Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Nazirlik: “Rəsulzadəyə ev muzeyi yaradılması üçün hökumətin qərarı olmalıdır”
Nazirlik: “Rəsulzadəyə ev muzeyi yaradılması üçün hökumətin qərarı olmalıdır” |
Şirməmməd Hüseynov: “Hökumətin Rəsulzadəyə mövqeyi bəlli deyil”
Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılardan olan Məhəmməd Əmin Rəsulzadəyə qarşı biganəlik hələ də davam edir. Onun adının universitetdən götürülməsi, heykəlinin qoyulacağı yerdə fontan tikilməsi və nəhayət, vaxtı ilə yaşadığı evin bir şirkətə satılması ona qarşı laqeydliyin bariz nümunəsidir . Bu laqeydlik elə Rəsulzadə irsinin yorulmaz araşdırıcısı olan Bakı Dövlət Universitetinin müəllimi, professor Şirməmməd Hüseynovu da narahat edir. Biganəliyin əsas səbəbini Rəsulzadəyə qarşı konkret münasibətin formalaşmamasında görən professor elə ev muzeyinin yaradılmamasını da bununla izah edir . “Əvvəlcə dövlət, hakimiyyət tərəfindən bu və ya digər tanınmış şəxsiyyətə mövqeyi aydınlaşmalıdır. Bu aydınlaşmasa nə muzey, nə də heykəl ola bilər. O hələ də aydınlaşmayıb. Hakimiyyətin, hakimiyyətdə olanların, dövlətin münasibəti aydın olmalıdır. Bu isə aydın deyil. Rəsulzadənin adına küçə və s. var. Amma onun dövlətin tarixindəki layiq olduğu yer hələ də müəyyənləşməyib. Yerdə qalan hər şey bundan asılıdır “. Ş.Hüseynovun sözlərinə görə, mərhum eks-prezident Heydər Əliyev 1994-cü ildə Rəsulzadənin 110 illiyi ilə bağlı sərəncam vermişdi və həmin il onun yubileyi qeyd edilib. “Amma onun 125 illiyini qeyd etmədik. Çünki Rəsulzadəyə qarşı mövqe bəlli deyil. Doğrudur, “28 may” metrostansiyası yenidən qurularkən Rəsulzadənin şəklinə dəymədilər. Amma Naxçıvanda 5-10 il bundan əvvəl onun büstünü dağıtdılar. Kukla teatrının qarşısında Cümhuriyyət yaradıcısının heykəli qoyulmalı idi, Hacıbala Abutalıbov isə daşı götürüb əvəzində fontan qurdurdu. Kitablarda Rəsulzadə haqqında yazılır ki, görkəmli ictimai-siyasi xadim, vəssalam. Bir də görürsən ki, adlar çəkəndə əvvəlcə Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski deyilir, sonra onun adını çəkirlər. Sovet dövründən qalma bir təfəkkür var ki, yuxarıdan işarə olmasa heç kim bu işə girişmək istəmir“. Ş.Hüseynov Rəsulzadəyə qarşı münasibətdən narahatlıq keçirsə də, səbr etməyi məsləhət görməyi də unutmadı. “Bunu problemə çevirmək lazım deyil. Tarix hər şeyi yerinə qoyacaq. Stalinin, Leninin xaricdə nə qədər heykəlləri var idi, hanı indi həmin heykəllər? Burada Şaumyan, Əzizbəyov var idi, indi hanı? Tarixlə oynamaq olmaz. Tarix hər şeyi düzəldəcək, tələsmək lazım deyil. Qarabağ, işsizlik, mənzil-yaşayış kimi problemləri qaldırmaq lazımdır. Bunları həll etmək lazımdır, xırda şeyləri yox. Muzeyin kimə nə xeyri var!? Tutaq ki, 50 muzey var, düzəldək 120 ədəd olsun. Mən öz vicdanıma sığınaraq, Rəsulzadənin kitabının 3 cildini buraxdırmışam, 4-cü mətbəədə, 5-ci cild üzərində isə işləyirəm. Söz danışmaqdansa, iş görmək lazımdır“. Millət vəkili Sabir Rüstəmxanlı Şirməmməd Hüseynovdan fərqli olaraq məsələyə daha sərt yanaşır. “Onun ev muzeyinin olmamağı bizim üçün əskiklik gətirir. Özünün gələcəyini düşünməyən bir kütlə ancaq onun evinin şirkətə satılmasına razılıq verə bilər. Hər iqtidar fikirləşməlidir ki, ondan sonra başqaları gələcək və sabah da gələcək nəsil həmin hörmətsizliyi edəcək. Düz 20 ildir ki, bu məsələ gündəmdədir və öz həllini tapmayıb”. Mövcud problemlə bağlı Mədəniyyət və Turizm Nazirliyi də öz mövqeyini bildirib. Nazirliyin mətbuat xidmətindən aldığımız məlumata görə, ev muzeyinin yaradılması üçün hökumət hələ qərar verməyib. “Bunun üçün hökumətin qərarı lazımdır” . Şahanə Rəhimli Geri dön |