Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qısa müddətdə kütləvi immunitetin formalaşması yalnız vaksinasiya vasitəsilə mümkündür
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Qısa müddətdə kütləvi immunitetin formalaşması yalnız vaksinasiya vasitəsilə mümkündür

Qısa müddətdə kütləvi immunitetin formalaşması yalnız vaksinasiya vasitəsilə mümkündür


Bir ildən çoxdur ki, yeni növ koronavirus (COVID-19) infeksiyası nəticəsində ağırlaşmalar, ölüm halları ən çox eşitdiyimiz, rast gəldiyimiz məlumatlardır. Dünyada 130 milyondan çox insan bu virusa yoluxub ki, onlardan 3 milyona yaxını həyatini itirib. Bunlar böyük rəqəmlərdir. Bu bəladan qurtulmaq və normal həyata qayıtmağımız üçün kütləvi immunitetin yaranması labüddür. Onun qısa müddətdə formalaşması yalnız vaksinasiya vasitəsilə mümkündür.

Bu barədə Mərkəzi Klinikanın terapevti Sevinc Ələskərova məlumat verib.

Terapevt, həmçinin deyib: "Azərbaycan vaksinasiyaya ilk başlayan ölkələr sırasındadır. Ölkəmizdə hazırda Çinin "Sinovac" şirkətinin "CoronaVac" vaksinindən istifadə olunur. Aprelin 4-də isə COVAX platforması vasitəsilə Böyük Britaniya və İsveçin birgə hazırladığı "AstraZeneca" vaksini ölkəmizə gətirilib. Bundan başqa, "Sputnic V", "Biontech/ Pfizer", "Moderna" vaksinlərinin də ölkəmizə gətirilərək istifadəsi planlaşdırılır. Hazırda mövcud vaksinlərlə yanaşı, bir sıra ölkələr vaksin hazırlamağa davam edirlər.

Hər birimiz məhdudiyyətlərdən, sərt karantin tədbirlərindən həddən artıq yorulmuşuq və tezliklə normal həyatımıza dönmək istəyirik. COVID ilə mübarizədə qısa müddətdə nəticə əldə edilməsi üçün kütləvi immunitetin yaradılması vacibdir. Bu da əhalinin böyük hissəsinin, yəni 80 faiz və daha yuxarı bir hissənin vaksinasiyası ilə əldə oluna bilər. Peyvənd, onun zərəri və fəsadları ilə bağlı suallarla tez-tez rastlaşırıq. Bildiyimiz kimi COVID-19 infeksiyası nəticəsində törənən xəstəlik yenidir. Vaksinlər də qısa müddətdə hazırlanıb. Əlbəttə, digər vaksinlərin istifadəsində olduğu kimi koronavirus peyvəndinin də yan təsirləri mövcuddur. Lakin yoluxma saylarını, ağırlaşmış xəstələr, xəstəxanalarda çarpayıların dolmasını, xəstənin ev şəraitində müalicəsinin həm maddi, həm də fiziki cəhətdən çətinliklər yaratdığını nəzərə alaraq bu qlobal bəladan yeganə qurtuluş yolunu vaksinasiyada görürük. Doğrudur, vaksinasiyadan sonra da yoluxma və xəstələnmə halları mümkündür. Lakin belə halda xəstəlik ya heç hiss olunmur, ya da çox yüngül keçir. Hospitalizasiyaya, xəstəxanada yatmağa, müalicə almağa ehtiyac olmur və xəstəlikdən ölüm halları qeydə alınmır. Bu da kütləvi vaksinasiyanın bizə nə qədər lazım olduğunu nümayiş etdirir. Hazırda ölkəmizdə vaksinasiya çox sürətlə gedir və təxminən 610 mindən çox insan peyvəndin ilk dozasını qəbul edib, onlardan 370 mindən çoxu ikinci mərhələ üzrə vaksinasiyadan keçiblər. Vurulan vaksinlərin sayı 1 milyona yaxınlaşır.

Təəssüf ki, bütün cəmiyyətlərdə olduğu kimi ölkəmizdə də vaksinasiyanın əleyhinə olan insanlar az deyil. Onlar neqativ, əsası olmayan, qorxulu fikirlər yayaraq insanları vaksinasiyadan yayındırmağa çalışırlar. Lakin ətrafımıza nəzər salmaq, ağır xəstələnənləri, koronavirus səbəbindən dünyasını dəyişənləri düşünmək kifayət edir ki, vaksinasiyanın nə qədər vacib olduğunu anlayaq. Vaksinasiyanın önəmi üçün maarifləndirmə tədbirlərinin gücləndirilməsinin tərəfdarıyam. Əhalini isə dezinformasiyalara inanmamağa, peyvəndləmə prosesində aktiv iştiraka səsləyirəm".

Geri dön