Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Hər zaman xatırlanan böyük sənətkar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > Hər zaman xatırlanan böyük sənətkar

Hər zaman xatırlanan böyük sənətkar


Bu gün Azərbaycan peşəkar teatr sənətinin banilərindən biri - aktyor Hüseyn Ərəblinskinin anım günüdür.

1881-ci ildə Bakı şəhərində doğulan Hüseyn Ərəblinski ilk təhsilini mollaxanada alıb. Gələcəyin görkəmli aktyoru maddi çətinliklə əlaqədar məktəbi buraxmağa məcbur olub. Yoxsul uşaqların məktəbə götürülməsinə şərait yaradan Həbib bəy Mahmudbəyov gənc Hüseynin də özünün müəllim işlədiyi “Üçüncü rus-tatar” məktəbinə qəbul edilməsinə yardım edib. Hüseyn Ərəblinskinin teatr sənətinə gəlişinin səbəbkarı da məhz Həbib bəy olur. O, Cahangir Zeynalovla birgə Mirzə Fətəli Axundzadənin əsərlərindən birini tamaşaya qoymaq istəyərkən epizodik rollar üçün aktyor tapmır və bu işə Hüseyn də daxil olmaqla öz şagirdlərini cəlb edir.

1897-ci ildən 1900-cu ilədək yalnız kiçik rollarda çıxış edən Hüseynin teatrdakı uğurları 1903-1904-cü illərdə yaradılan Müsəlman Artistləri Cəmiyyəti ilə sıx bağlıdır. Belə ki, 1905-ci ildə Lənkərana qastrol zamanı “Müsibəti-Fəxrəddin” tamaşasında əsas rolu oynayacaq aktyor qəflətən xəstələnir. Məcburiyyət qarşısında qalan truppa rəhbərliyi bu rolu Hüseynə tapşırır.

Bu rolu böyük məharətlə oynayan Hüseyn Ərəblinski çox keçmədən istedadlı aktyor kimi tanınmağa başlayır. Sonradan “Nicat” Teatr Cəmiyyətində baş rejissor kimi fəaliyyət göstərir və teatr mühitində bir sıra yeniliklərə imza atır. O, əldə bilet satmağı, qapı-qapı gəzib tamaşaçı toplamağı qadağan edir. Aktyorlara məvacib müəyyənləşdirir, mövhumatı təbliğ edən əsərləri repertuardan çıxarır. Bir çox dünya klassiklərinin, eləcə də rus dramaturqlarının əsərlərini ilk dəfə Azərbaycan səhnəsinə gətirən məhz Hüseyn Ərəblinski olur.

Həmin dövrlərdə qadınların teatrda çıxış etməsi qeyri-mümkün olduğundan qadın rollarını kişilər oynayırdılar. Qadın rolunda çıxış etmək üçün bığını qırxdıran Hüseynin ailəsi ilə münasibəti bir qədər də gərginləşir. Səhnəni hər şeydən üstün tutan, həyatının mənasını bunda görən Hüseyn Ərəblinski deyirdi: “Səhnə müqəddəsdir, ona layiq olmaq üçün aktyor ciddi bir əxlaq sahibi olmalıdır. Heç bir hərəkəti və sözü ikrah doğurmamalıdır.

Bazarlarda dolaşmaq, çayxanalarda və meyxanalarda əyləşib zarafatlaşmaq, səliqəsiz geyinmək, özgəsinə boyun əymək və sair kimi hərəkətlər aktyorun təbiətinə, vəzifəsinə və məsləyinə tamamilə ziddir. Həyatda yüngül və şərəfsiz tanınan aktyor heç bir zaman səhnədə tamaşaçını inandıra bilməz. Tamaşaçı həmişə aktyora qarşı ehtiram və hörmət hissi bəsləməli, onu axtarmalı və ona rast gələrkən sevinməlidir”.

Əbdürrəhim bəy Haqverdiyevin “Ağa Məhəmməd Şah Qacar”ında Qacar, Lanskoyun “Qəzavət”ində Əhməd bəy Şamxal, Qoqolun “Müəffətiş”ində Xlestakov, Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin” əsərində Fəxrəddin, Mirzə Fətəli Axundzadənin “Hacı Qara” komediyasında Heydər bəy, Şillerin “Qaçaqlar”ında Frans, Şekspirin “Otello”sunda Otello Hüseyn Ərəblinskinin ən uğurlu rolları sırasındadır.

Hüseyn Ərəblinski 1919-cu ilin martında qətlə yetirilib. Sovet dönəmində Ərəblinskinin ölümü ilə müxtəlif fikirlər səslənsə də, tarixi sənədlər göstərir ki, onu dayısı oğlu Əbdülxalıq qətlə yetirib. Ərəblinski sənətinə həqarətlə baxan Əbdülxalıq qeyri-müəyyən bir mübahisə üstündə bu addımı atıb. Sənətkarın məzarı Bakıdakı Fəxri xiyabandadır.

Ölümündən 102 il ötməsinə baxmayaraq, görkəmli sənətkar hər zaman böyük hörmət və ehtiramla xatırlanır.

Geri dön