Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Türk milləti bir yerdə olmalıdır”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Müsahibə > “Türk milləti bir yerdə olmalıdır”

“Türk milləti bir yerdə olmalıdır”


Akkan Suver: “Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməyincə, Türkiyənin onlarla əlaqələrindən söhbət gedə bilməz”

Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının (AJQA) tərkibində fəaliyyət göstərən “Qadın jurnalistlər klubu”nun təşkilatçılığı ilə Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin genel başqanı Dr. Akkan Suver və Vəqfin İdarə Heyətinin üzvü, hakim Ədalət və Kalkınma Partiyasının (AKP) qurucularından sayılan Dr. Fatih Saraçoğlu ilə media mənsublarının görüşü olub. Türkiyəli qonaqlar Azərbaycana səfərləri, Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş Assambleyasının (QDİƏT PM BA) 40-cı plenar iclasındakı və QDİƏT ölkələri Qeyri-Hökumət Təşkilatlarının (QHT) I Forumunda iştirakları barədə məlumat veriblər. AJQA-nın beynəlxalq əlaqələr üzrə əməkdaşı Şəhla Şərifin təqdimatı ilə baş tutan görüşdə qonaqlar ölkələrimiz arasındakı münasibətlərlə bağlı jurnalistlərin suallarını da cavablandırıblar. Oxuculara təqdim etdiyimiz bu müsahibə Dr. Akkan Suverin cavabları əsasında hazırlanıb.

- Bu günlərdə QDİƏT ölkələri QHT-lərin I Forumu keçirildi. Həmin tədbirdə bir çox məsələlər gündəmə gətirildi. Sizcə, QHT-lərin birgə fəaliyyəti ölkələr və dinlərarası bir sıra problemlərin aradan qaldırılmasında hansı rolu oynayacaq?

- İnanıram ki, birgə fəaliyyətin cəmiyyətlərimizə, ölkələrimizə yalnız xeyiri olacaq. Mərmərə Qrupu olaraq 15 ildən artıqdır ki, dinlər və mədəniyyətlərarası dialoq tədbirləri təşkil edirik. Bu dialoqlar nəticəsində hazırkı Papa tərəfindən 3 dəfə qəbul edildik. İki dəfə Vatikanda, bir dəfə isə İstanbulda. Yenə də papa tərəfindən XVI Benidikt medalı ilə təltif olunduq. Bununla demək istəyirəm ki, dinlərin, mədəniyyətlərin qovuşduğu yerlər var. Bunlar barış üçün, insanlığın gələcəyi üçün, bərabər hərəkət etmək üçün imkanlar yaradan birliklər ola bilər. Fikir verin, necə illərdir Balkanlarda, Orta Şərqdə savaşların ana səbəbini dinlər təşkil edir. Müsəlmanlar yəhudilərlə, yəhudilər müsəlmanlarla, Bosniyada müsəlmanlar ortadokslarla, əvvəlki Yuqoslaviyada ortadokslar katoliklərlə savaşırlar. Müsəlmanlarda isə bəzən sünnilər, şiələr, ələvilər, cəfərilər, vəhhabilər və sairlər arasında gərginliklər yaşanır. Davamlı surətdə birilərinin digərləri üzərində qalib olmağa, qələbə qazanmağa can atmaları var. Bu isə qırğınlara səbəb olur. Halbuki dinlərin amalında qırğın, qətliam yoxdur. Mən 15 ildir bu işin içindəyəm. Azərbaycandan da bizim keçirdiyimiz dialoqlara Hacı Allahşükür Paşazadə qatılır. Mən bütün bu tədbirlərin sonu olaraq, belə qənaətə gəlmişəm ki, dinlər və mədəniyyətlərarası dialoqu bir kənara buraxıb, dindarlar arasında dialoqla məşğul olmaq gərək. Yəni yaxşı müsəlman, xristian və müsəlman arasında dialoq adlandıraq bunu. Hesab edirəm ki, belə olarsa daha əlverişli nəticələr almaq olar. Bu işdə QHT-lər əhəmiyyətli rol oynaya bilər.

- Azərbaycanda yaşana xalqlar arasındakı dini və mədəni əlaqələri necə qiymətləndirirsiniz?

- Allaha şükürlər olsun ki, dini və mədəniyyətlər arası münasibət baxımından Azərbaycanda vəziyyət çox yaxşıdır. Amma Balkanlarda belə nümunəvi münasibət yoxdur. Bir misal çəkim. Makedoniya kiçik bir ölkədir. Burada böyük maliyyə hesabına dağa-daşa 50 metr hündürlüyündə xaçlar yerləşdiriblər. Bu xaçlara elektrik xətti də çəkiblər ki, gecə vaxtı da işıq saçsın. Buna cavab olaraq, müsəlmanlar da həmin xaçların qarşısında böyük məscidlər tikməyə başlayıblar. Mən orda olarkən dedim ki, bu qədər çəkilən əziyyət nəyə lazım? Olmazdımı ki, bura xərclənən pul hesabına müasir bir məktəb binası inşa edilsin, uşaqların yaxşı təhsil olmasına köməklik göstərilsin, məktəbə gələn uşaqların yatıb-qalxması üçün yurd tikilsin? Bax Azərbaycan bu baxımdan da nümunədir. Ölkənizdə çoxsaylı məktəblər tikilir. Mənim ölkəmdə də bu sahədə vəziyyət yaxşıdır.

- QDİƏT ölkələri QHT-lərinin birgə fəaliyyəti Türkiyə və Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasına, erməni yalanlarının qarşısının alınmasına nə kimi fayda verə bilər?

- Dünyada az saylı 3 millət var. Bunlar yəhudilər, ermənilər və yunanlardır. Bütün dünyada İsraillinin-yəhudinin sayı 15, yunanın sayı 18, erməninin sayı isə 3 milyondur. Amma bu millətlərin güclü lobbiləri var. Bu böyük bir hadisədir. Bu kimi reallıqdan biz özümüz dərs almalıyıq. Azsaylı bu 3 millət bütün dünyada söz sahibidirlər. Bu lobbilər fəaliyyət göstərdikləri ölkələrin siyasətinə ciddi təsir gücünə malikdirlər. Başqa bir misal çəkim. Fransada leqal yaşayan türklərin sayı 315 min, ermənilərin sayı 300 mindir. Amma buna baxmayaraq, erməninin orada naziri, parlament üzvü, vəkili, həkimi, mühəndisi var. Türklər isə orada adi işçi, baqqal, tək-tük mağaza və restoran sahibidirlər. Bax bu fərq, bu amil Fransada erməninin söz sahibi olmasına, dediyini həyata keçirməsinə şərait yaradır. Din faktoru ilə yanaşı oxumaq, yüksək rütbə və mənfəət sahibi olmaq ermənilərin Fransa cəmiyyətində çəkisini artırır. Dünyada 1,5 milyard müsəlman, 15 milyon isə yəhudi var. Müsəlmanların Nobel mükafatı qazananı 3, yəhudilərinki isə 187 nəfərdir. Özümüz özümüzə sual verməliyik ki, niyə biz bu səviyyədəyik? Özümüzü sorqulayıb yanlışlarımızı aşkara çıxarmalı, buraxdığımız səhflərə təkrar yol verməməliyik. ABŞ-ın, BMT-nin, Avropa Birliyinin, AŞPA-nın Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olması barədə qərarları, mövqeyi var. Belə bir vəziyyətdə də erməni işğalçılıq siyasətindən əl çəkmir. Azərbaycan ərazilərini boşaltmır. Halbuki bu işğalı Azərbaycan, yaxud da Türkiyə etsəydi, dünyanı başımıza yıxardılar. Burada bir incəlik var. Bu incəliyi nəzərə alıb daha uğurlu addımlar atmaq lazımdır.

- Zaman-zaman Türkiyə cəmiyyətində Ermənistanla sərhədlərin açılması kimi fikirlər gündəmə gətirilir. Sizcə, Dağlıq Qarabağ işğalı aradan qalxmadan, Azərbaycanın ərazi bütövlüyü təmin olunmadan, ermənilərin Türkiyəyə qarşı ərazi iddialarına son verilmədən, uydurma soyqırımı təbliğatı dayandırılmadan Ankara və İrəvan arasında yaxşı münasibətlər qurula bilərmi?

- Türkiyə Cümhuriyyətinin baş naziri Azərbaycan parlamentində millət vəkilləri qarşısındakı çıxışında bu məsələyə baxışını açıq şəkildə ifadə etdi. Bildirdi ki, Dağlıq Qarabağ problemi ədalətli həllini tapmadan Türkiyənin Ermənistanla sərhədlərini açması mümkün deyil. Bu o deməkdir ki, demokratik ölkələrdə hər kəs öz fikrini bildirmə hüququna malikdir. Amma hökumətin, dövlətin fikri, türk millətinin qənaəti belə bir hadisənin baş verməsinə imkan yaratmaz. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməyincə, onlarla əlaqələrdən söhbət gedə bilməz. Mənim üçün də ən əsas hörmətli baş nazirimizin fikridir.

- Ermənistan mətbuatını izlədikdə, bu ölkədə Türkiyəyə qarşı nə dərəcədə böyük bir nifrətin olduğunu müşahidə edirik. Amma Türkiyə mətbuatında Ermənistan barədə ya ümumiyyətlə söhbət açılmır, danışılanda da erməni jurnalist Hrank Dink barədə fikirlər diqqətə çatdırılır. Bu vəziyyət nədən qaynaqlanır?

- 75 milyon əhalisi olan bir ölkəyik. Qoy onlar arasında min nəfər də xain olsun. Başqa nə deyim ki? Bəzən görürsən ki, bir ailədə 3 uşaq var. Uşaqların ata və anası eyni olsa da onlardan ikisi çox tərbiyəli, ziyalı övlad olur, doğru-düzgün həyat yaşayır. Biri isə avaralıqla məşğul olur. Belə olan halda valideynlərin günahı nədir? Türkiyədə 20 minə yaxın leqal erməni var. Onlar Türkiyə vətəndaşlarıdır. Bunlar dövlətlərinə sadiq, ticarətlə məşğul olan vətəndaşlardır. Ola bilsin ki, onlar arasında da 3-5 nəfər xain var. Amma bu xainlər digərlərinə təsir etmə gücündə deyillər. Onlara qarşı dövlətin nəzarəti və diqqəti olmasa Türkiyədə də qarışıqlıq yaranar. Bununla yanaşı Türkiyədə 70 min də gəlmə erməni var. Onlar işləmək üçün Türkiyəyə gələnlərdir. Əgər bu ermənilər başını aşağı salıb sağlam bir işdə çalışır, hətta ailəsini dolandırmaq üçün pul qazanıb Ermənistana göndərirlərsə, Türkiyə hökuməti insan haqları baxımından buna bir söz demir. Humanistlik baxımından belələrinə hər hansı qadağa tətbiq eləməyin, sınır dışı etməyin heç bir mənası yoxdur. Belə münasibət Türkiyədə çalışan digər gəlmə millətlərə də şamil olunur. Amma gəlmə ermənilər arasında narkotiklə, qadın alveri, fahişəliklə, cinayətkarlıqla məşğul olanlar aşkar edildiyi zaman cəzalandırılır, sınır dışı edilirlər. Hrank Dink məsələsinə gəlincə, bu hadisəni ictimailəşdirib ondan sui-istifadə edənlər neqativ adamlardır. Belələri hər şeyə qarşı müxalifdirlər. Onlar üçün dünyanın ən gözəl sənət əsərini yaratsanız da bəyənməyəcəklər. Belələri sizin cəmiyyətinizdə də var.

- Sizcə, uydurma erməni soyqırımına qarşı tutarlı cavab vermək üçün hansı addımlar atılmalıdır?

- Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilən qətliam hadisəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması da uydurma soyqırımı təbliğatına qarşı tutarlı cavab sayıla bilər. Biz Mərmərə Qrupu olaraq Xocalı soyqırımına həsr olunmuş onlarla tədbir keçirmişik. Ancaq məsələ burasındadır ki, dünyada haqsızlıqlar, ikili standartlar hökm sürməkdədir. 20 il əvvəl dünyanın gözü qarşısında baş verən Xocalı soyqırımına siyasi və hüquqi qiymət vermədən bəzi ölkələr, ermənilərin ortaya atdığı şantaj xarakterli qondarma iddialarını sürətlə yaymağa çalışırlar. Onların bu iddialarının yayılmasında bəzi müsəlman ölkələrinin rolu da inkaredilməzdir. Bu mənada mən İran-Ermənistan münasibətlərinə də toxunmaq istərdim. İran qonşusuna dəstəyini əsirgəmir. İranın Ermənistana lobbiçilik dəstəyi ən az Rusiyanın dəstəyi qədərdir. Hazırda İrəvanda 4 minə yaxın İran gənci ali təhsil alır. Bütün bunlar göz ardı edilməməlidir. Amma, Türkiyə güclü dövlətdir və belə şantajlar bu ölkəyə hansısa şəkildə təsir edə bilməz. Bütün haqsızlıqlara, ikili standartlara baxmayaraq, Azərbaycan və Türkiyə, eləcə də türk milləti bir yerdə olmalıdırlar.

Rufik İSMAYILOV/"Kaspi" qəzeti

Geri dön