan avadanlığı almışdıq. Onları mənim evimdə saxlayırdıq. Lazım olanda istifadə edirdik. Evimdə bir otağı ofis kimi işlədirdim.
- Bəs ələ keçməkdən, evinizdə axtarış aparılmasından çəkinmirdiniz?
- Təhlükəli olduğunu bilirdim. Amma fəlaiyyətimiz üçün bu lazım idi.
- İlk dəfə nə vaxt həbs olundunuz?
- Ermənilər Xocalı soyqırımını törətmişdi. Öldürülənlər, qanı axıdılanlar bizim də bacı-qardaşlarımız idi. Xocalı faciəsinə və erməni təcavüzünə etiraz məqsədilə aksiya keçirməyi planlaşdırdıq. Təyin etdiyimiz gün mitinqə qoşulmaq üçün insanlar xiyabana toplaşdılar. Lakin piket başlamamış polis camaatı dağıtmağa başladı. Gördüm ki, hamı dağılır mən «Yaşasın Azərbaycan, məhv olsun Ermənistan!» şüarını səsləndirməyə başladım. Şüarı eşidən insanlar yenidən xiyabana toplaşdılar. Polis ciddi müqavimət göstərsə də, aksiya baş tutdu. Amma məni həbs etdilər. Piketin səbəbkarı kimi məni «Ettelaat»a apardılar və qısa müddətdən sonra azadlığa çıxdım. Lakin təzyiqlər bitmək bilmirdi. Sonra yenidən həbs olundum. Bu dəfə daha ağır işgəncələrə məruz qaldım. Məni etmədiyim əməli boynuma almağa məcbur edirdilər.
- Hansı ittiham idi?
- Guya ki, İran-Ermənistan boru xəttini partlatmaq istəmişəm. Sağ əlimə qələm verib sol əlimin baş barmağımı isə kəlbətinlə sıxırdılar ki, yalan ifadəyə qol çəkim. İmza atsaydım, məni edam cəzası gözləyərdi. Nə qədər işgəncə etsələr də, qol çəkmədim. Axırda kəlbətinlə barmağımı elə sıxdılar ki, dırnağım və sümüyüm parçalandı. Məni xəstəxanaya apardılar. Əlimi əməliyyat etdilər. Sümüyümü bərpa etmək mümkün olmadı, millə bərkitdilər. İndi də əlimdə mil gəzdirirəm. Rejimin basqısı və təqibi bitmək bilmirdi. Məcburən vətənimi tərk etməli oldum. İndi ABŞ-da siyasi mühacir kimi yaşayıram. Lakin inanıram ki, İran kimi totalitar rejimin ömrü çox çəkməyəcək. Digər diktator rejimlər kimi fars hakimiyyətinin də sonu çatacaq.
Turqut

Geri dön