Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dilim-dilim…
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Dilim-dilim…

Dilim-dilim…


Bir videoda Güney Azərbaycanlı uşağın əzbər dediyi şeir var: “Ana dilim ölən deyil, başqa dilə dönən deyil…”. Bu şeiri uşağın dilindən dinlədikcə zövq alıram. Və düşünürəm: niyə öz dilimizi sevmirik, öz dilimizə hörmət belə etmirik, niyə?

20 ildir nə rus əsarətindən, nə rus dilinin “ali” təsirindən yaxa qurtara bilirik. Hələ də elitar təbəqənin məclis və mərasimlərində rus dilinin hakimliyindən özümüzü qoruya bilmirik.

Öz ölkəmizdə, Azərbaycan adlı ölkəmizdə işəgötürənlərin ən birinci tələbi mükəmməl rus dili bilgisi olur nədənsə. Mükəmməl Azərbaycan dili tələbinə hələ rast gəlmədim. Bu əsla vacib sayılmır.

Bu yaxınlarda qohumumu rus dilini mükəmməl bilmədiyi üçün Almaniya səfirliyində işə götürmədilər. Almaniyada oxuyub gəlməsinə və almanların çox israrına rəğmən bizim azərbaycanlı “savadlılar” rus dilinin vacibliyini önə çəkiblər. Azərbaycan dilini hansı səviyyədə bildiyini heç soruşmayıblar.

Hər belə olay adamı göynədir. Öz ölkəmizdə öz dilimizə yad münasibəti görməyə nə qədər dözəcəyik? Bu münasibətin dəyişməsi üçün hələ neçə ilin keçməsi gərəkdir? Bir mötəbər məclisdə olduğum zaman özümü başqa ölkədə hiss edirəm hər zaman. Azərbaycan dilindən başqa bütün dillərdə danışır bizim insanlar. Kimin “yaradıcılığı” nəyə çatırsa, ona da söykənir. Rus dilini bilən rusca, ingilisi bilən ingiliscə öz məharətini göstərir. Çox dil bilmək nə qədər gözəlsə, öz dilini yaxşı bilmək ondan beş dəfə gözəldir. Dilimizi sevməyi nə zaman öyrənəcəyik, öz dilimizdə danışmağımızın “çuşkalıq” olmadığını nə vaxt dərk edəcəyik?

Övladlarının rus dilində təhsil almasını istəyən və onları elitar təbəqədə görməyi arzulayan dostlar, balalara kim olduqlarını, haradan gəlib hara getdiklərini deyin, doğma dilimiz haqqında bilgi verin. Bunları dərk etmədən yaşayanlar hər zaman yarım qalacaqlar...

Dilimizdə belə gözəl məsəl var: “Dad yarımçıq əlindən”.

Bizim bu yarımçıqlığımızın bir sonu varmı?
Gülnar MƏSİMLİ

Geri dön