Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gecə yuxusunun vacibliyi və smartfon işığının yuxuya göstərdiyi mənfi təsirlər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Gecə yuxusunun vacibliyi və smartfon işığının yuxuya göstərdiyi mənfi təsirlər

Gecə yuxusunun vacibliyi və smartfon işığının yuxuya göstərdiyi mənfi təsirlər


Pandemiya ilə əlaqədar karantin və özünütəcrid dövründə smartfondan daha intensiv, demək olar ki, gecə-gündüz istifadə edənlər var. Bəzi hallarda bilərəkdən özlərini yuxudan məhrum edənlər olur.

Mərkəzi Gömrük Hospitalının nevropatoloqu Lalə İbrahimova müsahibəsində həmin hallın təhlükəsi və fəsadları barədə danışıb: “Təəssüf ki, gecə vaxtı yuxu saatlarını belə məşğuliyyətlərə sərf edənlər həmin halın yuxunun keyfiyyəti və beynin sağlamlığına necə təsir etdiyindən xəbərsizdirlər. Zahirən sadə görünən həmin vərdişlər insan sağlamlığına çox mənfi təsir göstərir. Özünü yuxudan məhrum edənlər əslində bununla qətiyyən vaxt qazanmırlar, əksinə, ömrü qısaltmış olurlar. Alimlərin 6 il ərzində 400 min nəfər üzərində yuxu ilə əlaqədar apardıqları tədqiqat zamanı aşkar edilib ki, az yuxu yatanlarda ürək-damar sistemi pozuntusu, depressiya, həyəcan, diabet, piylənmə xəstəlikləri və hətta ölüm riski 10 faiz daha çox olub. Bunun səbəbi isə yuxu və gümrahlıq göstəricisi olan sirkad ritmlərinin pozulmasındadır”.

Normal yuxu dövri təxminən hər 24 saatdan bir olur və həmin dövr sirkad ritmi adlandırılır. Həkim-nevropatoloqun dediyinə görə, sirkad ritmləri melatonin hormonu vasitəsilə tənzimlənir: “Melatonin baş beyində yerləşən epifiz vəzisində sintez edilir. Melatonin hormonu orqanizmdə şiş əleyhinə və antioksidant təsir edir, endokrin sistemi ilə əlaqədar insulinə qarşı həssaslığı artırır, çəkinin tənzimlənməsinə kömək edir, yaşla əlaqədar testosteron səviyyəsinin aşağı düşməsinin qarşısını alır, ürək-damar və immun sisteminin davamlılığının təmin olunmasında iştirak edir. Araşdırmalar sübut edib ki, melatonin hormonunun normal səviyyədə sintez edilməsi insan ömrünü 20 faiz artırır.

Gur işıq melatonin sintezini iki dəfə aşağı salır. Bu barədə heç də hamı bilmir və ya bu barədə düşünmək istəmir. Smartfonun verdiyi işıq spektrində adi gözlə görülməyən göy işıq melatonin sintezini kəskin sürətdə aşağı salır. Belə ki, gecələr planşet və ya telefonla informasiya mübadiləsi edəndə yuxu hissi gec yaranır, melatonin pik həddinə çox gec çatır və nəticədə dərin yuxu fazası azalır. Beləliklə, iş həftəsi ərzində lazımi qədər yuxu yatmayanlar olur, yuxu keyfiyyətsiz olur, istirahət günlərində isə çox yatmaqla yorğunluqlarını aradan qaldırmağa çalışırlar. Əslində bu, həftə ərzində toplanmış stres və yuxusuzluğun birdən-birə yox olmasına səbəb olmur. Bu, daha çox ağrıkəsici dərman preparatının qəbul edilməsinə bənzəyir, əsl səbəb isə həll olunmamış qalır”.

Bundan başqa insanlar üzərində yuxu ilə əlaqədar 3 həftə ərzində digər tədqiqat da aparılıb. Tədqiqatda iştirak edənlərə gec və 6 saat müddətində yatmaq, yəni sirkad ritminə laqeyd yanaşmaq tapşırılıb. Araşdırma nəticəsində iştirakçıların prediabet vəziyyətinə gəldiyi məlum olub.

Problemin həlli çox sadədir. Alimlərın digər bir araşdırmasında iştirakçılar yuxu gigiyenası qaydalarını gözlədiklərindən özlərini gümrah hiss edib, onların əzələ gücü artıb, reaksiyaları sürətlənib, stress və depressiya səviyyəsi aşağı düşüb. Həkim-nevropatoloqun dediyinə görə, həmin araşdırma iştirakçılarının nail olduğu uğurları qazanmaq üçün bir sıra sadə qaydalara əməl etmək lazımdır: “Hər kəs özünə uyğun olan yatmaq və oyanmaq vaxtını müəyyən etməlidir, həmin qrafiki əldə edənə qədər isə hər dəfə yuxuya getmə və oyanma vaxtından bir saat əvvəl yatmaq və oyanmaq lazımdır. Yatmazdan 1 və ya 2 saat əvvəl smartfonlar söndürülməli, bu mümkün olmadıqda, monitoru göz üçün təhlükəsiz edən f.lux proqramını yükləyərək kompüterdə və telefonda işıq spektrinin göy işığının şüalanması azaldılmalı və ya kompüter üçün nəzərdə tutulmuş qəhvəyi və sarı rəngli eynəklərdən istifadə edilməlidir. Yatarkən yan otaqlardan və ya pəncərədən işıq düşməsinin qarşısını almaq lazımdır, çünki bu, yuxunun keyfiyyətinə təsir edir və melatonin sintezini azaldır. Bunun üçün yuxu maskalarından da istifadə etmək olar. Yaşlılar yatan zaman kənar işıqlar yeniyetmələrdən fərqli olaraq onların yuxusunun keyfiyyətini daha çox pozur. Bu, göz büllurunda baş verən dəyişikliklər səbəbindən yaşlılarda işıq spektrinin göy şüalarının daha çox qəbul edilməsi ilə əlaqədardir. Səhər yuxudan oyanan zaman otağı gur işıqlandırmaq lazımdır. Əgər yuxu gigiyenasına düzgün riayət edilməsinə baxmayaraq, bir ay ərzində yuxusuzluqla bağlı şikayətlər davam edərsə, həkimə müraciət etmək məsləhətdir”.

Geri dön