Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə, Güney Azərbaycan-Təbriz > Əli Sultani: «İstiqlaliyyət isə fədakarlıq və qurban tələb edir»
Əli Sultani: «İstiqlaliyyət isə fədakarlıq və qurban tələb edir» |
«Ona görə də gələcək nəsillərin bizi qınamaması üçün Güney Azərbaycanın azadlığı uğrunda çalışmalıyıq»
Müshibimiz əslən Qoşaçay (fars şovinistləri Miyandab olaraq dəyişdirib) şəhərindən olan, hazırda isə Türkiyədə siyasi mühacir həyatı yaşayan Əli Sultanidir. - Özünüz haqqında məlumat verərdiniz. - 1975-ci ildə Qoşaçayda doğulmuşam. Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri Mahmudəli Çöhrəqanlı rejimə qarşı etiraz edəndə və bunun nəticəsi olaraq həbs olunanda mən liseydə oxuyurdum. Çox gənc olsam da, Mahmudəli Çöhrəqanlının etirazlarını haqlı qəbul edir və dəstəkləyirdim. Çünki GAMOH lideri etirazlarında bildirirdi ki, İranda yaşayan Azərbaycan türklərinin haqları tapdalanır, bərabər hüquqlar tanınmır və s. Bunlar Güney Azərbaycan gerçəyində tam doğru həqiqətlərdir və bu problemlər hələ də öz həllini tapmayıb. Bu baxımdan güneyli gənclər olaraq biz rejimə qarşı fəaliyyət göstərir, bu istiqamətdə çalışmalarımızı həyata keçirirdik. - Hansı işləri görürdünüz? - Fəaliyyətimiz gizli idi. O zaman Qoşaçayda yaşayırdım. Orada milli oyanış çox zəif idi. Aksiya keçirəcək sayda milli fəal yox idi. Sayımız az olsa da, mümkün qədər çox iş görməyə çalışırdıq. Məsələn, İranda Azərbaycan Milli Hökumətinin qurucusu Seyid Cəfər Pişəvəriyə, Azərbaycana, milli fəfəkkürə aid kitablar var ki, satışı və yayımı qadağandır. Onları əhali arasında paylayırdıq, milli hərəkata aid məqalələr, bildirişlər yayırdıq. - Bildirişlərdə nə yazılırdı? - Hər dəfə müxtəlif milli məsələylə bağlı yazılar olurdu. Məsələn, bir dəfə ana dilimizlə bağlı yazırdıq. Qeyd edirdik ki, bizim də ana dilində təhsil almaq hüququmuz var. Yaxud da yazırdıq ki, Güney Azərbaycanın təbii sərvətləri talan olunur, sərvətimizdən farslar deyil, elə öz xalqımız faydalanmalıdır, milli mədəniyyətimizi inkişaf etdirməliyik və s. - Bunları hansı dildə yazırdınız? - Çox təəssüf ki, fars dilində yazmalı olurduq. Güney Azərbaycanda ana dilində təhsil olmadığı üçün soydaşlarımız fars dilində yazıb oxuyurlar. Türk dilində danışsaq da yazı-pozu fars dilindədir. Bu baxımdan oxuyub anlamaları üçün biz də bildirişləri məcburiyyət qarşısında yad dildə yazmalı olurduq. Güney Azərbaycanda birisi ixtisası üzrə professor ola, amma ana dilində yazıb oxumağı bacarmaya bilər. Bu haqsızlıqdan doğan acınacaqlı haldır. Bir xalq öz dilində yazmağı və oxumağı bacarmırsa, deməli, ən böyük haqsızlığa uğrayıb. Biz rejimə qarşı haqlı tələblərimizi irəli sürür və bu istiqamətdə də mübarizə aparırıq. Orada ana dilində məktəb açmağa cəhd edənlər olur. Amma fəaliyyətinə icazə verilmir. Ya bağlanır, ya da həmin məktəbi açan həbs edilir. Amma onu da qeyd edim ki, əvvəllər rejim tərfindən milli mübarizəyə o qədər də ciddi basqılar olmurdu. 2003-cü ildən başlayaraq Bəzz qalasına yürüşlər oldu. Bundan sonra rejim hərəkata təzyiqləri artırmağa başladı. 2003-cü ildə Bəzz qalasına yürüşdə Güney Azərbaycanın və GAMOH-un eni 8 m, uzunluğu 16 metr olan bayrağını açdıq. Elə onda da çoxları, o cümlədən də mən həbs olundum. - İlk dəfə o zaman həbs olundunuz? - Xeyr, daha öncə də bir neçə dəfə həbs olunmuşdum. Amma qısamüddətli idi. Məsələn, 2-3 gün, 24 saat və s. Amma 2003-cü ildən sonra baqsılar və həbslər artdı. - Bəzz qalasına yürüşlərə İranın hüquq-mühafizə qüvvələrinin əməkdaşları da nəzarət edirdi? - Bəli. Onlar hətta gəlib yürüşdə iştirak edən milli fəalların fotosunu və videosunu çəkir, sonra həbs edirdilər. Ən kütləvi aksiyalar 2006-cı ilin may hadisələri zamanı baş verdi. - May aksiyaları Qoşaçayda da keçirildi? - Bəli. O zaman mən qaçaq yaşayırdım. İranın rəsmi qəzeti millətimizi təhqir etmişdi. Buna etiraz olaraq Güney Azərbaycanın bir neçə şəhərində aksiyalar keçirilmişdi. Qoşaçayda da aksiya keçirmək istəyənlər vardı. Amma heç kim ilk addımı atmaq istəmirdi. Mən maşınla xiyabana gəldim. Gördüm ki, insanlar yığılıb, amma heç kim aksiyanı birinci başlatmaq istəmir. Avtomobildən düşən kimi şüar deməyə başladım. Əvvəl polis istədi ki, məni həbs etsin. Amma şüarımı eşidən kimi camaat başladı aksiyaya, hər tərəfdən şüarlar səsləndi. Ara qarışdı, məni həbs etmədilər. Lakin həmin günün axşamı evimdən gəlib tutub apardılar. - Aksiyanı başlatdığınız şüar necə idi? - «And olsun Səttarxana, od vuraram Tehrana!» Aksiyalarda belə milli və siyasi şüarlar çox olur. May mitinqləri Təbriz, Xoy, Urmiya, Ərdəbil də daxil olmaqla Güney Azərbaycanın bir çox şəhərində keçirildi. Mən Qoşaçayda və Təbrizdə keçirilən aksiyalarda iştirak etdim. Qəzetdə millətimiz təhqir olunandan 3-4 gün sonra etiraz aksiyaları başladı. Təbrizdən sonra aksiyalara Qoşaçay, Sulduz da qoşuldu. Mitinqlər təxminən 20-25 gün kütləvi şəkildə davam etdi. Küçələr, parklar insanlarla dolmuşdu. Şüarlarımız yalnız həmin təhqirlə bağlı deyildi. Aksiyalarda pozulan digər haqlarımızla, ana dilində məktəblə bağlı da tələblərimiz vardı. Mitinqdə iştirak edənlərə qarşı polis atəş açdı. Yaralananlar və həlak olan qardaşlarımız da oldu. Lakin qeyd etməliyəm ki, bizə atəş açanlar Azərbaycan türkləri deyildi. Şirazdan və İsfahandan gətirilmiş farslar, fələstinlilər və başqa millətlərə mənsub polislər idi. Hətta həmin günlərdə polis dəstələrinə rəhbərlik edən şəxsi dəyişib yerinə fars məmuru təyin etdilər. Çünki türk rəhbər bizə atəş açmaqdan imtina etmişdi. Minlərlə nümayişçinin həbs edildiyi mitinqlərdə həlak olanlar da vardı. Təzyiqlərlə milləti qorxuda bilmirdilər. Mitinqlər bitəndən sonra 25 günə yaxın etirazlar davam etdi. Amma əvvəlki kimi kütləvi şəkildə olmadı. Sadəcə, bir qrup etirazçı bir yerə yığılır, şüarsız etirazlarını bildirirdilər. Onları da həbs edib aparırdılar. Qoşaçaydakı aksiyada bir gün iştirak edə bildim. Elə axşamı «Ettelaat» əməkdaşları məni həbs etdilər. Bu baxımdan qalan aksiyalara qatıla bilmədim. Mənim kimi minlərlə nümayişçi həbs olundu. 67 gün təkadamlıq kamerda saxlanılandan sonra pul cəriməsilə azadlığa buraxıldım. Həbs edilənlərə ruhi və fiziki işgəncələr verirdilər. Biz millətimizə qarşı təhqirə etiraz əlaməti olaraq aksiya keçirirdik. Milli kimliyimiz aşağılanmışdı, xalqımızdan üzr istənilməsini tələb edirdik. Amma həbs ediləndən sonra hakimiyyətə və təhlükəsizliyə qarşı çıxmaqda ittiham olunurduq. Bu, rejimin məşhur ittihamlarındandır. Ən təbii haqqını tələb edən hər kəsə qarşı irəli sürülür. - İranda erkən prezident seçkisi keçirilərsə, bunun Güney Azərbaycan üçün nəticəsi necə olacaq? - Məncə, Mahmud Əhmədinejad istefa verməyəcək. Əgər erkən seçki keçirilərsə, yalnız ayətullah Xamneyinin dəstəklədiyi və seçdiyi şəxs prezident ola bilər. Fikrimcə, İranın yeni prezidenti parlamentin sədri Əli Laricani seçilə bilər. Hətta ölkədəki vəziyyəti nəzərə alaraq Rəfsancanini də təkrar hakimiyyətə gətirə bilərlər. İranda azad seçki keçirilməsi təcrübəsi yoxdur. Bütün seçkilər rejim tərəfindən saxtalaşdırılır. Bu baxımdan səsvermə zamanı hər cür saxtakarlığa əl atırlar. Məsələn, seçki qutuları əvvəldən təyin edilmiş namizədin xeyrinə bülletenlə doldurulur. Bu kimi hallar əhali arasında seçkilərə inamı və etimadı xeyli azaldıb. Demək olar ki, heç kim seçkilərin ədalətli və şəffaf keçiriləcəyinə inanmır. Bu baxımdan səsvermədə iştirak edən vətəndaşların sayı çox az olur. Bunu seçki günü müşahidə etmək olar. Əksəriyyəti də şəxsiyyət vəsiqəsinə möhür vurulması üçün məcburiyyət qarşısında səsvermədə iştirak edir. Xüsusilə Güney Azərbaycan seçkilərdə çox passiv iştirak edir. Bunun səbəbi də bir az əvvəl qeyd etdiyim ictimai etimadsızlıqdır. Əgər İranda erkən seçki keçirilərsə, güneyli soydaşlarımızın seçkiləri boykot etməsini istəyərdim. - Güney Azərbaycanda eviniz, bağınız, dükanınız olub. İndi isə bütün mal varlığınızı vətəndə qoyub qürbətdə yaşayırsınız. Milli hərəkat belə bir fədakarlığa dəyərmi? - Əlbəttə dəyər. Biz özümüzdən öncəki nəsilləri qınayırıq ki, onlar vaxtında rejimə qarşı mübarizə aparıb istiqlaliyyəti qazansaydılar, biz qürbətdə deyil, öz evimizdə yaşayardıq. İndi isə bu iş bizim öhdəmizə düşür. Biz bu mübarizəni aparmalıyıq ki, gələcək nəsillər bizi qınamasın. Onlar azad bir ölkədə, öz vətənlərində yaşasınlar. Milli hərəkat bir əqidə və yoldur. Bu yolun hansı çətinliklərinin olduğunu hamımız yaxşı bilirik. Amma istiqlaliyyət fədakarlıq və qurban tələb edir. Geri dön |