Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ramin Cabbarlı: ”Azərbaycanda feminizm cərəyanların kökləri üzərində araşdırmalar olduqca zəif olub”- Müsahibə
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə, Güney Azərbaycan-Təbriz > Ramin Cabbarlı: ”Azərbaycanda feminizm cərəyanların kökləri üzərində araşdırmalar olduqca zəif olub”- Müsahibə

Ramin Cabbarlı: ”Azərbaycanda feminizm cərəyanların kökləri üzərində araşdırmalar olduqca zəif olub”- Müsahibə


Türkiyədə yaşayan Güneyli Azərbaycanlı yazar Ramin Cabbarlı ilə müsahibə.
- 25 Noyabr Qadınlara qarşı zorakılıqla mübarizə günüdür. Hər yerdə olduğu kimi Azərbaycanın Quzeyi və Güneyində də qadına qarşı zorakılıq var. Sizcə, qadına qarşı zorakılıq nədir?
- Zorakılıq əslində çox boyutlu bir məsələdir. Bizdə qadına qarşı zorakılıq ən dar anlamda, yəni fiziki zorakılıq anlamında nəzərə alınır. Ona görə də zorakılığın başqa yönlərinin üstündə örtük qalır. Çox yönlü olan zorakılığı qəbul edilən ya qəbul edilməz, fiziki ya psikolojik (rəvani), görünən ya örtülü, bir başa ya dolayılı, qanuni ya qeyri- qanuni fərdi və ya toplu zorakılıq kimi növlərə də ayırmaq olar.
İndiki dünyada zorakılığın olduqca gizli olan boyutları üzərinə duranlar, gizli tərəflərini üzə çıxarmaq istəyənlər olmuşdur. Təəssüflə bizdə görünən zorakılıqların çoxluğu səbəbi ilə görünməyən tərəflərinə çox diqqət yetirilməmişdir. Baxmayaraq ki, zorakılıqlar bir çox hallarda bir- biri ilə bağlıdır və bir- birinə dəyişə bilirlər. Misal üçün ən çox qadınların məruz qaldığı ekonomik zorakılığı söyləmək olar.
Zorakılıqlar hər zaman da zorakılığa məruz qalan insanı incidən bir durumda olmur. Bəzən zorakılıqlar zorakılığa məruz qalan insanın məruz qalmağa meyilliliyi ilə də baş verir. Bu tip zorakılıqlar insanların razılığı, həm də insanların içsəl istəyi ilə də baş verə bilir. Sosioloq (cameeşünas) Piyer Bordiyo buna simgəsəl (Simvolik) Zorakılıq adı verir. Məncə, qadına qarşı zorakılıqda bu tip zorakılıqların da şahidiyik. Söylədiyim kimi bu tip zorakılığın əsas özəlliklərindən biri məruz qalan insanın razılığıdır. Bu üzdən də bəlkə dadlı zorakılıq da demək olsun. Əslində bu növ zorakılığın dadına varmaq istəyənlər az olmur. Misal üçün qadınların erkəklərdən gözlədiyi “qapıdan girdikdə ya çıxdıqda erkəklərdən öndə getmək” və ya “minik maşının qabaq səndəlində oturmaq” kimi bayağı istəklərə çatmaq onlara haqq verilmiş kimi, dəyər verilmiş kimi anlaşıldığı üçün və qadınların bu davranışdan böyük bir razılıq yaşadıqları üçün qadınlara qarşı simgəsəl zorakılıqdır. Qadınlar bu növ razılıqla hər hansı bir haqlarını əldə etmiş olmadıqlarına rəğmən, özlərini elə duyurlar. əslində isə örtük bir zorakılıq toruna düşürlər.
- Qadın məsələsi üzərində yazıların və çalışmaların Azərbaycanda başlanışını komunizmlə bağlayanlar var, siz bu məsələyə necə baxırsınız?
- Qadın məsələsi haqqında fərqli ideolojik cərəyanların ortaya qoyduğu düşüncələr olmuşdur. Düşündükləri əsasda təbii olaraq çalışmaları da olmuşdur. Feministlər arasında da bu tip fərqli düşünənlər vardır. Həm Liberal kəsim, həm marksist kəsim, həm psikanalist, həm də dilbilimçi kəsim və başqa kəsimlər qadın məsələsi haqqında fikirlərini ortaya qoymuşlar. Batıda bu axımların hər birinin öz ağırlıqları var. Feminizmə qatdıları önəmli tərəflər də az olmamış. Azərbaycana gəldikdə isə söylədiyiniz iddianı isbat edəcək sənədlər ortada olmalıdır. Sovetlər (Şürəvi) dönəmində qadın haqqında görülən işlərlə bu iddia isbatlanmaz. Sovetlər dönəmində qadın məsələsində işlər görülmüş. Mənfi tərəfləri də olmuş. Misal üçün “qəhrəman ana” obrazı, qadına “uşaq doğan makina” kimi baxmağın göstərgəsidir. Bu da qadını arac(vasitə) olaraq görməkdir.


Məsələ daha çox buradan qaynaqlanır ki, Azərbaycanda feminizm cərəyanların kökləri üzərində araşdırmalar olduqca zəif olmuş. Baxınız hələ də çox az sayıda insan Əhməd Ağaoğlunun “İslamda və İslamiyyət Qadın” adlı kitabının olduğundan xəbərlidir. Əhməd Ağaoğlu liberal düşüncəli birisidir. Üstəlik bu kitab 1901- ci ildə yazılmışdır. Kitabın içində isə qərbdə baş verən feministik cərəyanlardan da bəhs edir. Eyni halda Ərəblər, Farslar və Türklərdə İslamdan öncə və İslamdan sonra qadın məsələsini ələ alır. Bunun komunistlərlə bir əlaqəsi varmı? Zatən bu insanlar komunistlərin qəzəbinə tuş gələn aydınlarımızdır. Bu məsələyə sahiblik etmək istəyinin xoş niyyətli bir davranış olduğuna inanmaq çətindir. Yaxşı olar qadınların haqlarını əldə etməkdə üzləşdikləri çətinliklər mövzu olsun. Başqa tərəfdən iddiaları isbat edəcək hər hansı bir sənəd ortaya qoymadıqları üçün bu məsələ müzakirə mövzusuna çevirilməz.
Hüseyn Cavid, Möcüz Şəbistərli, Üzeyir Hacibəyli və qadın məsələsiylə ilgilənən bir çox aydın olmuş. Bu insanlar arasında komunizm də basqın ideoloji olmamış, əskinə bir çoxunun yaşamına komunizmə qarşı olduqları üçün son qoyulmuş.
- Bizim ədəbiyyatımızda da qadınlar önəmli rol oynamış. Qadın şairlərimiz, yazarlarımız ortadadır. Feminist ədəbiyyat və feminist tənqid baxımından bunlar nə yerdədir?
- Feminist tənqid və feminist ədəbiyyat haqqında bizim ədəbiyyatçıların bir sırasının arasında yanlış bir anlayış var. Belə ki, bu ədəbiyyatı göstərmək üçün şair qadınları sıralayırlar, amma qadın ədəbiyyatı, dişi cinsin yaratdığı ədəbiyyat anlamında deyildir. Qadınlıqla dişilik arasında fərq çox böyükdür. Dişilik biolojik bir haldır, qadınlıq isə toplumsal, kültürəl bir məsələdir. Feminizmin qonusu ilə toplumsal cinsiyyət olduğundan dolayı ədəbiyyatda da dişilik üzərində durmaq feminist ədəbiyyatdan anlayışı yolundan uzaqlaşdıra bilir. O üzdən də sırf dişi bir cinsin əsəridir deyə qadın ədəbiyyatına aiddir demək olduqca yanlış olar. Öncə bunu nəzərə almaq lazım ki, bizi yaradıcını dəyərləndirməliyik ya yaradıcılığı? Feminist ədəbiyyat üzərində çalışanlar da bu məsələ üzərində eyni fikirli deyillər.
Feminist tənqid və ədəbiyyat haqqında fikirlər çox fərqlidir. Bir sıraları feminist tənqiddən yola çıxaraq əsərin yazarının cinsiyyətindən asılı olmaraq əsəri incələyib və əsərdə qadın rollarından yola çıxaraq yazarın qadına olan baxışını dəyərləndirirlər. Bir sıra feminist ədəbiyyat quramçıları isə ədəbiyyatçıların (özəlliklə qadın ədəbiyyatçıların) əsərində qadın haqları uğrunda mübarizə məzmunlar axtarışına çıxırlar. Bunu da onlar qadın ədəbiyyatı olaraq tanıyarlar. Fərqli bir baxışda isə qadınların erkəklərlə fərqli dünya yaşadıqları üçün yaradıcılıqlarında da qadınlara məxsus motivlərin olmasının gərəkliliyini düşünürlər. Elə olmadığı halda estetik baxımından erkəkləri yansılayan bir yaradıcı olduğu fikirini də ortaya qoya bilirlər. Yəni qadınların qadına məxsus bir estetik sahibləri olmasının lazımliyi və erkəkləri estetik baxımdan təqlik etməmək onlar üçün olduqca önəm daşımaqdadır. Bu feminist ədəbiyyat anlayışında olan tənqidçilər də, əsərlərdə qadına məxsus estetik (gözəllik) axtarışına çıxırlar. Bir sıraları isə qadın məsələsini ədəbiyyatda diskors halına gətirmək (Söyləmsəlləşdirmək) düşüncəsindədirlər. Göründüyü bu növ ədəbiyyat haqqında da fikir fərqliliyi az deyil.
Məncə hansı tərifdən yola çıxsaq da bizdə feminist ədəbiyyatın bəzən qığılcımlarını bəlkə görmək olsun, amma hər hansı bir axım olaraq ortada yoxdur.
- Sizcə, Güney Azərbaycan Milli hərəkətində Qadın məsələsinə necə yanaşılmalıdır? Qadınlar hərəkətçilərlə birlikdə çalışmalıdırmı ya onlar da ayrılıqda fəaliyyətlərini irəli aparmalıdırlar?
- Toplumsal vəya ictimai hərəkətlərdə kimsəyə sərhəd tanımaq doğru sayılmaz. Qadınlar harada fəaliyyəti yararlı görərlərsə orada da çalışmaq onların haqlarıdır. Milli hərəkət də, Feminist hərəkət də eşitsizlikdən incikdir. Birisində millətlərin bərabərliyi, birisində də insanların bərabərliyi amacdır. Bizim millətin qadınları isə iki qat eşitsizliyə məruz qalırlar. Azərbaycan Türkü olmaqdan və qadın olmaqdan dolayı. O üzdən də məncə ikisi də eşitsizliyə qarşı mübarizə də yer alırlar. Heç bir eşitsizliklə mübarizədə hansısa mübarizəyə nisbət öncüllük tanımaq doğru olmaz. Bu mübarizənin ikisi də eyni zamanda irəli gedə bilər. Hansınısa birinci, hansınısa mübarizəmizin ikinci sırasına qoysaq yanılmış olarıq. Ədalət uğrunda mübarizə sıra tanımaz. Bütün bunlarla yanaşı mənim düşüncəmə görə İranda fars olmayan millətlərin feminist hərəkətləri İran mərkəzli feminist hərəkətlə birlikdə hərəkət etməklə heç bir sonuca varmaz. Çünki millətlərin qadınlarının sorunları eyni deyil. Bunların həll yolları da fərqlidir. Üstəlik yeni feminist teorilər lokal davranmağın gərəkli olduğunu vurğulayır. Praqmatist yanaşma, düşüncələrin pratik sahədə təsirini gücləndirmək üçün fəaliyyət alanını məntiqli seçməlidir. Bu gün İran qadınının sorunu deyə ələ alınarsa çalışma qısır qalar. fərqli millətlərin qadınlarında olan sorunların fərqlilikləri ciddiyə almaq lazımdır.
- Qadın haqqı, qadın haqqı deyilmi məyər? Nədir bu Güney Azərbaycan qadın hərəkəti ilə, İranda yaşayan başqa millətlərin qadın hərəkətlərini özəlliklə İran mərkəzli qadın hərəkəti ilə fərqləndirən amillər?
- Baxın eyni adresə fərqli yollardan getmək olar, çünki insanlar fərqli adreslərdə yaşaya bilirlər. Hamı eyni yoldan getmək məcburiyyətində deyil. Bəzən eyni yoldan getmək mümkünsüz də ola bilər. Uyğun yol, məntiqli yol sayılar. Azərbaycan Türklərində də qadının sorunları başqa millətlərin qadınlarının sorunları ilə fərqli olduğu üçün həll yolları da fərqli olur. Bu gün batı qadınının sorunları da doğu qadınlarının sorunları ilə fərqlidir. Hətta Azərbaycanın Güneyi və Quzeyini nəzərə alsaq da qadınların fərqli çətinliklərini görə bilərik.
Hər bir feminism teorisi ilə qadın məsələsinə yanaşmaq istəsək yenə fərqlər ortaya çıxır. Ekonomik baxımdan baxsaq, Güney Azərbaycan, yeni sömürgəçiliyə məruz qalmışdır. Ərəblər də İranda yeni sömürgəçiliyə məruz qalmışlar. Fars mahiyyətli mərkəzi hakimiyyət isə sömürən rolunu oyanyır. Sömürənlə- sömürülən (müstəmləkəsi edənlə müstəmləkə olan) arasında böyük bir ekomonik fərq var. Bundan dolayı da biz qadın məsələsinin ekonomik tərəflərini incələsək də bu iki millət arasında fərq yenə ortaya çıxmış olacaq. Çox sadə bir örnək: Bəmdə illər öncə zəlzələ baş verdi, son aylar da Azərbaycanda bu acı hadisə baş verdi. Bəmdəki insanların(qadınların) durumu ilə Vərziqandakı insanların(qadınların) durumu eynidirmi? Təbii ki, deyildir. Çünki bu millətlərin vətənlərində fərqli ekonomik siyasət tətbiq edilir. İllərdir Güney Azərbaycan kəndlərindən Fars bölgələrinə fəhləlik üçün qadınlar gedir. Fars bölgələrdən başqa millətlərin yaşadığı yerə fəhləlik üçün gedən qadın olmadığı üçün də bu fərq bizə aydındır. Bu iki millətin qadınının yaşam şəraitində böyük fərq var. Yeni sömürgəçiliyə məruz qalan millətlərin Feministik cərəyanları da durumlarına uyğun olur. Bunun üçün yeni teorilər də ortadadır. Praqmatist yanaşma bunları nəzərə almaq məcburiyyətindədir. Əsk halda söylənilənlər şüar olaraq dildə qalar.
Başqa tərəfdən son dönəmlərdə dil, kültür üzərində də axımlar yaranmışdır. Misal üçün Fransa yaranmış linquistik(dil bilimçi) feminizmi söyləmək olar. Quruluşçuluq və post quruluşçuluq teorilərindən yola çıxaraq əsasən dil- düşüncə bağlılığına dayanan bu axım, dilin insanın düşüncəsində qurucu amil olduğuna və eyni halda insanın da dilə təsir buraxdığına təkid edərək dili diqqət mərkəzinə alır. İnsanların düşüncələrində cinsiyyətlərin bərabərliyinin bir yolunu da dillərdə cinsiyyətçiliyin aradan getməsi ilə mümkün olduğunu vurğulayır. Dildə erkəklik, qadına qarşı mənfi ifadələr, dilin cinsiyyətçiliyi aradan getməlidir ki, insanlar arasında eşitlik, bərabərlik yaransın deyirlər. Dillər fərqli olduğu üçün də hər millətin feministi dil üzərinə odaqlanmaq istəyirsə, yalnız öz dilinə odaqlana bilər. Ərəb feministi, Fars dilinin erkəkliyini düşünərsə demək Ərəb dilinin erkəkliyi üzərində kim çalışmalıdır? Bu yalnız dillə bitmir, mitoloji (əsatir, əfsanəvi) fərqliliyini də artırmaq lazım. Ərəb mitolojisi ilə Yunan mitolojisində qadına baxışda fərqlilik gözlənilməz deyil. Deyimlərdə də eləcə. Fars mitolojisi ilə Türk mitolojisində də fərqlər olduqca böyükdür. Söylənilən və söylənilməyən bir çox şərait fərqliliyindən dolayı da millətlərin qadınları eşitsizliyi aradan qaldırmaq üçün ən uyğun və pratik yolu seçməkləri lazımdır. Bu yolda verimli olmaq üçün fərqlilik göz önünə alınmalı olur.
Söhbətləşdi: Elnur Eltürk

Geri dön