Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Deputat telekanalları "vurdu": "Toy olsun" və "Onun yarısı" proqramları ekrandan çıxarıldı, amma …”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Deputat telekanalları "vurdu": "Toy olsun" və "Onun yarısı" proqramları ekrandan çıxarıldı, amma …”

Deputat telekanalları "vurdu": "Toy olsun" və "Onun yarısı" proqramları ekrandan çıxarıldı, amma …”


“Dəyişən papaqdır, baş həmin başdır”

Evimizdə daimi bir dostumuz var - adı televizordur. Mənzilimizə girən kimi dərhal onun düyməsini basır, sonra digər işlərimizi görməyə başlayırıq. Boş vaxtlarımızı da onun önündə keçirir, darıxanda kanalları ələk-vələk edir, hərdən bezib küssək də, tez barışırıq. Çünki mavi ekran artıq həyatımızın və məişətimizin ayrılmaz hissəsinə çevrilib.

Təəssüf ki, Azərbaycan teleməkanındakı tamaşaçıların çoxu artıq yerli verilişlərdən birdəfəlik üz çevirməkdədir. Bunu kabel televiziyalarının ilbəil genişlənən auditoriyası, çanaq antenlərinin sayının artması da göstərir. Müxtəlif söhbətlər və sorğular zamanı da ölkə vətəndaşları özəl telekanalların proqramlarındakı yeknəsəqlikdən, peşəkarlıq səviyyəsinin xeyli aşağı düşməsindən, verilişlərin böyük əksəriyyətinin şou proqramı olmaqla evdar qadınlara ünvanlanmasından narazılıqlarını gizlətmir, yaxın xarici ölkələrin (dil baxımından problem yaşanmadığı Türkiyə və Rusiya) telekanallarına tamaşa etdiklərini söyləyirlər.

Əlbəttə, özəl telekanallar tamaşaçı itkisinə əhəmiyyət vermir, özlərini bilməzliyə vururlar. Abunəçi hesabına yaşamadıqlarından bu, onlara hələ ki heç bir təsir göstərmir! Hərəsi özünə bir ad - "kanallar kanalı", "liderlər kanalı", "ən baxımlı kanal" və s. qoymaqla ən geniş tamaşaçı auditoriyasına malik olduqları görüntüsü yaratmağa çalışırlar. Ancaq: qazan deyir dibim qızıldır, çömçə deyir indicə dolanıb gəlirəm - biz tamaşaçılar hansı kanala çox baxıldığını daha yaxşı bilirik! Kimlərlə sorğu keçirdiyi və harada araşdırma apardığı bilinməyən "reytinq qurumları" yox!

Bir vətəndaş və dövlət olaraq isə marağımız öz telekanallarımızadır! Amma bu şərtlə ki, həmin maraq televiziya işçiləri tərəfindən təmin edilə! Yoxsa heç qımıldanmadan belə pultun düyməsini basmaqla bizə lazım olanı dünya teleməkanından tapıb çıxara bilirik!

Televiziya isə həm də öyrədici və tərbiyəedici olduğundan öz teleməkanımızda qalmağımız daha vacibdir!

***

Televiziya təkcə əyləndirən deyil!

Onun informasiya vermək və maarifləndirmək funksiyası da var!

Həm də bu funksiyalar heç də əyləndirməkdən az əhəmiyyətli sayılmır!

Hazırda mavi ekranda görünənlər isə nəinki bu nisbətin gözlənilmədiyindən, hətta maarifçilik, tərbiyələndirmə missiyasının az qala unudulduğundan xəbər verir!

Azərbaycan kiçik bir ölkədir. Odur ki, gün ərzində baş verən hadisələrdən xəbər tutmaq və onları insanlara çatdırmaq elə bir çətinlik törətmir. Üstəlik, internetin mövcudluğu, elektron resursların və informasiya agentliklərinin fəaliyyəti bu sahədə operativliyin təmininə və çoxmənbəli informasiyanın dadımıza çatmasına şərait yaradır. Özəl telekanallardakı informasiya proqramlarının müəyyən oxşarlığına və təkrarlığına baxmayaraq, haradasa onları qənaətbəxş hesab etmək olar. Əyləndirmə və maarifləndirmə funksiyasının icrasında isə ciddi nöqsanlar davam etməkdədir!

Dəyişən papaqdır...

Mətbuatın və xalqın milli-mənəvi dəyərlərini qoruyan ziyalıların təpkisindən sonra, nəhayət ki, ANS-in "Toy olsun" və ATV-nin "Onun yarısı" proqramları ekrandan çıxarıldı. Buna qədər isə həmin verilişlər Azərbaycan ailə institutuna, bu institutla bağlı bütün dəyərlərimizə əllərindən gələn qədər zərbələr vurdu! Tamaşaçılar da borclu qalmadılar! Telefon bağlantısı vasitəsilə efirə çıxaraq efir və ekrana layiq olmayan ifadələrlə "qisas"larını aldılar. Əlbəttə, belə hərəkətləri bəyənmirik və təqdir etmirik! Ancaq qeyri-məqbul sayılsa da, hər halda etirazın təsirli formasını tapa bildilər! Və həmin verilişlər televiziyaların arxivinə verildi.

Yerinə gələnlər isə göstərir ki, "dəyişən papaqdır, baş həmin başdır!"

Adətən özəl telekanallar "pul çıxan verilişlərə" meyilli olurlar. Onlar reklam və ucuz reytinq dalınca qaçdıqlarından çox zaman verilişlərinin səviyyəsinə əhəmiyyət vermirlər.

Müstəqillik dövründə Azərbaycan teleməkanında yaranmış SMS və "gizli reklam" hərisliyi isə yaradıcılıq məsələlərini arxa plana atmışdır. Nəticədə qəribə mənzərə yaranmışdır. Heç bir maliyyə çətinliyi çəkməyən (hər halda vəsaitsizlikdən iflas edənləri olmayıb) özəl kanallar kəskin yaradıcılıq böhranı keçirməkdədirlər!

Yaradıcılıq böhranı özünü "qonaq" böhranında da büruzə verir.

Daha nüfuzlu söz sahibləri telekanalların dəvətinə həvəslə səs vermirlər, müxtəlif bəhanələrlə boyun qaçırırlar.

Artıq kanallar təsadüfi "rəyçilər"in və söz sahibi sayılmayan "münsiflər"in ümidinə qalıblar.

"Çağırırıq, gəlmirlər", - deyə haray-həşir qoparırlar.

Müxtəlif kanalların ayrı-ayrı aparıcıları bir-birinə "qonaq" getməklə verilişləri "xilas" edirlər.

Məgər bu, çox ciddi, düşündürücü fakt deyilmi?

Bəs nəticə haçan çıxacaq?

Azərbaycan teleməkanından üz çevirərək "yaxşı veriliş" arzusu ilə xarici kanallara üz tutanların sayı hər gün artır!

Xırda qazanclara uyaraq böyük itkilər verənlər isə hələ ki bunun fərqində deyillər!

"Qəlb də kiçicik bir sümük gəmirmək istəyir" - deyib Viktor Hüqo!

Doğrudanmı Azərbaycan tamaşaçısı mənəvi qidasını ölkəsindən kənardakı mavi ekranlarda axtarmalıdır?

"Bəs mənim xalqımın varlığı hanı?" - Onda bu sualın cavabını kim verməlidir?!

Bütün bunlar gözlənilən idi!

Təəssüf ki, özəl kanalların yaradıcı heyəti bu boşluğu vaxtında doldurmaq barədə düşünmür!

Yaradıcılıq tükənəndə

Dünya gör-götür dünyasıdır, - demişlər. Amma gördüyündən götürmək də bacarıq, hətta deyərdik ki, qabiliyyət tələb edir!

Bu gün mavi ekranlarımızda kök salmış verilişlərin heç biri yeni və orijinal deyil!

Bir sıra xarici televiziya kanallarında, xüsusən Rusiya və Türkiyə kanallarında gedən, yaxud artıq arxivə verilən verilişlərdən törəyənlərdir!

Amma nə düz-əməlli əcdadlarına oxşayırlar, nə də təzə valideynlərinə! "Yenilik" adı ilə götürülən belə layihələri nəinki yaradıcılıq baxımından təkmilləşdirmək, uyğunlaşdırmaq barədə düşünürlər, əksinə, bir qədər də bayağılaşdırır, bəsitləşdirirlər! Əndrəbadi bir şeyə çevirirlər.

ANS-in "İkinci həyat" və "Elgizli axşamlar", ATV-nin "Ümid var" və "Səni axtarıram", "Space"in "Bizi barışdırın" və "Etiraf", habelə digərləri bu qəbildəndir.

Həm də ucuz ətin şorbası olmaz, - deyiblər.

Özəl telekanallar maraqlı verilişlər hazırlanmasına pul xərcləmək istəmirlər və xərcləmirlər!

Abırlı veriliş ərsəyə gətirməkdən ötrü əvvəlcə ssenari yazılmalı, dekorasiya hazırlanmalı, rejissor və operator ssenari üzərində işləməli, aparıcı hazırlaşdırılmalıdır!

Yalnız peşəkar və kollektiv zəhmət sayəsində meydana nəsə maraqlı və dəyərli veriliş qoymaq mümkündür!

İndiki şou proqramları isə...

Təxmini vəziyyət belədir... Aparıcı qonaqlarını ənənəvi studiyaya dəvət edir ("Şirin" düşmək üçün onları bəzən bir-bir çağırır). Konkret mövzu qoyulsa da, əvvəlcədən söhbətin necə gedəcəyini və nə sayaq yekunlaşacağını heç müəllifin özü də bilmir. Elə ki "xətdən kənaraçıxma" halları baş verir, dərhal aparıcı kanalın daimi "muzdlu-tamaşaçı" iştirakçılarının köməyi və "dəstək-alqışları" ilə qonağın "dərsini" verir. Çeynənmiş suallar, qeyri-səmimi cavablar, qondarma mübahisələr əslində tamaşaçıya yeni heç nə vermir! Yalnız "cib reklamı"na xidmət edir! Televiziyalarda verilişlərin adları müxtəlif olsa da, forma və məzmun, hətta qonaqlar da eynidir:

Aparıcı heç kəsə aman verməyərək hamıdan çox danışır;

Tez-tez müsahiblərinin sözünü kəsir;

"Ekspertlər" şəxsi fikirlərini "ictimai rəy" qismində tamaşaçılara sırımağa çalışırlar;

"Hüquqşünas" bir-iki sual verdikdən sonra iştirakçılara məhkəməyə müraciət etməyi məsləhət görürlər;

Qonaqlar bir-birini "həzm edə" bilmirlər və s. və i.

Sonda:

Bu verliş nə məqsədlə hazırlanıb;

Tamaşaçıya nəyi aşılamaq istəyirdilər;

Hansı nəticə hasil oldu və digər məsələlər qaranlıq qalır.

Özünəməxsus "uğur göstəriciləri"

Özəl telekanallarda təkcə yaradıcılıq defisiti olsaydı, nə vardı ki...

Belə ucuz verilişlərin özünəməxsus "prinsipləri" də var. Məsələn, "Səni axtarıram"da söz verilən hər "zərərdidə" ağlaya-ağlaya danışmalıdır.

"İkinci həyat"da aparıcının sualına cavab verərkən də hökmən ağlamaq lazımdır.

Qarşı tərəflər studiyada bir-birinin üstünə qışqırmalı, ittihamlar səsləndirməlidirlər. - Bu, "süjet gərginliyi" deməkdir.

"Ziyalı ekspertlər" cavabdehi yaş yuyub-quru sərməlidirlər ("Bizi barışdırın"dakı kimi) - Bu, məsələyə "prinsipial yanaşma" əlamətidir.

"Araşdırmaq" üçün yerlərə çəkilişə gedənləri "həyətdən qovaraq" "kameraya" hücum etmək - "konfliktli situasiya" göstəricisidir.

Verilişdə qarşılaşan doğmalar bir-birlərini amansızlıqda, dönüklükdə, mənəviyyatsızlıqda ittiham edirlərsə, - bu, "jurnalist tapıntısıdır".

Həm də "maraqlı şikayətçi" axtarışının uğurla nəticələndiyindən xəbər verir.

Süni göz yaşlarının bol-bol axıdıldığı, qara-qışqırığın həddini aşdığı bu tip verilişlərdə təkcə mənəviyyatımız ziyan çəkmir! İnsanların şəxsi həyatının toxunulmazlığı hüququ da kobud surətdə pozulur!

Birinin hüququnu qorumaq istərkən başqasının hüququnu tapdalamaq yolverilməzdir!

Şəxsiyyəti ictimai mahiyyət daşımayan insanların həyətinə, mənzilinə və həyatına soxularaq icazəsiz, bəzən zorakılıqla çəkiliş aparmaq olmaz!

Pozulan tarazlıq

Özəl televiziya kanalı proqram siyasətində sərbəstdir. - Bu, doğrudur!

Ancaq bütün kanalların yayımlandığı əsas ünvan Azərbaycandır. - Bu, həqiqətdir!

Kanalın veriliş verməkdə əsas məqsədi pul qazanmaqdır. - Bunu bayaq dedik!

Dövlət isə buradan qazanc güdmür!

Onun başlıca marağı vətəndaşının maariflənməsi, xalqın milli-mənəvi dəyərlərinin qorunması, mədəniyyətin inkişaf etməsi, mənfi halların qarşısının qabaqcadan alınmasından ötrü qınaq və ictimai rəydən düzgün istifadə olunmasıdır!

Biz hər an başlaya biləcək müharibə şəraitində yaşayırıq!

Bir milyondan çox qaçqın və məcburi köçkünümüz var!

Erməni lobbisi, antiazərbaycançı şəbəkə, müstəqil siyasət yürütməyimizi qəbul etməyənlər daim bizə qarşı düşmənçilik hərəkətləri edirlər!

Vətənpərvər, dövlətə və xalqa sədaqətli vətəndaşlara ehtiyacımız çoxdur!

Biz insanlarımızı - yeni nəsli azərbaycançılıq ideologiyası əsasında, milli və dövləti maraqlara sədaqət ruhunda, həm də milli adət-ənənələrə söykənərək tərbiyə etməliyik!

Dövlətin siyasətini hansısa özəl qurumun pul qazanmaq marağına qurban verməli deyilik!

Nə qədər mənəviyyatsız şou proqramları göstərmək olar?!

Haçanadək kişilər qadınlara, bütün günlərini toyxanada keçirən oxuyanlar isə mətbəxdə oturan arvadlara xörək bişirmək dərsi keçəcəklər?!

Nə vaxtadək bu xalqın uğursuz taleli, yolunu azmış, bəzən hətta psixoloji durumu yerində olmayan nümayəndələri, problemli ailələri telekanalların qəhrəmanı və siması rolunda çıxış edəcək?!

Hanı bu xalqın ağıllı ziyalısı, zəhmətkeş insanı, kreativ gənci, milli dəyərləri qoruyub saxlamış ailələri, hamıya örnək olacaq vətəndaşları?

Hanı halallığı, düzlüyü və təmizliyi, ənənələrə sadiqliyi ilə seçilən və nümunə olan ailələr, insanlar?

Hanı müharibə vəziyyətində yaşayan ölkənin cəsur zabiti, igid əsgəri? Niyə onları bu qədər az, xəsisliklə göstərirlər?!

Niyə "yaxşı" ilə "pis"in tarazlığı gözlənilmir?

Dövlət quruculuğu prosesi sürətlə gedir. - Telekanallar soyuqqanlıdır!

Mədəniyyətimiz, musiqimiz dünyaya səs salır. - Televiziya toyda oxuyanlardan, "manıs" qalmaqallarından əl çəkə bilmir!

Antiazərbaycançı şəbəkə get-gedə quduzlaşır. - Televiziya bu barədə araşdırma verilişləri hazırlamır!

Mənəvi deformasiyalar gedir. - Televiziya yanan ocağa neft tökür!

Niyə vətənpərvərlik verilişlərinə cüzi diqqət və zaman ayırırlar?!

Niyə özəl kanallarda bu qədər laqeydlik, fərqsizlik, özünəvurğunluq var?!

Niyə telekanallar insan talelərinə - zorla ata-baba yurdlarından qovulmuş qaçqın və məcburi köçkünlərin həyatına və yaşayışına bu qədər biganədirlər? Artıq agır, məşəqqətli həyat sürən, bəzən insan üçün yaramayan şəraitdə yaşayan bu insanların bir çoxu dövlət qayğısı sayəsində yeni mənzillər almış, sözün həqiqi mənasında ağ günə çıxmışdır! Dövlət başçısı daim təzə qaçqın şəhərciklərinə baş çəkir, belə ailələrin qonağı olur.

Telekanallar isə sanki qaçqın və məcburi köçkünlərdən qorxur, yalnız onların hansısa narazılığını (müxtəlif ictimai binalarda müvəqqəti yaşayanların) lentə alaraq şişirdilmiş şəkildə təqdim etməklə kifayətlənirlər!

Hər kanalın "Yolçu" verilişi ("yolçu" sözünün bir mənası da "dilənçi"dir) bölgələrə gedir. Amma bölgələrdə də məcburi köçkün qapısı açmır, toy, çal-çağır çəkir, qazan tapıb qapağını qaldırır. Sanki mətbəx qoxusundan ayrıla bilmirlər!

Necə olur ki, dövlət başçısı vaxtaşırı yeni tikilən qəsəbələrə baş çəkməyə, məcburi köçkünlərlə görüşməyə vaxt tapır, amma telekanallar ildə bir kərə olsa belə məcburi köçkün qəsəbələrindən veriliş hazırlaya bilmirlər?!

Əslində bu, onlara sərf etmir! Çünki məcburi köçkünün nə SMS-i var, nə reklamı, nə də "raskrutka" etməyə klipi!

Havayı veriliş çəkməyə isə daxili istək, geniş ürək olmalı, bir də həmin insanlara xoş və xeyirxah münasibət bəslənilməlidir!

İllər boyu bu insanlar əziyyət çəkmişlər!

İllər boyu bu insanlar heç bir kommunal şəraiti və rahatlığı olmayan, yayda istidən, qışda soyuqdan əziyyət çəkilən yerlərdə yaşamışlar!

Artıq onlara məxsus 73 yeni tipli qəsəbə vardır!

Niyə kameralar bu boyda işi "görmürlər"?

Müsbət nümunə həsrətini çoxmu çəkəcəyik?!

Mavi ekranlardan süni göz yaşları axmalı deyil!

Əslində oradan qəlbimizə vətənpərvərlik duyğuları, vətən və torpaq sevgisi, xalqa və dövlətə, milli-mənəvi dəyərlərə məhəbbət və sədaqət hissləri axıb dolmalıdır!

BU, HƏM DƏ YAŞADIĞIMIZ DÖVRÜN TƏLƏBİDİR!

Bəxtiyar SADIQOV

Geri dön