Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bu qış dəyişkən keçsə də, arıçılıqda problem yaşanmır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Bu qış dəyişkən keçsə də, arıçılıqda problem yaşanmır

Bu qış dəyişkən keçsə də, arıçılıqda problem yaşanmır


Arıçıların əksəriyyətinin fikrincə, COVID-19 pandemiyası dövründə arı məhsullarına tələbat artıb. Alıcılar immuniteti artırdığı üçün bu məhsullara üstünlük verirlər. Hazırda isə arıçılar qış qayğıları ilə məşğuldurlar.

Tovuz rayonunda arıçılar arıların qış yuxulamasında olmasına baxmayaraq, yaza hazırlaşırlar. İndidən çərçivə, mum, seleksiya işləri ilə məşğuldurlar.

Tovuzlu arıçılar bu il məhsullarını yaxşı qiymətə, təxminən 1 kiloqram balı 30-50 manata satdıqlarını deyirlər. Arı pətəklərini dağa apararkən, yəni köç zamanı da çətinlik yaşanmayıb.

“Pandemiya ilə əlaqədar bal məhsuluna, təbii qidalara daha çox tələbat yaranıb. Ona görə də satışımız da yaxşı oldu. Amma qiymətləri dəyişmədik. Yəni vəziyyətdən istifadə etmədik. Şəkər tozunun qiymətinin yuxarı olması da, bizi narahat etmir. Bu, saxta bal hazırlayanların işini çətinə salacaq”, - deyə arıçı Xəyal Qarayev bildirir.

Təcrübəli arıçı ana arı yetişdirməyi bacarmalıdır. Seleksiya işində arıçılar öz təcrübələrini artırmağa çalışsalar da, cins arılara həmişə ehtiyac olduğunu deyirlər.

Arıların müalicəsi ilə bağlı istifadə edilən preparat baxımından da çətinlik yaşanmır. Baytarlıq apteklərində istənilən dərman asanlıqla tapılır. Elə pətəklər də kifayət qədər istehsal edilir.

Tovuz rayon Arıçılar birliyinin sədri Qabil Hacıyev deyir ki qışda diqqət yetirilməli olan bir sıra məqamlar var. Onlardan biri indidən təmizlik işlərinin görülməsidir. Yemin azalıb-azalmamasına da mütləq diqqət yetirmək lazımdır.

Qabil Hacıyev bildirib ki, arıçılar dövlətimiz tərəfindən subsidiya ilə təmin edilir. Buna görə də, bu sahəyə maraq daha da artıb.

Qeyd edək ki, arıçılar qışın sonlarında hava şəraiti mülayimləşəndə arıların vəziyyətini yoxlayırlar. Bəzən qida azaldıqda köməkedici, vitaminli qidalar verilir. Yazda ağaclar çiçəklədikdə isə arılar yenidən təbiətə qovuşur. Yaza yaxşı vəziyyətdə çıxan arılar bal mövsümündə də yaxşı məhsul toplayır.

Geri dön