Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dövlət İmtahan Mərkəzi və ACCA-nın Türkiyə nümayəndəliyi arasında əməkdaşlıq məsələləri müzakirə edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Dövlət İmtahan Mərkəzi və ACCA-nın Türkiyə nümayəndəliyi arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Dövlət İmtahan Mərkəzi və ACCA-nın Türkiyə nümayəndəliyi arasında əməkdaşlıq məsələləri müzakirə edilib


Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən maliyyə savadlılığının artırılması məqsədilə ACCA ilə genişmiqyaslı əməkdaşlığa dair fəaliyyət planı hazırlanıb və yerli ali təhsil müəssisələri ilə birgə layihələrin həyata keçirilməsi üçün hazırlıq işlərinə başlanılıb. Əldə olunmuş razılığa əsasən bu ilin mart ayından etibarən ACCA-nın Azərbaycan üzrə fəaliyyəti ACCA-nın Türkiyə nümayəndəliyi tərəfindən dəstəklənir.

DİM-dən bildirilib ki, Mərkəzin Strateji inkişaf şöbəsinin müdiri Vəli Hüseyn və baş mütəxəssis Fidan Məmmədova ACCA-nın Türkiyə qolunun rəhbəri Filiz Demiröz və məsul heyətilə görüş keçirib. İclasda DİM və ACCA Türkiyə regional mərkəzi arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub və ilkin olaraq tərəflər arasında aşağıdakı məsələlər razılaşdırılıb:

1. DİM tərəfindən keçirilən “Peşəkar mühasib sertifikatı” imtahanlarının daha da təkmilləşdirilməsi və müvafiq ACCA imtahanları ilə uyğunlaşdırılması;

2. Ali təhsil müəssisələrində maliyyə və audit ixtisasları üzrə tədris planları və daxili semestr imtahanlarının ACCA-nın tədris və qiymətləndirmə standartlarına uyğunlaşdırılması və tanınması;

3. Ali təhsil müəssisələrində maliyyə və audit ixtisasları üzrə təhsil alan tələbələr arasında ACCA imtahanları barədə məlumatlılığın artırılması məqsədilə birgə təbliğat və maarifləndirmə xarakterli tədbirlərin təşkili.

Qeyd edək ki, ACCA-nın Türkiyə nümayəndəliyi ilə qurulan əməkdaşlıq fəaliyyət planından irəli gələn məsələlərin daha sürətli və məhsuldar həyata keçirilməsini təmin edəcək, həmçinin universitet məzunlarının DİM tərəfindən keçirilən yeni “Peşəkar mühasib sertifikatı” imtahanlarına hazırlığını artırmış olacaq.

Görüşdə iştirakçılara yerli ali təhsil müəssisələrinə qəbul zamanı istifadə olunan “Abituriyent” və “Magistr” jurnallarının müxtəlif nəşrləri, həmçinin maliyyə və audit ixtisasları və ixtisaslaşmaları üzrə tədris həyata keçirən ali təhsil müəssisələri, eləcə də mövcud təlim-tədris proqramları haqqında məlumat verilib.

İclasda növbəti hədəf olaraq pilot ali təhsil müəssisələri ilə əməkdaşlıq layihələrinin həyata keçirilməsi üzrə hazırlıq işlərinin başlanılması razılaşdırılıb.

Xatırladaq ki, DİM 2020-ci ilin avqust ayından etibarən ACCA-nın rəsmi test mərkəzi olaraq fəaliyyətə başlayıb. Test mərkəzinin fəaliyyətinə dair ətraflı məlumat DİM-in saytında verilib.

Geri dön