Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev: “Türk Dövlətləri Birliyinin yaranmasına heç bir qüvvə mane ola bilməz” – MÜSAHİBƏ
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: “Türk Dövlətləri Birliyinin yaranmasına heç bir qüvvə mane ola bilməz” – MÜSAHİBƏ

Fərəc Quliyev: “Türk Dövlətləri Birliyinin yaranmasına heç bir qüvvə mane ola bilməz” – MÜSAHİBƏ


“Türkiyə daim türk dünyasına dəstək verdiyi kimi, türk dövlətləri də hər zaman Türkiyənin arxasında olmalıdırlar”.

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Yenicag.az-a müsahibəsində Türk dövlətləri birliyinin yaradılması bu kontekstdə digər vacib məqamları dəyərləndirib.

– Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) qeyri-formal Zirvə görüşü haqqında ümumi fikirləriniz nədən ibarətdir?

– Zirvə toplantısında hədəflər məlumdur. Azərbaycan, Türkiyə və digər türk cümhuriyyətləri ortaq gələcəyi müəyyənləşdirmək, iqtisadi məkan qurmaq, təhlükəsizliyi təmin etmək və dövlətlərin maraqlarını uzlaşdıraraq yeni bir platforma yaratmaq istəyirlər. Hesab edirəm ki, bu çox vacibdir və uzun illər biz bunu arzulayıb, bunun üçün çalışmışıq. Mən hələ 1998-ci ildə “Yeni dünya düzəni siyasətində Azərbaycanın yeri və rolu” kitabında transkontinental Turan Avrasiya bloku modelləşdirmişdim. Orada da bu arzular öz əksini tapmışdı. Mənə qədər, mənim dövrümdə və məndən sonra da bu haqda ədəbiyyatlar oldu. Bu, cəmiyyətin sosial, milli tələbatı idi. Avropa Evinin (Avropa İttifaqı nəzərdə tutulur – red.) uzun illər Türkiyəni ora buraxmaması onu göstərirdi ki, bir qısqanclıq var idi və hətta açıq şəkildə bildirirdilər ki, bura bir xristian klubudur, Türkiyə də burada arzuolunan deyil. Bunu Almaniya kansleri Angela Merkel demişdi. Avropa Evi yunan fələsfəsilə xristian ənənələrinə söykənin bir evdir və buradakı dövlətləri ciddi məsələlər bağlamır, yəni eyni etnosa mənsub deyillər.

Bu gün türk cümhuriyyətlərinin İslam mədəniyyəti ilə türk adət-ənənəsinə söykənən bir ev qurması tamamilə məntiqlidir. Bu birlik başqa platformalara zidd olaraq, düşmənçilik zəminində yaradılmır, sadəcə olaraq əməkdaşlıq platformasıdır. Bu platforma heç də qapalı olmayacaq.

Burada iqtisadi məkanın yaradılması, həm bu dövlətlərin bir-birinə müdafiə sahəsində dəstək verməsi, xarici siyasətin xüsusilə qaydaya salınması çox vacib şərtlərdən olacaq. Hesab edirəm ki, bu istiqamətdə ilkin addımlar atıldı və nəhayət ki, bizim arzuladığımız səviyyəyə gəlib çatdı. İslamabadda imzalanmış protokol, ondan əvvəl türk dövlətlərinin zirvə toplantılarında aparılan müzakirələr gətirib ora çıxarıb ki, artıq həyatın bütün sahələrində qaydaya salınmış bir birlik yaradılır. Bu, sevindirici haldır. Təşkilatın adının da Türk Dövlətləri Təşkilatı kimi ortaya qoyulması onu göstərir ki, prioritetlər dəqiqləşdirilib. Burada Avropa Evi kimi ciddi birliyin yaranması mümkündür. Bura çox ciddi təhlükəsizlik zolağıdır, ta Avropadan tutmuş Çinə qədər olan 350 milyonluq türk etnosunun yerləşdiyi zolaqdır. Dünyanın ürəyinin vurduğu deyilən yerdir. Bu da sabitliyə, barışığa və inkişafa təkan verəcək bir sistemdir. Biz də belə birliyin yaranmasını alqışlayırıq.

– Qısqanclıq qeyd etdiniz. Sizcə, bu birliyin güclənməsinə hansısa qüvvələr əngəl törədə bilərlər?

– Qeyd etdiyim kimi, bu birlik kiməsə qarşı deyil. Sadəcə, birliyə daxil olan ölkələrin ortaq evidir və əməkdaşlığa xidmət edir. Üstəlik, müdafiəsini təşkil etmək, müttəfiqini seçmək hər bir dövlətin hüququdur. Bu, beynəlxalq konvensiyalarda təsbit edilib. Bunun heç kimə aidiyyatı yoxdur. Hesab edirəm ki, yaranan bu birlik mövcud digər beynəlxalq təşkilatlarla əməkdaşlıq baxımından, daha yaxşı platforma olacaq. Ayrı-ayrı dövlətlərdənsə, birlikdə olan dövlətlərin əməkdaşlığı əhəmiyyətli məsələdir. Kənardan kimin nə düşünməsindən asılı olmayaraq bu bizim özümüzdən asılıdır. Əgər biz istəklərimizi ortaya qoyuruqsa, buna kimsə mane ola bilməz. Təbii, müəyyən cəhdlər ola bilər, təmsilçi dövlətləri sevməyən ölkələr var, aydın məsələdir. Yeni dünya düzənində bəzən deyirlər ki, türk zolağının bir yerdə olmasında, bu zolaqda inteqrasiyanın olmasında heç kim maraqlı deyil, bunu istəmirlər-filan. Bu, yalandır.

Birinci, bu türk zolağının olması ilə “şər üçbucağı” deyilən Rusiya-Çinin, Rusiya-İran Çin-İran arasında bufer zona yaranır. Bu, qurulmaq istəyən yeni dünya sistemi üçün əhəmiyyət kəsb edir. Çünki dünyanın siyasi mərkəzi artıq Avropadan tədricən bizim bölgədən keçərək Asiyaya, Yaxın və Orta Şərqə transfer olunur. Ona görə də bu zolağın olması mühümdür.

Üstəlik, bu sistemin əhəmiyyəti onda olacaq ki, faydalanan təkcə bizim dövlətlər olmayacaq. Tutaq ki, bizim Zəngəzur dəhlizinin açılması ilə bağlı geniş imkanlar yaranırsa, buradan Çindən tutmuş Avropaya qədər hər kəs faydalanacaq. Yollar qısalacaq, daşınmalar rahatlaşacaq, ticari əlaqələr səhmana düşəcək. Ona görə də hesab edirəm ki, həm fayda götürmək baxımından əksər dövlətlərə sərf etdiyindən, həm də yeni dünya düzəninin tələblərinə uyğun olduğu üçün buna mane olmayacaqlar. Burada təmsil olunan dövlətlərin maraqlarına uyğundursa, kiminsə mane olmaq istəməsi bunun qarşsını ala bilməz.

– Zirvə görüşündə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Cümhuriyyəti barəsində xüsusi danışdı. Sizcə, önümüzdəki illərdə türk dövlətlərinin ŞKTC-nin müstəqilliyini tanıması mümkündür?

– Kiprlə bağlı məsələlərə yenidən baxmaq lazımdır. Həmişə bu məsələyə toxunanda Azərbaycanın İkinci Qarabağ Savaşına qədərki durumunu nəzərə alaraq o bucaqdan məsələyə yanaşırdım. Prinsip etibarilə, artıq bizim məsələ həll olunub. Azərbaycan prezidentinin dediyi kimi, bu məsələ bitmiş sayılır. Biz artıq Azərbaycan olaraq bu məsələlərlə bağlı siyasətimizi redaktə edə bilərik. Üstəlik, digər türk cümhuriyyətləri də mütləq Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı siyasətlərində dəyişiklik etməlidirlər. Çünki Türkiyənin Ana Vətən, blokun aparıcı gücü kimi, təbii ki, əli güclü olmalıdır. Biz ona dəstək verməliyik. Təkcə Türkiyə digər türk cümhuriyyətlərinə dəstək verməli deyil ki.

Türkiyənin Kiprlə bağlı siyasəti sadə bir məsələ deyil. Şimali Kiprin dövlət kimi mövcudluğu çox əhəmiyyətlidir. Əgər o, dövlət kimi mövcud olmasaydı, bu adada yunan dövləti olsaydı, Aralıq dənizi siyasətində Türkiyənin itirəcəyi xeyli məslə olacaqdı. Türkiyənin burada ən uzun sahil xəttinə malik olan ölkə olmasına baxmayaraq, burada bir Mavi Vətən konsepsiyası var, onu həyta keçirə bilməzdi. Buranın mövcudluğu Türkiyənin Egey dənizinə həbs olunmasının qarşısını alır. Üstəlik, orada olan karbohidrogen ehtiyatlarından istifadə etmək üçün çox ciddi imkan yaranır.

Liviya və Türkiyə arasında bağlanan müqavilədə bu element mühümdür. Yunan adalarında, Yunanıstanın özündə bir çox xarici dövlətlərin hərbi bazalarının yerləşdirilməsi baxımından, Türkiyəyə qarşı təhdid vardı. Kiprin burada çox ciddi əhəmiyyəti vardı. Türkiyəyə qarşı böyük bir “yeddilik” yaratmışdılar, amma Türkiyə bu səddi aşa bildi. Bu gün İsrail və Misirdə istehsal olunan qazın artıq Türkiyə ərazisində maye halına salınıb satılması haqqında razılığa gəlinib. Nəhayət ki, Misir Türkiyənin Aralıq dəınizində, 15-ci paralel daxilində haqlarını tanıdı, İsrail-Türkiyə münasibətləri yaxşılaşdı. Buna görə də Kipr sıradan bir məsələ deyil və biz də Şimali Kiprlə bağlı siyasətimizdə yeniliklər etməliyik. Ora “yavru vatan”dır, türk cümhuriyyətidir və biz ona sahib çıxmalıyıq. Həm oranın inkişafı baxımından, həm də Türkiyənin yeritdiyi siyasət baxımından dəstək verilməlidir. Çünki Türkiyənin maraqları qorunmazsa, birliyin maraqları qorunmaz. Yaranan birliyin fəlsəfəsi də ortaq maraqların və ortaq gələcəyin qurulmasıdır. Buna görə də biz Ərdoğanın çağırışna qoşularaq Kiprlə bağlı siyasətimizə yenidən baxmalıyıq.

– Türk dövlətləri bu günədək azlıqda olan (İraq türkmanları, Suriya türkmanları, uyğur türkləri və b.) türk toplumlarına qarşı səssiz mövqe tutublar. Sizcə, yeni Türk İttifaqı azlıqdakı türklərin hüquqlarının qorunmasına, onların müdafiə edilməsinə meyillidirmi?

– Uzun müddət unutqanlıq siyasəti yürüdülüb. Biz iki gün bundan əvvəl Sıyqırımının ildönümünü qeyd etdik. 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti 31 Martı soyqırımı elan etmişdi, ancaq Sovet dönəmində bu unudulmuşdu. Bir də 90-cı illərin sonunda o sərəncam yenidən təktrarlandı və biz yenidən Soyqırımı Gününü rəsmiləşdirdik. Bizim qafamızdan onu çıxarmaq istəyirdilər. Eləcə də türk cümhuriyyətləri, dövlət qurmayan türk etnosları arasında əlaqəni qırmaq üçün hər şeyi ediblər. Ədəbiyyatı məhv ediblər, əlifbanı dəyişiblər, bir çox dövlətlərdə türklərə qarşı assimiliyasiya siyasəti həyata keçirilib, bunlar hamısı türklərin bir-birindən ayrı salınması üçün idi.

Mən hər zaman demişəm ki, türk millətinin ayrı-ayrı tarixi olmaz, bir millətin bir tarixi olar. Vahid türk tarixinin yazılması, vahid türk coğrafiyası kitabının yazılması, vahid türk ədəbiyyatı və mədəniyyətinin təbliğ olunması çox vacibdir. İndidən sonra dünyanın harasında olursa-olsun, türk etnoslarını tək buraxmaq olmaz. Bizi ruhən bölərlərsə, mexaniki böülnmələr əhəmiyyət kəsb edə bilər, yox, bölməzlərsə, hər kəsin problemini öz problemimiz kimi düşünəriksə, bu, bizim xilas yolumuz olar.

Bizim türk etnoslarımız da elə yerdə yerləşiblər ki, dünyanın taleyi həll olunur. Ən starteji yerlərdə türk etnosları kompakt şəkildə yaşayırlar. Ona görə də biz bir-birimizə sahib çıxma siyasətini yeritməliyik.

– Elbaşı Nursultan Nazarbayev 2019-cu ildə qeyd etmişdi ki, Türküstanı Qazaxıstanın paytaxtı etmək çoxdankı arzusudur. Son toplantıda da Türküstan Türk Dünyasının mәnәvi paytaxtı elan edildi. Türküstanın rəmziliyi nədən ibarətdir?

– Türküstan çox böyük bir məna kəsb edir, elə adı da hər şeyi deyir. Türküstan deyəndə bütün türk cümhuriyyətlərinin bir yerdə olması ağlımıza gəlir. Uzun müddət bu sözü aradan qaldırmaq, bu etnosun qurduqlarını məhv etmək, türkləri bir-birindən aralı saxlamaq üçün bu kimi sözləri etnosdan kənar saxlamağa çalışmışdılar. Hesab edirəm ki, bu gün Nazarbayevin qaldırdığı bu məsələ simvolik məna daşısa da, günün birində Türk Dövlətləri Əməkdaşlığı ciddi Türk Dövlətləri Təşkilatına çevrilərsə, o zaman ilkin olaraq paytaxt kimi istifadə oluna bilər. Qazaxıstan bu məsələlərdə hər zaman örnək olub.

Özümün 80-ci illərin sonunda Elçibəyin tapşırığı ilə Oljas Süleymenov ilə görüşüm oldu. O zaman da oxşar fikirlər səslənirdi. Bütün türk cümhuriyyətlərində bugünki reallıqlarla bağlı çalışmalar hər zaman olub. Bu gün Nazarbayev kimi təcrübəli siyasətçinin belə fikirlə çıxış etməsi hamımız tərəfindən dəstəklənməlidir. Hesab edirəm ki, bu təkcə simvolik xarakter daşımayacaq və gələcəkdə oranın paytaxt elan edilməsi dünya üçün də böyük bir mesaj olacaq.

– Son toplantıda Türkmənistan yenə də digər dövlətlərdən fərqləndi. Berdimuhammedov Türk Şurası bayrağından istifadə etmədi. Halbuki Macarıstan belə arxa fonda Şura bayrağına yer vermişdi. Bu mənada, gələcəkdə Türkmənistanın birliyin işinə əngəl törətmək ehtimalı var?

– Rəsulzadənin sözü ilə desək, bir kərə qalxan bayraq bir daha enməz. Türkmənistan da o bayrağı mütləq öz yanında saxlayacaq. Zaman-zaman türk dünyasını qoparmaq üçün layihələr olub. Türkmənistanla Azərbaycan arasında mübahisəli olan yataq da “Dostluq” yatağına çevrildi. Biz o incikliyi aradan qaldıra bildik. İnanıram ki, Türkmənistan da bir gün eyni platformadan eyni həvəslə çıxış edəcək. Çünki bununla onun təhlükəsizliyi təmin olunacaq, tək qalmayacaq və bu birlikdə özünü daha xoşbəxt hesab edəcək. Hər şey bir anın içində qaydaya düşəcək deyə bir şey yoxdur. Qısa zamanda bu da öz həllini tapacaq.

– Türk İttifaqına qeyri-türk dövlətlərinin qoşulması məsələsi də gündəmdədir. Ukrayna bunu çox tez-tez səsləndirir.

– Niyə də olmasın? Bu, qapalı bir təşkilat olmayacaq. Bu birliklə əməkdaşlıq etmək istəyən dövlətlər olacaqsa, bunun formasını tapmaq mümkündür. Ukrayna, Moldova kimi dövlətlər. Təbii ki, Macarıstan özünü türk dövləti kimi təqdim edir və təşkilatın içində olması vacibdir. Həmçinin digər dövlətlərin də əməkdaşlığı qəbulolunandır və faydalıdır.

Aqil Bəkir/yenicag.az

Geri dön