Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Ceyrançöldə çobanların qış həyatı REPORTAJ
Ceyrançöldə çobanların qış həyatı REPORTAJ |
Ağstafa rayonunun Ceyrançöl ərazisində fermalarda heyvanların çoxu qışda da, yayda da qışlaqda qalır. Burada çöllük ərazidə yolboyu bir-birindən kilometrlərlə aralıda yerləşən çoxlu fermalara rast gəlmək olur. Qışın soyuğuna baxmayaraq, heyvanlara qulluq edən çobanlar peşələrindən narazı deyillər.
Müxbir Ceyrançöldə çobanlarla söhbət edib, onların qayğıları ilə maraqlanıb. Söhbət etdiyimiz çobanlar deyirlər ki, qış olsa da, havalar xoş keçir. Ona görə də qoyunları çöldə otarırlar. Bununla həm də qış üçün saxlanan quru otdan az istifadə olunur. Sürünün körpə quzularla çöldə otlaması həm də təhlükəlidir. Ətrafda ac yırtıcılar, əsasən də canavarlar sürüyə hücum üçün fürsət axtarırlar. Qaratikan kollarının dibində cücərən otları axtaran quzular canavar və digər yırtıcılar üçün asan şikardır. Ceyrançöldə sürüyə çobanlıq edən Ceyhun Nuriyev deyir ki, tez-tez yırtıcıların hücumuna məruz qalırlar: “Hazırda qoyunların quzulama dövrüdür. Çoban dili ilə desək, döl vaxtıdır. İndi əsas çətinliyimiz canavarlarla bağlıdır. Buralarda canavar çoxdur. İtlər olmasa, sürünü qorumaq mümkün deyil”. Bildiyimiz kimi, yırtıcılardan qorunmaq üçün çobanların dostu itlərdir. Burada da xeyli çoban iti var. Onlara da vaxtlı-vaxtında qulluq olunur. İtlər isə gecə-gündüz sürünün keşiyini çəkir. Səhərdən çöldə olan çobanların istirahəti axşam sürünü tövləyə saldıqdan sonra başlayır. Bəziləri işıqsız, texnologiyadan uzaq bir sakit həyat sürür. On altı yaşından Ceyrançöldə çobanlıq edən 42 yaşlı Zülfüqar Omarov bildirir ki, artıq bu həyata öyrəşib. Ailəsi ilə birgə fermada heyvanlara qulluq edir. Dünyada olanlardan xəbər tutmaq üçün isə qonşu fermaya gedib, radioya qulaq asır, televizora baxırlar. “Qonşu fermada elektrik enerjisi var. Hərdən ora gedib, televizora baxırıq. Əslində, biz bu həyata öyrəşmişik. Yayda cəmi 2-3 saat işimiz olur. Ancaq qışda iş çoxdur. Günlər qısa olduğundan işlərimizi axşama kimi ancaq yoluna qoya bilirik. Gecə isə istirahət edirik”. Söhbət etdiyimiz çobanlar burada bəslənən heyvanların çox sağlam olduğunu, yaxşı bala verdiyini söyləyirlər. Qoyunlar tövlədə, “qara dam” deyilən yerdə saxlanılır. “Qara dam” adlanan tövlə torpaq altında tikilir. İndi bu cür tövlələrə az-az rast gəlinir. Bu il həm də çobanların üzü gülür. Qış yaxşı keçdiyindən döl dövrü də məhsuldar olub. Gecə düşür. Çobanlar köhnə lampalarını yandırıb onun işığına yığışırlar. Bəzən qoyun-quzuları yoxladıqda bu lampalardan da istifadə edirlər. Ceyrançölün çobanları yayda da heç yana köç etmirlər. Deyirlər ki, ərazidə ot ehtiyatı onlara kifayət etdiyindən köçə ehtiyac qalmır. Bir sözlə, ilin dörd fəslində eyni məkanda qoyunçuluq və maldarlığı inkişaf etdirirlər. Geri dön |