Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Mərakeşdə “Azərbaycan - İslam Şərqində ilk demokratik respublika” kitabının təqdimatı olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > Mərakeşdə “Azərbaycan - İslam Şərqində ilk demokratik respublika” kitabının təqdimatı olub

Mərakeşdə “Azərbaycan - İslam Şərqində ilk demokratik respublika” kitabının təqdimatı olub


Azərbaycanın Mərakeşdəki səfirliyi və Azərbaycan-Mərakeş Dostluq qrupunun təşkilatçılığı ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət təşkilatının (ICESCO) mənzil qərargahında “İşlah va Tənmiyə” qəzetinin redaktoru, yazıçı–jurnalist Əhməd Mutçunun müəllifi olduğu “Azərbaycan - İslam Şərqində ilk demokratik respublika” kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə Türkiyənin Mərakeşdəki səfiri Əhməd Aydın Doğan, Ukraynanın səfiri Oksana Vasilyeva, İordaniyanın səfiri Hazem əl-Təmimi, Qambiya, Mavritaniya, Tunis və digər ölkələrin Rabatdaki səfirliklərinin nümayəndələri, Azərbaycan-Mərakeş Dostluq qrupunun üzvləri, yerli ictimai-siyasi xadimlər və universitet professorları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan-Mərakeş Dostluq cəmiyyətinin katibi M.Faqiri Azərbaycanın tarixinə və müasir dövrünə, xarici siyasətinə və iqtisadi nailiyyətlərinə, habelə iki ölkə arasındakı əlaqələrə həsr olunmuş kitabın ölkələrimiz və dost xalqlarımız arasındakı münasibətlərdə mühüm hadisə olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Kitabın müəllifi Əhməd Mutçu çıxış edərək, Azərbaycana etdiyi səfərlərindən, xüsusilə də 2020-ci ilin fevral ayında keçirilmiş parlament seçkilərində Mərakeşi təmsil edən jurnalist kimi iştirakından sonra bu dost ölkə haqqında kitab yazmaq və onunla bağlı həqiqətləri Mərakeş ictimaiyyətinə çatdırmaq qənaətinə gəldiyini qeyd edib.

O, Azərbaycanda səfərdə olarkən burada keçirdiyi görüşlərin onda xoş təəssürat, səmimi hisslər doğurduğunu bildirib. Məhz bu çox saylı görüşlərdən sonra bu ecazkar ölkə, uzun illər ərzində apardığı rəşadətli mübarizədən sonra torpaqlarını azad etmiş onun şücaətli xalqı və uzaqgörən, müdrik Prezidenti haqqında fikirlərini mərakeşli oxucularla bölüşmək imkanından məmnunluğunu ifadə edib.

Müəllif Azərbaycanın keçmiş və müasir tarixinə həsr olunmuş kitabında - ən qədim dövrlərdən başlayaraq, İslam Şərqində ilk demokratik dövlət–1918-ci ildə Azərbaycan Demokratik Respublikasının qurulması, keçən əsrin 90-cı illərində müstəqilliyini bərpa etməsi, bu müstəqilliyin möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin, ölkənin müasirləşdirilməsində və xarici siyasətində möhtəşəm uğurların əldə olunmasında Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətlərinin əks olunduğunu vurğulayıb.

O, dost Azərbaycan haqqında Mərakeşdə yazılmış ilk kitabın müəllifi olaraq fəxr duyduğunu və kitabın bəzi nüsxələrinin Mərakeşin Milli Kitabxanasına təqdim etdiyini qeyd edib.

Mərakeşli alim Ridvan Himdi hazırkı dövrdə Mərakeş ictimaiyyətinə Azərbaycan, onun dost xalqı və liderləri barədə bilgi çatdırmaq baxımından kitabın müstəsna rol oynayacağını bildirib.

Sonra Azərbaycanın Mərakeşdəki səfiri Oktay Qurbanov çıxış edərək, kitabın müəllifi Ə.Mutçuya gərgin əməyə görə təşəkkürünü ifadə edərək, bunun Mərakeşlə Azərbaycan arasında dostluq münasibətlərinin möhkəmləndirilməsində mühüm töhfə olduğunu bildirib. O qeyd edib ki, bu kitab Azərbaycan Respublikasının təşəkkül və dirçəliş salnaməsidir və bu gün Mərakeş cəmiyyətini dövlətçilik tariximizin şanlı səhifələri, tarixi qələbələrin əldə olunmasında siyasi liderlərinin misilsiz xidmətləri ilə tanış etmək imkanı verən belə bir kitabın olması çox sevindiricidir.

Sonda səfir “Azərbaycan – İslam Şərqinin ilk demokratik respublikası” kitabının təqdimatına həsr olunmuş tədbirin ICESCO mənzil qərargahında keçirilməsinə yaratdığı imkana görə təşkilatın rəhbərliyinə, tədbir iştirakçılarına və yerli ictimaiyyətin nümayəndələrinə minnətdarlığını və kitabın müəllifi Ə.Mutçuya bir daha təşəkkürünü ifadə etdi.

Tədbirin sonunda yerli media nümayəndələrinə müsahibələr verildi.

Geri dön