Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > 17 Noyabr - milli şüurun yüksəliş günü
17 Noyabr - milli şüurun yüksəliş günü |
Rauf KƏNGƏRLİ
"Böyük Ermənistan" xülyasıyla yaşayan ermənilər ötən əsrin 80-ci illərinin sonlarından etibarən açıq şəkildə Azərbaycana qarşı torpaq iddiası ilə çıxış etməyə başladılar. SSRİ rəhbəri Mixail Qorbaçovun məsələyə səthi yanaşması, hətta ermənilərə dəstək xarakterli hərəkətləri bədnam qonşularımızın məkrli planlarını həyata keçirməsinə münbit şərait yaratdı. Zaman-zaman separatçı şüarlara səhnə olan Dağlıq Qarabağ Muxtar Vilayətində 1988-ci il fevralın 13-dən növbəti separatçı mitinqlər keçirilməyə başlandı. Mitinqlərdə əzəli Azərbaycan torpaqlarının Ermənistana birləşdirmək barədə şüarlar səsləndirildi. Həmin il fevralın 20-də isə DQMV Xalq Deputatları Sovetinin sessiyası SSRİ Ali Soveti qarşısında bölgənin Ermənistana birləşdirilməsi xahişilə vəsatət qaldırdı. Ermənilərin bu həyasızlığı Azərbaycan ictimaiyyəti tərəfindən kəskin etirazlarla, qəzəblə qarşılandı. Həmin dövrdə hər kəs yaxşı bilirdi ki, tarixən ikiüzlülük və qorxaqlığı ilə tanınan ermənilərin belə addımlar atmasının arxasında yenə erməni məkrindən bəhrələnən imperiya maraqları dayanır. Proseslərə məhz 1988-ci ildə start verilməsinin isə əsaslı səbəbləri var idi. Belə ki, Sovet İttifaqında böyük nüfuza malik olan ümummilli liderimiz Heydər Əliyev 1987-ci il iyul ayında SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən və Siyasi Büronun üzvlüyündən istefa verdi. O vaxtadək qorxularından səslərini çıxarmağa cəsarətləri çatmayan erməni başbilənləri, bundan sonra "dərə xəlvət, tülkü bəy" prinsipi ilə hərəkət etməyə başladılar. Məqsədlərini reallaşdırmaq üçün isə Mixail Qorbaçovu və onun ətrafındakıları şirnikləndirməklə inandırmağa çalışırdılar. Onların fikrincə, guya tarixi erməni torpağı olan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ərazisi onsuz da kiçik olan ölkə üçün vacibdir. Bundan başqa, ermənilər ölkədə ikinci şəxs olan Raisa Qorbaçovaya da müxtəlif şirnikləndirici təkliflər edirdilər. Sovetlər Birliyininin əsas kütləvi informasiya vasitələri də bu məqsədlərin reallaşmasına köklənmişdi. Ermənistan rəhbərliyi vəziyyətdən istifadə edərək, ölkədə yaşayan 300 minədək azərbaycanlının öz ata-baba yurdundan kütləvi sürətdə çıxarılmasına start verdi. Azərbaycanlılar təkcə ev-eşiklərindən çıxarılmırdı, onlara qarşı olmazın vəhşiliklər də həyata keçirilirdi. Dinc sakinlər öldürülür, işgəncələrə məruz qalır, diri-diri yandırılırdı. Ermənilərin bu tarixi vandalizminə isə Qorbaçov və ətrafındakılar heç bir reaksiya vermirdi. Vəziyyətin gərgin olmasına baxmayaraq, 1988-ci ilin əvvəllərində Azərbaycan xalqının ayrı-ayrı nümayəndələri və ziyalılar sovet rəhbərliyinə öz etirazlarını bildirirdilər. Moskvaya inam hələ tam itməmişdi. Lakin torpaqlarımıza göz dikən düşmənin Sovet İttifaqında söz sahibi olan qüvvələr tərəfindən məqsədyönlü şəkildə dəstəklənməsi, himayə edilməsi xalqı daha da qəzəbləndirirdi. Azadlıq meydanına toplaşan müxtəlif təbəqədən olan insanlar Qarbaçova və onun ətrafındakılara, həmçinin ona qul kimi xidmət edən Azərbaycan rəhbərliyinə qarşı etiraz mitinqləri keçirməyə başladılar. 1988-ci il noyabrın 17-dən isə Bakı artıq yüzlərlə insanın etiraz məkanına çevrilmişdi. İntellektual mübarizə metodlarından məhrum edilən xalq kütləsi yumruq kimi düyünlənərək, milli azadlıq hərakatının təməlini də məhz Azadlıq meydanında qoydu. 1988-ci il dekabr ayının əvvəlində ümumxalq mitinqi sovet qoşunları tərəfindən dağıdılsa da, daha sonralar aksiyalar Bakı da daxil olmaqla, bütün respublikanı əhatə etdi. Zəngin tarixi keçmişə, böyük ənənəyə malik olan indiki "Xalq qəzeti" həmin dövrdə də həqiqətən xalqın qəzeti olduğunu sübut etdi. Qəzetdə kütlənin etirazlarına səbəb olan məsələlər açıq və konkret ifadə olunur, Azərbaycan ictimaiyyətinin haqlı mövqeyi müdafiə edilirdi. Milli şüurun oyanışının yaşandığı bu günlərdə qəzet baş verən hadisələri azərbaycançılıq ideyalarının yüksəlişi kimi qiymətləndirirdi. 1988-ci ilin sonlarında baş verən olaylar bir daha sübut edirdi ki, 70 il sovet imperiyasının əsarətində yaşayan Azərbaycan xalqı həqiqətən də özünün milli-mənəvi dəyərlərini unutmayıb və öz torpaqlarının qorunması uğrunda bütün çətinliklərə sinə gərməyə hazırdır. Həmin dövrün təcrübələri də göstərdi ki, xalqın birliyi qarşısında heç bir qüvvə dayana bilməz. 1993-cü ildə Azərbaycan ictimaiyyətinin təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev müstəqilliyimizin əbədi və dönməz olması üçün ümummilli məsələlərdə həmrəyliyin böyük əhəmiyyət daşıdığını bir daha vurğulamışdır: "Hamımız əl-ələ verməliyik, hamımız birləşməliyik, hamımızda milli həmrəylik, milli birlik hissi yaratmalıyıq. Milli deyəndə, ümumi Azərbaycan məfhumunu deyirəm, ümumi Azərbaycan, ümumxalq məfhumunu deyirəm. Məhz bu əsaslarla bütün problemləri aradan qaldırmalıyıq". Zaman sübut etdi ki, ulu öndərin bütün çağırışları kimi həmin müraciəti də xalq tərəfindən böyük dəstəklə, rəğbətlə qarşılandı və möhtəşəm nəticələrə gətirib çıxardı. Biz həmin nəticələri bugünkü Azərbaycanın dünya miqyaslı parlaq nailiyyətləri, uğurları timsalında görürük. Geri dön |