Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qaçaq Nəbinin yurdu - Qubadlının Aşağı Mollu kəndindən reportaj
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > Qaçaq Nəbinin yurdu - Qubadlının Aşağı Mollu kəndindən reportaj

Qaçaq Nəbinin yurdu - Qubadlının Aşağı Mollu kəndindən reportaj


Qubadlı rayonu Vətən müharibəsinin 28-ci günündə şanlı ordumuzun zəfər yürüşü ilə işğaldan azad edilib. Ermənilər işğal zamanı rayonu xarabalığa çevirib. Vaxtilə xoşbəxt ailələrin yaşadığı evlərdən geriyə təkcə dağıntılar qalıb. İşğal illərində salamat qalan binalar isə erməni hərbi birləşmələrinin məskunlaşması üçün istifadə edilib.

AZƏRTAC-ın əməkdaşı Qubadlıda olub, erməni vəhşiliyini lentə alıb, Qaçaq Nəbinin yurduna – Aşağı Molluya baş çəkib.

Xalq qəhrəmanı Qaçaq Nəbinin diyarı... Hazırda kəndin girişinə həm xalq qəhrəmanlarımızın, həm də I Qarabağ müharibəsində və Vətən müharibəsində şəhid olan hərbçilərimizin lövhəsi vurulub. Aşağı Mollu vaxtilə Zəngəzur mahalına aid olub. 1854-cü il Nəbi Alı oğlu bu kənddə dünyaya göz açıb. Elə burada böyüyüb boya-başa çatan Nəbi sonradan Qaçaq Nəbi adı ilə tanınaraq xalq qəhrəmanına çevrilib. Ömrünün 20 ilindən çoxunu partizan döyüşü aparan Qaçaq Nəbi və dəstəsi müstəmləkəçiliyə qarşı vuruşub. 1896-cı ilin mart ayında pusqunun qurbanı olub.

Onun ömür-gün yoldaşı və silahdaşı olan Həcər isə qonşu kənddə - Yuxarı Molluda dünyaya göz açıb. Nəbinin ölümündən sonra onu sürgün etsələr də, bir müddətdən sonra Həcəri Aşağı Mollu kəndinə qaytarmaq mümkün olub. 1914-cü ildə isə elə bu kənddə də dünyasını dəyişib.

Hazırda kənddə bütün ərazilər dağıdıldığı üçün xalq qəhrəmanlarımızın bu yerlərdə yalnız xatirələri qalıb.

Aşağı Mollu kəndi dağlar qoynunda yerləşir. Bir tərəfi qarlı dağlar, digər tərəfi isə Həkəri çayı ilə əhatə olunan kənd gözəl təbiətə malikdir. Rayon ərazisindən axan ən böyük çaylar isə Bərgüşad və Həkəridir. Elə Aşağı Molluda olduğumuz zaman Həkəri çayının sahilində təbiətin gözəlliyi diqqətimizi çəkdi. Mənbəyini Kəlbəcərdən götürən Həkəri çayı Qubadlıdan keçərək Araz çayına qovuşur.

Qaçaq Nəbinin kəndini gəzdikcə hər addımda erməni vandalizmi ilə rastlaşırıq. Yalnız bir neçə evdə ermənilərin qanunsuz məskunlaşmasının izləri qalıb.

Qubadlıda çəkiliş etdiyimiz zamanı 27 ildən sonra öz ata-baba yurduna dönən rayon sakini İlham Əhmədovla həmsöhbət olduq. 14 yaşında ikən Qubadlını tərk edən və ötən bu illərdə Vətən həsrəti ilə yaşayan müsahibimizin çöhrəsində olan təbəssüm onun sevincindən xəbər verirdi. Hazırda Mədəniyyət Nazirliyinin nümayəndəsi kimi Qubadlıya səfər edən İlham Əhmədov deyir ki, işğaldan öncə Qubadlıda bir çox tarixi abidələr, mədəniyyət ocaqları mövcud idi. Lakin erməni vandalizminə məruz qaldığı üçün bu abidələrdən, ocaqlardan heç bir əsər-əlamət qalmayıb. 40-dan çox tarixi abidə, 44 klub,12 mədəniyyət evi, 2 musiqi məktəbi, 1 tarix diyarşünaslıq muzeyi, kinoteatr, 84 kitabxana dağıdılıb. Ermənilər 17-18-ci əsrlərə aid türbələrdə, eyni zamanda, məscidlərdə heyvan saxlayıb. Bu da onların hansı xislətə sahib olduğunu göstərir.

Xalq qəhrəmanı Qaçaq Nəbinin doğma kəndində çəkilişimizi yekunlaşdırıb rayonun mərkəzinə doğru yola çıxırıq. Ermənilər təkcə tikililərə deyil, hətta qəbiristanlıqlara da qənim kəsiliblər. Baş daşları, qəbirlər dağıdılıb...

Şəhər mərkəzinə çatırıq. Burada Azərbaycanın üçrəngli bayrağı vüqarla dalğalanır. Qubadlının işğaldan azad edildiyi məhz buradan elan olunub. Tarix isə 2020-ci ilin oktyabr ayının 25-i.

Qaçaqlar yurdu kimi tanınan Qubadlı uzun illərdən sonra öz sahibinə qovuşub. İndi bu yerlər yenidən qurulacaq, həyat qaynayacaq, neçə-neçə qəhrəmanlar yetişəcək. O gün elə də uzaqda deyil.

Geri dön