Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qarabağ xalçaçıları Prezident İlham Əliyevə müraciət edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Qarabağ xalçaçıları Prezident İlham Əliyevə müraciət edib

Qarabağ xalçaçıları Prezident İlham Əliyevə müraciət edib


“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Füzuli, Ağdam, Cəbrayıl və Tərtər filiallarının kollektivləri Prezident İlham Əliyevə müraciət edib.

Daxil olan müraciətdə deyilir:

Azərbaycan xalqı sevincli, xoşbəxt günlərini yaşayır. Bizə bu xoş günləri, tarixi zəfəri bəxş edən Müzəffər Ali Baş Komandanımız və Onun rəhbərlik etdiyi qüdrətli Azərbaycan Ordusudur. Artıq uzun illik bir həsrətə, nisgilə son qoyulub, torpaqlarımız işğaldan azad edilib.

Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, Qarabağsız Azərbaycan yoxdur. Azərbaycanı Qarabağsız təsəvvür edə bilmədiyimiz kimi, Qarabağı da xalçasız təsəvvür etmək mümkün deyildir. Xalça bu qədim Azərbaycan diyarı ilə qoşa addımlayıb, onun tarixini, mədəniyyətini, adət və ənənələrini özündə yaşadıb, qoruyub saxlayaraq bu günümüzədək gətirib çıxarıb. Qarabağ xalçaçılarının yaratdığı sənət əsərləri yüz illər bundan öncə bütün dünyada məşhur olub.

Ötən əsrin 90-cı illərinin əvvəllərində torpaqlarımız işğal edildikdən sonra Qarabağ xalçası da məcburi köçkün həyatı yaşamağa başlayıb. Beləliklə, Qarabağ xalçaları Qarabağsız toxunub. Toxunan hər bir xalçada, vurulan hər ilmədə isə bir nisgil olub – Qarabağ nisgili. Ancaq biz xalçaçılar ümidimizi heç vaxt itirməmişik, qüdrətli dövlətimizin, Müzəffər Ali Baş Komandanımızın Qarabağı da, Qarabağ xalçasını da xilas edəcəyinə, bizi öz dədə-baba yurdumuza qaytaracağına inanmışıq.

Əziz Prezidentimiz!

Siz 2016-cı ildə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətini təsis etdikdən sonra onun ilk filialını məhz Qarabağda – Füzuli rayonunun Horadiz şəhərində yaratdınız. Bununla da Qarabağ xalçasına ikinci həyat verdiniz. Bu, çox böyük rəmzi məna daşıyır. Azərbaycan xalçaçılıq sənətinin vətənidir və ölkəmizin müxtəlif bölgələrində 9 qrupda təsnifləndirilmiş xalçalar toxunur. Ancaq ermənilərin özününküləşdirməyə daha çox çalışdığı Qarabağ xalçalarıdır. Bu mənada “Azərxalça”nın filiallarının yaradılmasına məhz Qarabağdan başlanılması tarixi saxtalaşdıran, əzəli Azərbaycan torpaqlarını işğal altında saxlayan mənfur düşmənə növbəti xəbərdarlıq idi.

O zamankı təmas xəttinin lap yaxınlığında xalça fabriki yaratmaqla və açılış mərasimində şəxsən iştirakınızla bir daha bütün dünyaya göstərdiniz ki, Qarabağ Azərbaycandır və bizim o torpaqlara qayıtmağımıza çox az qalıb.

Füzuli filialının istifadəyə verilməsindən heç iki il keçməmiş Ağdamın Quzanlı qəsəbəsindəki xalça fabrikinin açılış mərasimində Sizinlə və Mehriban xanımla unudulmaz görüşümüzdən sonra biz artıq qəti əmin idik ki, Qarabağa böyük qayıdış başlayıb. Bu həm də Qarabağ xalçasının qayıdışı olacaqdı. Xoşbəxtik ki, Müzəffər Ali Baş Komandanımız və Ordumuz tarixi ədaləti bərpa edib, bizi doğma yurdumuza qaytarıb. Bu qayıdış xalçaçılarla yanaşı, Qarabağ xalçasının da vətənini özünə qaytarıb.

Cənab Prezident!

Xalça elə müqəddəs milli dəyər nümunəsidir ki, onun “dilini bilənlə danışır”. Çünki onu toxuyanın bütün hissi, həyəcanı, qayğıları, dərdi-səri, sevinci xalçada hiss olunur. Ölkəmizdə təmin etdiyiniz inkişaf, yaratdığınız xoş gün-güzəran bizim toxuduğumuz xalçalarda da özünü göstərir. Siz fəaliyyət göstərdiyimiz fabriklərdə bizim üçün yüksək iş şəraiti yaratmısınız. Filiallar ən müasir avadanlıqlarla təmin edilib, toxucuların rahatlığı üçün hər şey nəzərə alınıb. Ancaq biz nə qədər xoş əhval-ruhiyyə ilə xalça toxusaq da, bütöv Qarabağsız ərsəyə gətirdiyimiz xalçalarda bir natamamlıq var idi. Bu xalçalarda bütün qarabağlıların hiss etdiyi nisgil, vətən həsrəti duyulurdu. Siz Qarabağ xalçasını da, onun toxucusunu da bütövləşdirdiniz. Bundan sonra həm Qarabağlı toxucuların, həm də Qarabağ xalçalarının üzü güləcək. Biz Ağdamda, Füzulidə, Cəbrayılda, Kəlbəcərdə, Laçında, Zəngilanda, Qubadlıda, Xocalıda, Xocavənddə, Xankəndidə və Azərbaycan xalçasının paytaxtında – Şuşada xalça toxuyacağımız günü səbirsizliklə gözləyirik.

Xilaskar Liderimiz!

İnsan üçün ən ağır, çəkilməz dərd vətən həsrətidir. Bu dünyanın ən savab işi də elə vətən həsrətinə son qoymaqdır. Siz bizə həyatımızı, özümüzü, ruhumuzu – Qarabağımızı qaytardınız. İndi nə biz, nə də Qarabağ xalçası artıq köçkün deyilik. Bu hissi, Sizə sonsuz minnətdarlıq duyğularımızı sözlə ifadə etmək mümkünsüzdür.

Allah Sizi qorusun!”.

Geri dön