Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gənclərin milli özünüdərk problemi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gənclik > Gənclərin milli özünüdərk problemi

Gənclərin milli özünüdərk problemi


Ərəstun Baxşəliyev: «Bəziləri öz ambisiyaları naminə insanlararası təfriqələr yaratmağa çalışırlar»

Elməddin Hacılı: «Bütün QHT-lər milli-mənəvi dəyərləri təbliğ etməlidirlər»

Natiq Cəfərli: «Gənclərimizin ən böyük problemi özünüdərk deyil, təhsildir»

Oktay Hacımusalı


Dövlətin zəngin tarixə malik özünəməxsus ənənə və dəyərlərinin yaşadılması mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir. Bunun üçün də başlıca olaraq gənclərə milli mənlik şüurunun aşılanmasını həyata keçirmək lazımdır. Sözügedən zümrəyə arzuolunan səviyyədə bunu aşılaya bilsək, qarşıya qoyulan məqsədlərə çatmaq çətin olmaz. Milli mənlik şüuru nədir? Bu ifadəni dərindən təhlil edəndə belə qənaət hasil olur ki, milli mənlik şüuru özünüdərk deməkdir. Milli özünüdərk deyəndə ilk növbədə insan bağlı olduğu tarixi kökü, milli mənsubiyyətini, vətəninin tarixini bilməli və dərindən təhlil etməyi bacarmalıdır. Hər bir gənc, vətəndaş dərk etməlidir ki, hansı vətəni, milləti, milli xüsusiyyətləri təmsil edir. Eyni zamanda, hansı özünəməxsus və səciyyəvi spesifik xüsusiyyətlərə sahibdir. Bütün bunlar hansı əsaslara söykənir. Yuxarıda sadalananlar milli mənlik şüuruna aid olan faktorlardır. Milli mənlik şüurunu mənimsəmək üçün nə lazımdır?

Sözügedən məfhum uşağın tərbiyəsində, xüsusən də gənclik dövründə çox mühüm şəkildə özünü biruzə verən məsələdir. O üzdən, sözügedən ideya gəncliyə aşılanmalıdır. Bu da təhsil müəssisələrindən tutmuş KİV-lərə qədər həyata keçirilməlidir. Çünki Azərbaycan əhalisinin böyük hissəsi gənclərdən ibarətdir. Hər keçən gün onların cəmiyyətdə fəallığı daha çox diqqəti cəlb edir. Yaş intervalına baxanda məlum olur ki, gənclər həm üstün, həm də dinamik bir təbəqə hesab olunur. Hər bir gənc mənsub olduğu kökə, millətə, vətənə yaxından bağlanmalıdır. Mmilli mənlik şüuru yeniyetməlik və gənclik dövründə xüsusilə formalaşan bir məfhumdur. Xüsusən də müasir informasiya və kommunikasiya texnologiyalarının timsalında bu özünü daha qabarıq göstərir. Belə bir dövrdə Azərbaycanda da gənclərin düzgün tərbiyə olunması qarşıda duran mühüm vəzifələrdən biridir. Gənclərdə milli mənlik şüuru sağlam əsaslara söykənərək inkişaf edirsə, dövləti hansısa mümkün potensial təhlükələrdən qorunmaq imkanları da birə beş artır. Maraqlıdır, hazırkı gənclərimiz milli mənlik şüurunu nə səviyyədə dərk edir?

Demokratik Tələbə Gənclər Təşkilatının sədri Asif Əsgərli hesab edir ki, qloballaşan cəmiyyətimizdə ölkə gənclərinin milli özünüdərkində ciddi problemlər var: «Bəlkə də mən deyərdim ki, ciddi çatlar əmələ gəlib. Xüsusilə də gənclərin sürətlə Qərb dəyərlərinə inteqrasiyası, demoqrafik yerdəyişmələr, milli ailə, mentalitet institunun müasir gənclərlə «uyğunlaşmaması» önəmli yer tutur. Bu aspektlərdən gənclərimizin milli özünüdərki, milli tarixi-mədəni köklərə bağlılığı zəifləməkdədir. Bu sırada «günahkarlar» kimi birinci növbədə qarşısıalınmaz qloballaşma dayanırsa, digər tərəf zəif, tab gətirməyən kimi isə gənclərimizin özlərini və onların milli kimliklərini dərindən bilməmələridir. Təbii ki, bu prosesin tam aşılanmaması üçün ictimaiyyətin fəaliyyətinə böyük ehtiyac duyulur. Açığı burada ictimaiyyət dedikdə, KİV-in, QHT-in, ailə, ağsaqqal institutunun rolunu və onların apara biləcəyi ictimai təbliğat və maarifləndirici işlərin böyük əhəmiyyəti ola bilər».

Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin elmi əməkdaşı, siyasi şərhçi Ərəstun Baxşəliyevin fikrincə, bu gün gəncliyimizin özünüdərki heç də istənilən səviyyədə deyil: «Buna isə ilk növbədə deyərdim ki, sürətlə dəyişən dünyadakı qloballaşmanın təsirləri daha çox özünü göstərir. Doğrudur, dövlət bu sahədə bu kimi problemlərin qarşısını almaq üçün lazımi addımları atır. Millətin tarixi keçmişi, onun milli mənəvi dəyərləri ilə bağlı bu gün həddən ziyadə çox işlər gürülür. Həm musiqimiz, həm mədəniyyətimiz, həm tariximizin doğru-dürüst yazılması, həm ədəbiyyatımızla bağlı düzgün araşdırmaların təşkil olunması və başqa bu kimi addımlar buna bariz misallardır. Abidələrimizin qorunması və onların gələcək nəsillərə çatdırılması sahəsində atılan addımlar da məhz bu qəbildəndir. Anacq təəssüflər olsun ki, bu gün müasir cəmiyyətimizdə bu mövzuların dilə gətirilməsi, onunla bağlı hansısa bir işlərin görülməsi bir qədər çətin məsələlər statusu qazanıb. Özünüdərk dedikdə ilk növbədə cəmiyyətdə təbii olaraq milli kimlik, milli mənəvi dəyərlər, milli qürur kimi anlayışlar ortaya çıxmış olur. Bunu isə bu gün cəmiyyətimizdə, yaşadığımız regionda heç də istədiyimiz kimi qabarda bilmirik. Bizlər bir millətin milli kimliyinə hər zaman hörmətlə yanaşmışıq. Yenə də yanaşırıq. Bu gün Azərbaycan burada yaşayan hər bir insanın doğma vətənidir. Azərbaycan çoxmillətli bir ölkədir. Dövlətin yürütmüş olduğu siyasət nəticəsində təqdirəlayiq haldır ki, tolerantlıq təmin edilib. Millətlərə qarşı heç bir ayrı-seçkilik yoxdur və buna heç yol da verilmir. Bu sahədə dövlət tərəfindən nə kimi addımlar lazımdırsa, atılmağa ehtiyacı varsa, bunlar edilir. Ancaq çox təəssüflər olsun ki, bu gün də bir sıra ara qarışdırıcılar, bəzi dövlətlər öz ambisiyaları uğrunda milli kimlikdən, milli özünüdərkdən sui istifadə edərək insanlar arası təfriqələr yaratmağa çalışırlar. Bu gün bu kimi problemlərin aradan qalxması üçün isə ziyalılarımızın və elə həm də gəncliyimizin üzərinə daha böyük yük düşür. Məktəblərdə, ali təhsil ocaqlarında bu gün bu problemlərə daha çox diqqət yetirilməlidir. Bir sıra problemlər olsa belə».

Vətəndaş Cəmiyyəti Problemlərinin Tədqiqi Mərkəzinin sədri Elməddin Hacılı hesab edir ki, hər bir dövlətin və cəmiyyətin formalaşmasında, inkişafında ölkədə mövcud olan mədəni və milli-mənəvi dəyərlər sistemi, gənclərin milli özünüdərk səviyyəsi mühüm əhəmiyyət kəsb edir: «Bu dəyərlər sisteminin mövcudsuzluğu şəraitində cəmiyyətin və dövlətin inkişafı iddiasında olmaq əbəsdir. Göstərilən səbəbdən də mədəni və milli-mənəvi dəyərlər sisteminin mühafizə olunması və inkişaf inkişaf etdirilməsi, eyni zamanda gənclər arasında təbliği vətəndaş cəmiyyətinin aparıcı inistutlarından olan QHT-lərin vəzifələrindən biri olmalıdır. Araşdırmalar göstərir ki, ölkəmizdə son illərdə bu istiqamətdə əhəmiyyətli layihələr həyata keçirilir və keçirilməkdədir. Bu sahədə də QHT-lərin üzərinə böyük öhdəlik düşür. Dövlətlə bərabər QHT-lərin də əsas vəzifəsi vətəndaşlar arasında mədəni və milli-mənəvi dəyərlərin yayılmasına kömək etməkdən ibarət olmalıdır. Təəssüf hissi ilə deməliyik ki, mili-mənəvi, mədəni dəyərlərin təbliğində QHT-lərin işlərində bir sıra nöqsanlar və çatışmamazlıqlar mövcuddur. Bir sıra QHT-lər tərəfindən mədəni, milli-mənəvi dəyərlərin təbliğinə, demək olar heç bir əhəmiyyət verilmir. Lakin bununla bərabər son illərdə QHT-lər tərəfindən milli-mənəvi dəyərlərimizin qorunması və dünyada təbliği ilə əlaqədar olaraq bir sıra layihələr və tədbirlər həyata keçirilib. Eyni zamanda, bir sıra QHT-lər kütləvi informasiya vasitələrində milli-mənəvi dəyərlərə zidd hallara qarşı mübarizədə və tərbiyəvi əhəmiyyəti yüksək olan məsələlərə həmişə həssaslıq və ictimai fəallıq göstərmişlər. Həmçinin onlar daimi olaraq bu sahədə mövcud olan qusurları ictimai əhəmiyyətini nəzərə alıb bu problemləri önə çıxarmaq cəhdində bulunublar. Kimliyindən və fəaliyyət sahəsindən asılı olmayaraq, bu gün bütün QHT-lər məhz milli-mənəvi dəyərləri qorumalı və onu daim təbliğ etməlidirlər».

Müstəqil ekspert Aqşin Atalızadənin fikrincə, verilən sual olduqca problematik mövzudur: «Məsələ burasındadır ki, ölkəmizdə həm gənclər sahəsində dövlət siyasətini həyata keçirən ayrıca nazirlik, həm də bu sahədə normativ baza mövcuddur. Artıq «Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi haqqında» dövlət proqramı da var. Tam reallıqlara cavab verməsə də orada bu sahədəki problemlərin həlli ilə bağlı məsələlər öz əksini tapıb və nazirlik işlər görür. Sadəcə hansı səviyyədə? 2009-cu ildə biz Müasir İnkişaf İctimai Birliyi olaraq eyni adlı layihəni həyat keçirdik. Səslənən təkliflər də nəzərə alınmaqla şəxsən özüm Azərbaycan reallıqlarını əks etdirən kompleks layihə proqram hazırladım və o layihəni bütün əlaqədar təşkilatlara göndərdik. Maraqlı burasındadır ki, bu sahədə normativ aktın qəbuluna cavabdeh olan Nazirlər Kabinetindən zəng vurub dedilər ki, bunu bizə göndərmisiniz, nə edək? Sözüm ondadır ki, bu sahədə dövlətlə yanaşı ictimai sektorla da vahid proqram əsasında məqsədyönlü şəkildə iş aparılmalıdır. İlk növbədə dövlət siyasəti təkmilləşdirilməlidir. Ancaq təəssüflər olsun ki, əgər indiki gənclərdə milli özünüdərk lazımi səviyyədə deyilsə və bəzi milli mənəvi dəyərlərə zidd məkanlara getməyi üstün tuturlarsa, deməli problem ciddidr. Layihəmizdə orta məktəb səviyyəsində bu probemə yanaşma barədə təkliflərimiz olub. Sadəcə məktəblərdə nə iş görüldüyünü heç cür deyə bilmərəm, ümid edirəm gələcəkdə bu sahədə problem yaşamarıq».

REAL hərəkatının icraçı katibi Natiq Cəfərli hesab edir ki, milli özünüdərk anlayışının, bu anlamın qavranmasının özünün də fərqli cəhətləri var: «Bunu hər bir insan bir cür anlayır, kimsə bunu tarixi kökləri öyrənməkdə görür, kimsə bunu Cümhuriyyətdə axtarır, kimsə də «mentalitet» adlandırılan, amma doğru-dürüst tərifi, təsviri olmayan dəyərlər toplusunu yaşatmaqda görür, kimsə də vətənpərvərliyi önə çıxardır. Gənclərimizin ən böyük problemi özünüdərk deyil, təhsildir. Yaxşı, keyfiyyətli təhsil alan insan özünüdərk prosesini kənar təsirlər altında deyil də, məhz aldığı biliklə, təhsillə, analiz qabiliyyəti ilə keçir. Təhsildə olan problemlər, rüşvətxorluq, keyfiyyətsizlik aradan qalxarsa, bu məsələdə də ciddi inkişaf olacaq».

Milli Düşüncə İnstitutu İctimai Birliyinin sədri Taryel Faziloğlunun fikrincə, bu sahədə vəziyyət ürəkaçan deyil: «Azərbaycanın gəncliyi bu gün milli özünüdərk məsələsində çox geridədir. Çünki onlara milli özünüdərki aşılayan heç bir yer yoxdur. Bu gün nə bağçalarda, nə məktəblərdə, nə də ali təhsil ocaqlarında milli özünüdərkə aid heç bir şey öyrədilmir. Gənc hardan öyrənməlidir? Ailədənmi? O da mübahisəli məsələdir. Əvvəla əksər valideynlər bütün günü işləmək məcburiyyətində olduqlarından övladlarına zaman ayırmağa imkanları yoxdur. İkincisi də zaman ayırsa belə öz intellektual səviyyəsi çərçivəsində nə isə öyrətməyə çalışacaq ki, bu da heç də uğurlu metod deyil. Gənclərə milli özünüdərk mərkəzləşmiş şəkildə bəlli proqramlarla aşılanmalı, bu sahədə çoxlu layihələr həyata keçirilməlidir. Əgər dövlət öz vətəndaşına sahib çıxmazsa başqaları ona sahib çıxaraq öz mənfəətlərinə xidmət etməyə məcbur edər».

Geri dön