Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan-Təbriz, DAVAMın yazıları > Ramiz Mehdiyev: Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyətdir
Ramiz Mehdiyev: Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyətdir |
Ramiz Mehdiyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik
Müdrik əcdadlarımızdan miras qalmış üç şeyi sizə vəsiyyət edirəm: - ana dilimizi - vicdanımızı - Vətənimizi. Şah İsmayıl Xətai Azərbaycanın, Azərbaycan xalqının, onun tarixi və mədəniyyətinin çoxəsrlik kökləri var. Buna baxmayaraq, bədxahlarımızın şüurunda Azərbaycan və onun tarixi haqqında hələ də yanlış təsəvvürlər yaranmaqdadır. Mənim fikrimcə, buna təəccüblənməyə dəyməz, çünki bunu uyduranlar anlamazlıq sindromu kompleksindən əziyyət çəkənlərdir. Bu sindrom onları elə vəziyyətə gətirib çıxarır ki, klinik müdaxilə olmasa, daimi hallüsinasiyalardan yaxa qurtarmaq mümkün deyildir. İş elə gətirmişdir ki, tarixin dərk olunmasında siyasət müəyyənedici rol oynayır. Nəticədə biz tarixin anlaşılmasında siyasətin mahiyyətini təşkil edən məqamlardan çıxış etməyə məcburuq. Lakin biz siyasətdən kənar yaşaya bilmərik, çünki siyasət müasir dövrdə insanın həyat fəaliyyətinin bütün sahələrinə nüfuz etmişdir. Bu səbəbdən də biz öz tariximizə münasibətdə bəzən səhvlərə yol veririk: ya öz keçmişimizi inkar edirik, yaxud da gələcəyin artıq çoxdan başlanmasını görmədən yalnız keçmişlə yaşamaqda davam edirik. Xalq öz tarixinin və tarixi yaddaşının vəhdətini hiss etdikdə onda özünə inam, mənəvi qüvvə yaranır. Öz etnik mənşəyini dərk etmiş fərdin həyatı tarixiliklə dolğunlaşır, o, öz xalqının tarixində baş vermiş bütün hadisələrlə, onun mədəniyyəti ilə bağlılığı barədə düşünməyə, özünü ən azı bu tarixin bir hissəsi kimi dərk etməyə başlayır. O, yaradıcı şəxsiyyətə çevrilir, "özünün kim olması", mənsub olduğu etnosun keçmişi ilə onu nəyin bağlaması barədə düşünməyə başlayır. Yalnız bu suallara cavab tapandan sonra insan öz cəmiyyəti üçün "nə etməli" olduğunu qərara alır. Özünü dərk edən fərd ona tarixi obyektiv qiymətləndirmək imkanı verən dəyərlərlə zənginləşir. Çünki əvvəlki tarix, daha dəqiq desək, keçmiş insanın özündə müdriklik formalaşdırması üçün təcrübədir. Ona görə də keçmiş həmişə indiki zamandan daha müdrikdir, çünki indiki zamandakılar hələ gerçəkliyə çevrilməlidir. Deməli, indiki zamanda keçmişin izləri nə qədər qalmışdırsa, o, bir o qədər müasirdir. Elə buna görə də keçmiş həmişə bizimlədir və o, heç vaxt indiki dövrlə əvəz edilə bilməz. Məhz bu səbəbdən insan özündə öz keçmişinə hörmət hissi tərbiyə etməlidir. Nəinki ayrıca bir insana, həm də bütövlükdə millətə münasibətdə öz keçmişindən yüksəkdə olmaq mümkün deyil, çünki bu, millətin tarixidir. Ona görə də öz keçmişimizə tənqidi münasibət bildirərkən həddindən artıq ehtiyatlı olmaq lazımdır. İnsan öz keçmişi ilə nə dərəcədə həmrəy yaşayırsa, o, özü ilə də eyni dərəcədə həmrəy yaşayır deyənlər haqlıdırlar. İnsan öz keçmişini inkar edəndə və onu pisləməyə başlayanda fəlakət yaranır. Öz keçmişindən məhrum olan insan mənəvi boşluq dilində danışmağa başlayır. O, nəsillərin varisliyindən kənarda qalır, bununla da nəinki tarixin vəhdətini, həm də tarixin özünü alt-üst edir. Öz keçmişi ilə həmrəyliyin yoxluğu inkişaf etmiş mənlik şüurunun olmamasına və deməli, milli mənafe və dəyərlərin başa düşülməməsinə bərabərdir. Qədim dövrə və orta əsrlərə aid ilk mənbələri öyrənməklə asanlıqla yəqin etmək olar ki, Azərbaycan tarixində həm siyasi, həm də mədəni və elmi sahələrdə parlaq şəxsiyyətlər çox olmuşdur. Lakin indi böyük təəssüf hissi ilə deməliyik ki, Azərbaycanın bir sıra layiqli oğulları, onların fəaliyyəti və irsi insafsızcasına unudulmuşdur və heç kəs etiraz edə bilməz ki, bunun səbəbi bizim tarixçilərin və mənbəşünasların passivliyidir. Əgər bir anlığa keçmişə nəzər salsaq və bu gün iki kəlmə ilə xatırladığımız və yaxud nadir hallarda yada saldığımız şəxsiyyətləri diqqətlə sadalasaq, əminliklə deyə bilərik ki, onların hər biri istənilən xalq üçün əbədi qürur mənbəyi ola bilərdi. Çox böyük diqqətə layiq olan, lakin unudulmuş şəxsiyyətlərdən heç olmasa bəzilərini yada salaq. Fəzlullah Rəşidəddin Həmədani (1247-1318) - görkəmli dövlət xadimi. Onun yaradıcılıq və siyasi irsi öz miqyasına görə Qərb tarixində Rişelye, Mazarini və digər parlaq siyasi şəxsiyyətlərlə layiqli rəqabət apara bilər. Yəqin bir faktı heç də hamı bilmir ki, məhz Həmədaninin dövründə Təbrizdə orta əsrlərdə müsəlman dünyasının ən iri elm və təhsil mərkəzlərindən biri olan "Rəbi-Rəşidi" yaradılmışdır. Bu mərkəzdə dövlət vəsaitləri hesabına tələbələr təhsil alır və elmi araşdırmalar aparılırdı. Məhz onun təşəbbüsü ilə Azərbaycan tarixində ilk dəfə alimlərə, şairlərə və rəssamlara dövlət mükafatları ayrılması sistemi tətbiq edilmişdir. Bununla bərabər, o həm də "Cami ət-təvarix" ("Salnamələr məcmusu") adlı fundamental tarixi əsərin müəllifidir. V.V.Bartold, K.Yan, İ.P.Petruşevski, J.P.Ru kimi nəhəng alimlərin fikrincə, bu əsər müasir anlamda ümumdünya tarixinə dair ilk universal əsər hesab edilir. Çox təəssüf ki, bu əsərin bütün dünyada tanınmasına baxmayaraq, o, indiyə qədər Azərbaycan dilinə tərcümə və nəşr olunmamışdır. Fəzlullah Rəşidəddinin siyasi irsinin öyrənilməsi üçün görkəmli Azərbaycan şərqşünası Ə.Əlizadənin başladığı təşəbbüs isə öz layiqli davamını tapmamışdır. Eyni sözləri Nəsirəddin Tusi (1201-1274) haqqında da demək olar. O, yeganə azərbaycanlıdır ki, Aydakı bir kraterə və 1979-cu ildə sovet astronomu N.Çernıx tərəfindən kəşf edilmiş asteroidlərdən birinə onun adı verilmişdir. Bu ensiklopedist alimin çox zəngin elmi irsindən cəmi iki əsər - "Əxlaqi-Nasiri" ("Nəsirin etikası") və mineralogiyaya aid kiçik həcmli bir əsəri ana dilinə tərcümə edilmişdir. Tusinin Hülakü xanın iqtisadi məsələlər üzrə məsləhətçisi vəzifəsində fəaliyyəti də, demək olar ki, işıqlandırılmamışdır və bu baxımdan professor Ağababa Rzayevin "N.Tusi. Həyatı, elmi və dünyagörüşü" əsərini yeganə təsəlli hesab etmək olar. Xalqımızın mədəniyyət xəzinəsinin digər əlamətdar səhifəsi - görkəmli bəstəkar və musiqi nəzəriyyəçisi Səfiəddin Urməvini (1230-1294) nadir hallarda xatırlayırıq. O, özünün "Kitab əl-ədvar" ("Musiqi dövrləri haqqında kitab") adlı əsərində nəinki muğamlar barədə tam informasiya vermiş, həm də gözəl və aydın not sistemi təklif etmişdir. Akademik Çingiz Qacarın "Qədim və orta əsrlər Azərbaycanının görkəmli oğulları" adlı kitabında yazdığı kimi, Urməvinin təklif etdiyi sistemdə musiqi hərflər və rəqəmlər vasitəsilə yazılırdı. Ərəb "əbcəd" say sistemindəki hərflər səsin şərti yüksəkliyini, rəqəmlər (yəni bu sistemin hərfləri - R.M.) isə səsin uzunluğunu göstərirdi. Melodiyanın ladı, düzümü və ritmi xüsusi rəqəmlərlə qeyd edilirdi. Müasir Qərb not sistemi yarımtonlardan kiçik intervalları yazmağa imkan vermir, buna görə də muğamların və ümumiyyətlə, Şərq musiqisinin bütün incəliklərini çatdırmaq üçün yetərli deyildir. Digər həmvətənimiz Eynəlqüzat Miyanəçinin (1099-1131) fikirləri və həyatı humanizm və tolerantlıq idealları uğrunda mübarizə dərsliyi hesab edilə bilər. O, hələ XII əsrdə bəşəriyyəti tolerantlığa və sülhə çağırır, aşağıdakı sözləri ilə bütün ideoloji maneələri alt-üst edirdi: "Ey dost, əgər İsaya xristianların gözü ilə baxsan, xaçpərəst olarsan, Musaya yəhudilərin gözü ilə baxsan, yəhudi olarsan, bəlkə də bütə bütpərəstlərin gözü ilə baxsan, bütpərəst olarsan" (Əlisa Nicat. "Müdriklik məbədi". Bakı, 2005, s.136). Təəssüf ki, müəyyən amillərin təsirinə, bəlkə də öz keçmişimizə bir qədər passiv münasibət bəslədiyimizə görə, Nyu-Yorkda BMT-nin inzibati binasının fasadında Miyanəçinin "Bəşəriyyət vahid bədəndir və əgər onun bircə hissəsi xəstələnərsə, bütün bədən əziyyət çəkəcəkdir" sözləri deyil, ondan yüz il sonra yaşamış fars şairi Sədinin (1181-1291) sözləri həkk edilmişdir: Bir-biri ilə qovuşmuş Adəm övladları bir bədənin əzalarıdır. Çünki onlar bir mahiyyətdən yaradılmışdır. Əgər tale bu əzalardan birini zədələyərsə, onda başqa əzaların da rahatlığı olmayacaqdır (Саади. Гулистан. Критический текст. Перевод, предисловие и примечания P.M. Алиева. М.ИВЛ, 1959). Bu siyahını davam etdirmək və genişləndirmək olar. Lakin əsas məqsədimiz bu deyildir. Əsas məsələ odur ki, zəngin tarixi irsimiz bu irsi bizə yenidən qaytara biləcək və bununla da Azərbaycan xalqının mənəvi zənginliyini dünyaya açıb göstərəcək peşəkar tədqiqatçılarını gözləyir. Mən bu məqaləni qəlbimin hökmü ilə yazmağa başladım. Ən əsası da ona görə ki, Azərbaycan türklərinin birləşməsində və Azərbaycan dövlətçiliyinin yaradılmasında ulu əcdadlarımızın tarixi rolu hələ də sona qədər öyrənilməmişdir. Bizim tarixçilər, digər sosial elm istiqamətlərini araşdıranlar, tarixi romanlar yazmağı tərgitmiş yazıçılarımız xalqımıza çox borcludurlar. Tariximizin dünya elmi ictimaiyyəti tərəfindən çoxdan qəbul edilmiş bir sıra aspektlərini dərindən və sistemli şəkildə ümumiləşdirən araşdırmalarımız təəssüf ki, hələ yoxdur. Azərbaycan xalqının görkəmli siyasi, elm və mədəniyyət xadimlərinin dünya sivilizasiyası xəzinəsinə töhfələri haqqında elmi araşdırmaların olmaması yalnız təəssüf doğurur. Elə buna görə də yaranmış boşluğu son vaxtlar doldurmağa başlamış əsərlərdə tariximizin ayrı-ayrı aspektləri barədəki mülahizə və nəticələr olduqca birtərəflidir. Özü də bütün bunlar guya xoş niyyətlə, "milli kodumuzu" dəyişməyin zəruri olması kimi qələmə verilir. Dövlət müstəqilliyi əldə etmiş millət, vətəndaşlarımız öz tarixi keçmişi haqqında mötəbər məlumatlara malik olmağa sadəcə borcludurlar, bu, yeni nəsilləri tərbiyə etmək üçün nümunə sayılan əsl milli obrazlara müraciət etmək üçün əsas verərdi. Lakin bunun üçün milli tariximizin sovet ideologiyasının təzyiqi altında itirilmiş səhifələrinin bərpa edilməsi çox vacibdir. Lakin "milli kodu" dəyişməyi təklif edərkən keçmişimizlə bağlı hər şeyi inkar etməyə aludə olmamalıyıq, əks halda "çirkli su ilə bərabər körpəni də tullamış" olarıq. Təəssüf ki, son dövrlərdə işıq üzü görmüş bəzi nəşrlər məhz bu cür təəssürat yaradır. Yuxarıda deyildiyi kimi, xalqımızın tarixində əsrlər boyu bütöv bir ölkənin, vahid məkanda yaşayan, eyni dildə danışan və ümumi dəyərlərə şərik olan yüzlərlə nəsli və milyonlarla insanı həyata səsləyən ideyanı təcəssüm etdirən şəxsiyyətlər çox olmuşdur. Bu korifeylərin mənəvi və praktik irsi bəzən ölkəmiz və xalqımız üçün yolgöstərən ulduz olmuşdur. Orta əsrlərdə Nizami və Nəimi, Nəsimi və Füzuli belə şəxsiyyətlər idilər. Biz nailiyyətlərimizin çoxuna görə Azərbaycanın XIX-XX əsrlərdə yaşayıb-yaratmış maarifçi və mütəfəkkirlərinə borcluyuq. Onlar xalqın özünün necə böyük mənəvi və tarixi irsi olduğunu başa düşməsi üçün çox səy göstərmişlər. Həyatlarını ali məqsədlərə sərf etmiş bu fədakar insanlar Azərbaycan xalqının şöhrətidir və cəmiyyətimizin hər bir üzvü onlarla fəxr edə bilər. Azərbaycanın yeni tarixində Ə.M.Topçubaşov, F.Xan Xoyski, M.Ə.Rəsulzadə və Azərbaycan Xalq Cümhuriyyətinin digər görkəmli qurucuları, ən yeni tarixdə Heydər Əliyev məhz bu cür tarixi simalardandır. Bütün bu şəxsiyyətlər XX əsrin axırları - XXI əsrin əvvəlində - biz milli müstəqillik qazanandan və Azərbaycan dövlətçiliyi güclənməyə başlayandan sonra özünün tam təcəssümünü tapmış azərbaycançılıq ideyasının daşıyıcılarıdır. Lakin bu şəxsiyyətlər sırasında daha bir tarixi sima var ki, onunla bağlı polemika və diskussiyalar artıq beş əsrdir səngimir. Söhbət Səfəvilər dövlətinin banisi, böyük siyasi xadim, istedadlı sərkərdə, gözəl şair və vətənpərvər, Azərbaycan xalqının həqiqi oğlu Şah İsmayıl Səfəvi (1487-1524) haqqındadır. Səfəvilər dövlətinin yaranması tarixinə dair məsələlər heç də həmişə düzgün qoyulmur və ciddi elmi meyarlara uyğun gəlmir. Bu problem barədə yazmaq məsuliyyətini öz üzərinə götürmüş bəzi müəlliflərin baxışları bir sıra hallarda birtərəfli və subyektiv xarakter daşıyır. Onların əsərlərində vaxtilə taktiki əhəmiyyət kəsb etmiş müəyyən məlumatların mütləqləşdirilməsi müşahidə olunur. Eyni zamanda, Səfəvilər hərəkatının Mərkəzləşdirilmiş Azərbaycan Dövləti yaradılması uğrunda strategiyasının məqsədi və əsas məzmunu arxa plana keçirilir. Bu müəlliflər orta əsrlərdə tərtib edilmiş şübhəli xarakterli bəzi mənbələrdən istifadə edir, həmin mənbələrin hansı dövrdə, nə vaxt və kim tərəfindən yazılmasının, onları yazanların hansı dünyagörüşünə xidmət etməsinin və hansı siyasi hərəkatın tərəfdarları olmasının mahiyyətinə dərindən varmırlar. Belə təsəvvür yaranır ki, sanki bu müəlliflər bəzi hallarda real mənbələrə əsaslanırlar, lakin elmilik prinsipinin nəzərə alınmaması onları səhv nəticələrə gətirib çıxarır. Orta əsrlərdə və ən yeni tarixdə bəzi müəlliflər lap əvvəldən Şah İsmayılın həqiqi məqsədlərini inkar etmək yolunu seçmiş, bu böyük şəxsiyyətə münasibətdə qərəzli mövqe tutmuşlar. Bu müəlliflərin subyektivliyi ondan ibarətdir ki, onlar çoxsaylı mənbələrdəki məlumatların tənqidi şəkildə seçilməsi və sistemləşdirilməsinə etinasızlıq göstərir, nəticədə XV əsrin ikinci yarısının və XVI əsrin ilk rübünün tarixinin öyrənilməsinə obyektiv yanaşmırlar. Ayrı-ayrı əsərlərdə faktların elmiliyə və tarixi təfəkkürə üstün gəlməsi hiss olunur ki, bu da qərəzli məlumatlardan maksimum istifadə edilməsinin və onların kompilyativ şəkildə sistemləşdirilməsinin nəticəsidir. Məlumdur ki, orta əsr Şərq mənbələrinin bəzilərində ayrı-ayrı hökmdarların fəaliyyəti mədh edildiyi halda, digərləri onlara qara yaxmağa, dövləti işlərdə onların rolunu azaltmağa yönəlmişdi. Mənbələrdən qeyri-tənqidi şəkildə istifadə edilməsi isə ayrı-ayrı şəxsiyyətlərin dövlətin tarixində yerinin yanlış qiymətləndirilməsinə, dövrün meyillərinin, ictimai-iqtisadi amillərin əhəmiyyətinin təkzib olunmasına gətirib çıxarır. Tarixi detalların fetişləşdirilməsi heç də həmişə baş verən hadisələrin obyektiv mənzərəsini, tarixi proseslərin dərinliyini görməyə imkan vermir. Orta əsrlər tarixinə aid bəzi əsərlərdə siyasi tarix məsələlərinə dini hərəkatlar prizmasından baxılır, yəni bütün ictimai-siyasi proseslərə siyasi-dini mənada yanaşılır. Halbuki dini münaqişələr və müharibələr deyilən hadisələrin tarixi göstərir ki, onların arxasında siyasi maraqlar və məqsədlər gizlənir. Yəni, bu müharibələr mahiyyət etibarilə siyasi məqsədlərin nəticəsidir. Tarixi proseslərin şərhinə dini mövqedən yanaşma tədqiqatçılara bu proseslərin həqiqi xarakterini açıb göstərməyə imkan vermir. Görünür, gündəlik hadisələrin arxasında strateji məqsədi görməyi heç də hər kəs bacarmır. Tarixi şəxsiyyətlərin siyasi fəaliyyətinin motivləri yalnız elmilik prinsiplərinə və metodlarına riayət edildikdə, konkret siyasi proseslərin bütün tərkib hissələri və dövrün meyilləri nəzərə alındıqda obyektiv şəkildə açıla bilər. 2012-ci il noyabrın 24-də "Zerkalo" qəzetində tarix elmləri doktoru Fərid Ələkbərlinin "Şah İsmayıl. Şair, qəhrəman, yoxsa təfriqəçi?" sərlövhəli məqaləsi dərc edilmişdir. Açığını deyim ki, bu müəllifin vətənpərvərliyi şübhə doğurmur. O, Azərbaycan tarixinə aid yeni mənbələrin axtarışı ilə fəal məşğul olan, bununla da bizim tarix və filologiya elmlərinə çox faydalı kömək göstərən alim kimi tanınır. Lakin onun "Şah İsmayıl..." məqaləsini uğurlu hesab etmək olmaz. Bu məqalədə düzgün müddəalarla yanaşı, yumşaq desək, ciddi nöqsanlar da vardır. F.Ələkbərlinin fikrincə, Şah İsmayıl Azərbaycan tarixində ən mühüm və eyni zamanda, heç də birmənalı olmayan simalardandır. Müəllifin bu sözləri göstərir ki, o, Şah İsmayılın tərcümeyi-halında onun böyüklüyünü heçə endirə biləcək səhifələr axtarmağı qərara almışdır. Şah İsmayılın hakimiyyətində mənfi cəhətlər axtarmaq ona yalnız və yalnız qara yaxmaqla məşğul olanların dəyirmanına su tökməyə oxşayır. Müəllifin başqa bir fikrinə nəzər salaq: Şah İsmayıl "Şirvanşahlar dövlətini görünməmiş qəddarlıqla məhv etmiş və Osmanlı imperiyası ilə uğursuz müharibəyə başlamış, bu müharibədə uduzaraq, Azərbaycanın az qala bütün ərazisini uzun müddətə itirmişdir". Şah İsmayılın "müharibəyə başlaması" fikri ilə razılaşmaq çətindir. Bu, doğrudanmı belədir? Zənnimcə, burada ölçülüb-biçilmiş yanaşma prinsipi pozulmuşdur. XVI əsrin birinci rübündə regionda cərəyan edən siyasi proseslərin dərin, kompleks şəkildə təhlili tamam başqa mənzərə yaradır. Özü də iki imperiya arasında sülhün olması təkcə Şah İsmayıldan asılı deyildi. Müəllif belə hesab edir ki, Şah İsmayıl "əvvəllər gülüstana dönmüş ölkəni tam səfalət və dağıntı vəziyyətinə salmışdır". O, "X-XVI əsrlərdə Şərqin mədəni mərkəzlərindən biri kimi tanınan Azərbaycanın 1813-cü ildə çox acınacaqlı bir vəziyyətdə Rusiya imperiyasının tərkibinə daxil olmasına" görə məsuliyyəti Şah İsmayılın üzərinə qoyur. Bu cür nəticələr çıxarmaq təfəkkür qanunlarına ziddir. Onlar məntiqin qanunlarından birini, məhz kafi əsas qanununu inkar edir. Şah İsmayıldan sonrakı iki yüz il ərzində ölkədə mərkəzi hakimiyyətdən asılı olmamaq iddiasına düşmüş Azərbaycan xanlıqları tərəfindən separatist ambisiyalar güclənmişdir. Dövlət çevrilişləri, Azərbaycan türklərinin elitasının məhv edilməsi, zəif şahların hakimiyyətə gəlməsi, regionda və bütün dünyada yeni güc mərkəzlərinin yaranması, xaricdən daimi təhlükələr, dövlətin idarə edilməsində və ordunun modernləşdirilməsində zəruri islahatlar aparılmaması - bu və bir sıra başqa amillər nəticəsində Azərbaycan özünü müdafiə etmək qabiliyyətini itirmişdi. Buna görə də Şah İsmayılın hakimiyyətindən iki yüz il sonra Azərbaycanın bir hissəsinin onun təqsiri üzündən zorla Rusiya imperiyasına birləşdirilməsi barədə iddialar tarixi inkişafın məntiqinə o qədər də uyğun gəlmir. Bu, cəfəngiyat deməsək də, ən azı, ədalətsizlikdir. Ön Asiyanın ərazisində əsrlər boyu müxtəlif tayfalar yaşamışdır. Buna görə də tamamilə təbiidir ki, onların bəziləri salamat qalmaq uğrunda mübarizə aparır, öz dövlətçiliyini yaratmağa çalışır, məhz onlara xas olan spesifik əlamətlərə və xüsusiyyətlərə malik olmaqla öz inkişaf yolu ilə irəliləməyə cəhd göstərirdi. Başqa xalqlar kimi, Azərbaycan xalqının da müstəqil tarixi inkişaf yolu, bənzərsiz mədəniyyəti, etnik xüsusiyyətləri və digər əlamətləri vardır. Azərbaycan xalqının formalaşması tarixinin kökləri uzaq keçmişə gedib çıxır. Bu prosesi təkcə Cənubi və Şimali Azərbaycan ərazisinə türk tayfalarının gəlməsi ilə əlaqələndirmək böyük elmi səhv olardı. Bu baxımdan, F.Ələkbərli haqlı olaraq göstərir ki, Azərbaycan xalqının formalaşması prosesi müxtəlif mərhələlərdən keçmişdir. Tarixi inkişaf nəticəsində çox vaxt qədim tayfaların dilləri və adları dəyişmiş, onlar bir-biri ilə qaynayıb qarışaraq yeni tayfa ittifaqları formalaşdırmış, yeni dövlətlər yaratmış, yeni dinləri və ənənələri qəbul etmişlər. Azərbaycan xalqının formalaşmasının mühüm mərhələlərindən biri XVI-XVII əsrlərdə Səfəvilər sülaləsindən olan ilk şahların hakimiyyəti dövrü olmuşdur. Həmin vaxtda qədim Azərbaycan etnosu onu digər qohum türk xalqlarından fərqləndirən yeni səciyyəvi milli xüsusiyyətlər qazanmışdır. Bu müddəaların müəllifi olan F.Ələkbərli, eyni zamanda, zənnimcə, Şah İsmayılın fəaliyyəti barədə bəzi mülahizələrində subyektivizmə meyillidir. Ümumiyyətlə, XVI əsrin əvvəlində regionda baş verən proseslərin bütün dolaşıqlıqlarını bilmədən təkcə bir dövlət başçısının fəaliyyətini tənqid etmək nə dərəcədə düzgündür. Güntay Gəncalpın 2012-ci ildə Bakıda "Qanun" nəşriyyatında nəşr edilən "Səfəvilər" kitabı çoxlu suallar və etirazlar doğurur. 272 səhifəlik bu kitab ayrı-ayrı müəlliflər tərəfindən Səfəvilər sülaləsinin, o cümlədən İsmayıl Səfəvinin Mərkəzləşdirilmiş Azərbaycan Dövləti yaradılması uğrunda mübarizədə tarixi rolunu və onların bioqrafiyası ilə bağlı məlumatları necə təhrif etməyə çalışdıqlarını göstərən bir nümunədir. Baxmayaraq ki, Şah İsmayıl tərəfindən yaradılmış dövlətin və Səfəvilərin fəaliyyətinə obyektiv xarakteristika verilən ciddi nəşrlər və əsərlər çoxdur. Əslən Cənubi Azərbaycandan olan G.Gəncalp bu kitabı yazarkən İran, Türkiyə, Rusiya, Qərb və Azərbaycan müəlliflərinin külli miqdarda əsərlərindən mənbə kimi istifadə etmişdir. O, kitabın sonunda həmin müəlliflərin siyahısını vermişdir - 68 nəfərdir. Lakin buna baxmayaraq o, obyektiv ola bilməmiş, bəlkə də bunu istəməmişdir. Zənnimcə, G.Gəncalp istifadə etdiyi çoxsaylı tarixi məlumatlar arasında yaxşını pisdən seçə bilməmişdir. Buna görə də onun çıxardığı nəticələr görkəmli tarixçilərin - Yaxın və Orta Şərqin XV-XVI əsrlər tarixi sahəsində mütəxəssislərin elmi baxışlarına ziddir. Kitabda qeyri-dəqiqliklər, ziddiyyətlər, uydurmalar çoxdur, müəllif həqiqətə uyğun olmayan faktlara istinad edir. Belə təsəvvür yaranır ki, ona şəxsi taleyinin qarmaqarışıqlığı, eləcə də müasir İranda hökm sürən ictimai-siyasi, ideya-mənəvi şərait təsir göstərmişdir. Məsələn, onun belə bir fikri nə dərəcədə əhəmiyyətlidir ki, Şah İsmayıl silah gücünə insanları öz etiqadından dönməyə və şiəliyi qəbul etməyə məcbur etmiş, eyni zamanda, sünnilərə aid nə varsa hamısını məhv etmişdir (s.139). Hərçənd, G.Gəncalp bu məsələdə tək deyildir. Hətta bu deyilənlər həqiqətə uyğun olsa belə, qızılbaşları bu addımı atmağa məcbur edən səbəbləri göstərmək lazımdır. Birləşmiş Azərbaycan dövlətinin olub-olmaması məsələsi həll edilirdi. Orta əsrlərdə müharibənin sərt qanunları vardı. Hər halda, görünür, müəllif öz qarşısına başqa məqsəd qoymuşdur. Yeri gəlmişkən, özü də bunu etiraf edir: "Bu kitab Səfəviyyətə qarşı bir etiraz manifestidir" (s.20). Elə bu tezisdən müəllifin məqsədinin nədən ibarət olması görünür. Səfəvilərin fəaliyyəti barədə G.Gəncalpın çıxardığı bəzi nəticələrə nəzər salaq: "Bölgə tarixi yanlış yönə sapmışdır... Səfəviliyin nəfəsi ilə zəhərlənmiş, düşüncəsi devşirilmiş (zorla dəyişdirilmiş - red) türklər modern fars milliyyətçiliyinin əsasını oluşdurdular" (s.15); "Etnik mənsubiyyət duyğusu Səfəvilərdən başlayaraq sönməyə doğru getmişdir... Səfəviyyət bu doğal duyğunu türk ulusunda söndürmüşdür" (s.16). Müəllif belə hesab edir ki, Şah İsmayıl özünün qızılbaş tərəfdarları ilə birləşərək, türk mədəniyyətini məhv etmişdir: "Sanki Səfəvilərdən öncə nə bayandurlu Dədə Qorqud mədəniyyəti olmuşdur, nə Səlcuqlu" (s.16). Onun fikrincə, fars dili Səfəvilərin dövründə rəsmi dövlət dili olmuşdur: "Öz dilində yazma imkanları Səfəvilərdən bəri tamamən yox edilmişdir" (s.18). Müəllif yazır: "Tək amacım Səfəviyyət zindanında həbs edilmiş türklərin ağlına azadlıq qazandırmaq olmuşdur" (s.18). Bir sözlə, G.Gəncalp Şah İsmayılı bütün günahlarda ittiham edir, Səfəvilər dövrünü az qala tariximizin qara səhifəsi hesab edir. Etiraf etməliyəm ki, o, öz mühakimələrində orijinal deyildir, çünki yüzilliklər boyu müxtəlif siyasi və dini cərəyanların nümayəndələri, o cümlədən İranda və Türkiyədə, elə Qərbdə də XVI əsrdə Yaxın və Orta Şərqdə Şah İsmayılın tarixi rolunu azaltmaq üçün çox səy göstərmişlər. Həqiqi alimlər, nüfuzlu tarixçilər üçün Şah İsmayıl böyük dövlət xadimi və istedadlı sərkərdə olaraq qalır. Azərbaycanlıların şüurunda isə Şah İsmayıl Azərbaycan torpaqlarını birləşdirmiş, Mərkəzləşdirilmiş Azərbaycan Dövlətini yaratmış şəxsiyyətdir. Şah İsmayıl Səfəvinin şəxsiyyətindən söhbət düşəndə həmvətənlərimizin əksəriyyəti çox vaxt onun bioqrafiyasını və şiəliyi dövlət ideologiyası səviyyəsinə çatdırmaqla bağlı fəaliyyətini xatırlatmaqla kifayətlənir, bu addımın siyasi məqsədlərini açıqlamırlar. Lakin Şah İsmayılın böyük irsi qarşısında bu dəlillər çox sönükdür, çünki bunlar onun öz xalqı qarşısındakı böyük xidmətlərini göstərməyə qabil deyildir. Bu qeyri-adi şəxsiyyətin dövlətçilik potensialını, dərin zəkasını və uzaqgörənliyini bir məqalədə açıb göstərmək mümkün deyildir. Ona görə də bu məqalə yalnız Şah İsmayılın siyasi portretini, Mərkəzləşdirilmiş Azərbaycan Dövlətinin yaradılması yolunda görkəmli sərkərdə və dövlət xadimi kimi fəaliyyətini ümumi cizgilərlə də olsa, göstərmək cəhdidir. Orta əsrlərdə xalqımızın dövlətçilik tarixində Səfəvilər imperiyası onun rəhbərliyi altında ən yüksək mərhələ kimi əvvəlki və sonrakı Azərbaycan dövlətləri zəncirində yalnız bir halqa olmuşdur. Bu siyasi qurumlar bir-birini əvəz etməklə və çoxəsrlik Azərbaycan dövlətçiliyinin əsasını formalaşdırmaqla Azərbaycan türk tayfalarını birləşdirmiş, dövlət quruculuğu ənənələrini, idarəçilik vərdişlərini, qonşu xalqlar haqqında bilikləri və informasiyanı, onlarla ünsiyyət mexanizmlərini, hakimiyyətin çox vaxt atadan oğula verilməsi təcrübəsini növbəti nəsillərə ötürmüşlər. Deməliyik ki, Azərbaycan dövlətçiliyinin tarixinin çoxsaylı əlaqələri ilə birlikdə, habelə dövlətin inkişafının varisliyi mövqeyindən öyrənilməsi Azərbaycanın tarixi gerçəkliyinə dolğun baxış formalaşdırmağa, XVI əsrdə Ön Asiyada baş verən bütün hadisələrin anlaşılmasına daha geniş mövqedən yanaşmağa imkan verir. Məlumdur ki, Şah İsmayıl ata xətti üzrə Cənubi Azərbaycanın Ərdəbil şəhərindən olan nüfuzlu Səfəvilər nəslinə mənsubdur. Bu nəslin banisi Şeyx Səfiəddin Ərdəbili XIII əsrdə "Səfəviyyə" sufi ordenini təsis etmiş, sonradan bu orden ciddi siyasi nüfuz qazanmışdır. Bu ordenin əvvəllər sünni olmuş nümayəndələri tədricən mötədil şiəlik məzhəbinə etiqad etməyə başlamışlar. Sonrakı dövrdə fasiləsiz siyasi mübarizənin gedişində bu məzhəb xeyli dərəcədə fanatizmə çevrilmişdir. Onu da demək lazımdır ki, bu orden yarandığı ilk vaxtlardan hakim yuxarı təbəqəyə münasibətdə müxalif mövqe tutmuşdur. Şah İsmayıl ana tərəfdən Ağqoyunlu hökmdarı Uzun Həsənin nəvəsi - onun qızı Aləmşah bəyimin oğlu idi. Uzun Həsən özü Trabzon imperatoru yunan IV İohann Komninin qızı Teodora (Dəspinə) ilə evlənmişdi. Sülalə nikahları əsrlər boyu sülhün və dostluğun möhkəmlənməsinə kömək etmişdir, eyni zamanda, dövlətin beynəlxalq nüfuzunun artmasının mühüm göstəricisi idi. Məhz bu səbəbdən Uzun Həsən Səfəvilər nəslinin çox böyük siyasi və sosial təsirə malik olmasını nəzərə alaraq, onlarla qohum olmağı qərara almış və öz qızını bu nəslin başçısı Şeyx Heydərə ərə vermişdi. Səfəvilərin əsas məqsədi Azərbaycan torpaqlarını birləşdirmək olmuşdur. Bəzi tədqiqatçılar Səfəvilər tarixində baş vermiş digər hadisələrə aludə olaraq, məhz bu əsas məqamı diqqətdən qaçırırlar. Görkəmli şərqşünas İ.P.Petruşevski (1898-1977) yazır: "Səfəvilərin şiəlik bayrağı altında Azərbaycanı siyasi cəhətdən birləşdirmək məqsədi daşıyan hərəkatı inkişaf edirdi" (Сборник статей по истории Азербайджана. Выпуск I, Баку, 1949, стр. 210). Bu məqsədlə İsmayılın babası Şeyx Cüneyd və atası Şeyx Heydər silahlı mübarizəyə başlamış və bu mübarizədə onlar hər ikisi həlak olmuşdu. Səfəvilərin vahid Azərbaycan dövləti yaratmaq uğrunda mübarizə cəhdlərinin qarşısı Ağqoyunlu və Şirvanşahlar sülalələrinin nümayəndələri tərəfindən müvəqqəti alınmışdı. İsmayıl Səfəvi 12 yaşında olarkən Səfəvi əmirlərinin və digər türk tayfalarının dəstəyi ilə öz əcdadlarının başladığı mübarizə yoluna qədəm qoymuşdur. Onun tərəfdarlarının çıxışı 1499-cu ildə baş vermişdir. Əvvəlki çıxışlardan fərqli olaraq, bu dəfə hərəkat qısa müddətdə Azərbaycanın hüdudlarından kənara yayıldı. Səfəvilərin ilk çıxışlarının məqsədi yalnız Azərbaycanı birləşdirmək idisə, İsmayıl Səfəvi və onun tərəfdarları bəzi başqa ölkələri də əhatə edəcək böyük dövlət yaratmağı qərara almışdılar. Ağqoyunlu və Şirvanşah qoşunları ilə üç qanlı, lakin müzəffər döyüşdən sonra, 1501-ci ildə İsmayıl Səfəvi Təbrizə daxil olmuş, özünü Azərbaycanın və İranın hökmdarı elan etmişdir. Yeni və eyni zamanda, Azərbaycan tarixində ilk mərkəzləşdirilmiş dövlət - Səfəvilər dövləti və ya bəzi mənbələrdə deyildiyi kimi, Qızılbaşlar dövləti yaradıldı. Bundan sonra Şah İsmayılın nəhəng imperiya yaratmağa yönəlmiş aktiv siyasi, hərbi və ideoloji fəaliyyəti başlanır. Bu fəaliyyət cəsarətli işlərlə, çoxsaylı risklər, qurbanlar, məğlubiyyətlər və qələbələrlə müşayiət olunurdu. İ.P.Petruşevski Şah İsmayıl haqqında danışarkən onun istedadlı sərkərdə olmasını vəcdlə vurğulayır: "Müasirlərinin ümumi fikrinə görə o, hərbi istedada malik idi. Tarixçi Xondəmir İsmayılın hərb dühasını xüsusi tərifləyir. Tarixçi Həsən Rumlu qeyd edir ki, İsmayıl öz həyatı boyu beş böyük savaş aparmışdır: 1500-cü ildə Cabani yaxınlığında Şirvanşah Fərrux Yəsarla, 1501-ci ildə Şərurda Ağqoyunlu Əlvənd ilə, 1503-cü ildə Alma Qulağı yaxınlığında Sultan Murad Ağqoyunlu ilə, 1510-cu ildə Mərv yaxınlığında özbək xanı Məhəmməd Şeybani ilə və 1514-cü ildə Çaldıranda I Sultan Səlim ilə. Bu beş döyüşdən ilk dördü İsmayılın parlaq qələbəsi və onun düşmənlərinin tamamilə darmadağın edilməsi ilə nəticələnmişdir. Yalnız sonuncu savaşda İsmayıl ... ondan asılı olmayan səbəblər üzündən uduzmuş, lakin son nəticədə düşməni geri çəkilməyə məcbur edə bilmişdi" (И.П.Петрушевский. Там же. Стр.242). Şah İsmayıl Səfəvinin fəaliyyəti haqqında həm Qərbdə, həm də Şərqdə, o cümlədən onun vətəni Azərbaycanda çoxlu müxtəlif kitablar və məqalələr yazılmışdır. Lakin təəssüf ki, müəlliflər heç də həmişə onun dövlətçilik xidmətlərini və uğurlarını ön plana çəkməyə, tam şəkildə və həqiqi miqyasda göstərməyə müvəffəq olmurlar. Səfəvilər dövlətinin banisi haqqında çox vaxt təhrif edilmiş obraz, dini fanatik və ya romantik şair barədə bir mif yaradılır. Bütövlükdə Səfəvilər sülaləsinin və İsmayılın etnik mənşəyini təhrif edən əsərlər də vardır. Çoxlu sayda ilk mənbələrin ("Səffat əs-səfa", "Tarix-i aləmarayi-Abbasi" və s.) və şəhadətlərin olmasına baxmayaraq, bəzi Qərb, habelə İran tarixçiləri bu gün də Şah İsmayıl Səfəvini yalnız İranın maraqları ilə bağlı şəxsiyyət kimi təqdim etmək cəhdlərindən əl çəkmirlər. Onlar Səfəvilər dövlətini İranda ərəb, türk və monqol fatehlərinin dövlətini əvəz etmiş milli İran dövləti kimi xarakterizə edirlər. Şah İsmayılın iranlıları türklərdən xilas etməyə, əzəli İran torpaqlarını birləşdirməyə və İran milli dövləti yaratmağa çalışdığı bildirilir. Hərçənd, alimlər orta əsr mənbələri əsasında sübut etmişlər ki, Şah İsmayıl heç vaxt öz qarşısına İranın siyasi və milli birliyini bərpa etmək məqsədi qoymamışdır. Şah İsmayılın tarixinin gözəl bilicisi, Azərbaycan tarixçisi Oqtay Əfəndiyev çoxsaylı mənbələrə əsaslanaraq yazır: "Səfəvilər dövlətinin tarixi Azərbaycan xalqının tarixi ilə, onun sonrakı etnik konsolidasiyası ilə qırılmaz surətdə bağlıdır. Azərbaycanın cənub və şimal vilayətlərinin Səfəvilər dövlətinin vahid, nisbətən mərkəzləşdirilmiş hüdudları daxilində birləşdirilməsi bu vilayətlərin keçmişə nisbətən daha sıx siyasi, iqtisadi, mədəni və etnik inteqrasiyasına zəmin yaratmışdı. Onilliklər boyu davam etmiş feodal pərakəndəliyindən sonra Azərbaycan XVI əsrdə yenidən özünün dövlət bütövlüyünü əldə etmiş, iqtisadiyyat və mədəniyyət sahəsində müəyyən tərəqqiyə nail olmuşdu (Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. B. 2007, s.6). Böyük şərqşünas, orta əsrlər dövründə Cənubi Qafqazın və İranın tarixinə dair parlaq araşdırmaların müəllifi M.F.Minorski hesab edirdi ki, Səfəvilər Qaraqoyunlular və Ağqoyunlular sülalələrinin birbaşa varisləri, onlarla çoxtərəfli qohum olmuşlar. O, ilk Səfəvi hökmdarlarının dövlətini İranda Azərbaycan dövlətinin üçüncü fazası hesab edir. Bu halda həmin dövlətin ilk iki fazası Qaraqoyunlu və Ağqoyunlu dövləti olmuşdur (Цит. по О.А. Эфендиев. Сб. Против буржуазных фальсификаторов истории и культуры Азербайджана. Под ред. А.С. Сумбатзаде. Баку, 1978, стр. 134). Səfəvilər sülaləsinin türk mənşəyi haqqında V.V.Bartoldun fikri ən mötəbər fikir olaraq qalır və tarixi mənbələrin yeni məlumatları ilə təsdiqlənir. Alim həmin sülalənin banisi Şeyx Səfiəddinin (1252-1324) və onun varislərinin mənşəyi ilə əlaqədar yazırdı ki, bu Ərdəbil şeyxləri, heç şübhəsiz, fars mənşəli deyil, türk mənşəli olmuşlar (В.В. Бартольд. Соч. т.II, ч.I. М. 1963, стр.748). Səfəvilər sülaləsinin kürdlərə də heç bir aidiyyəti yoxdur, hərçənd bəzi müəlliflər bunun üçün zəruri mənbələr və ciddi dəlillər olmadığı halda bu haqda yazırlar. İran tarixi üzrə tanınmış mütəxəssis N.D.Mikluxo-Maklay Səfəvilər sülaləsinin etnik mənşəyi məsələsinə toxunaraq yazır: "Sonralar qızılbaşlar adlanmış bu tayfalar öz dilinə və mənşəyinə görə XV əsrdə ardıcıl surətdə Azərbaycanın və İranın böyük hissəsinin sahibi olmuş, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərini yaratmış Azərbaycan tayfaları ilə qohum idilər (Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. B. 2007, s.53.). Sitatların çoxluğu oxucunu təəccübləndirməsin. Mən bu iqtibaslara bilərəkdən müraciət edirəm ki, şərh edilənlərin mötəbərliyinə heç kəsdə şübhə yeri qalmasın. Demək lazımdır ki, Səfəvilərin etnik mənşəyi barədə cəfəng mülahizələrin yayılmasına şərait yaradan odur ki, son illərdə Azərbaycan tarixşünaslığında səfəvilər mövzusunda fundamental əsərlər, demək olar yazılmır, bu isə Şah İsmayılın Azərbaycan mənşəli olması barədə heç eşitmək belə istəməyənlər üçün diskussiya meydanı yaradır. Bu qədər subyektiv cəhdlərə baxmayaraq, sevindirici haldır ki, dünya şöhrətli alimlər vaxtilə gözəl əsərlər yazmışdır. Həmin əsərlərdə bütün əsas ittihamlar dəlillərlə təkzib edilir və Azərbaycan xalqının böyük oğlunun şəxsiyyəti öz həqiqi qiymətini tapır. V.V.Bartold, İ.P.Petruşevski, A.Y.Krımski, B.N.Zaxoder, V.F.Minorski kimi görkəmli şərqşünasların, rusiyalı böyük iranist N.D.Mikluxo-Maklayın, türkiyəli məşhur tarixçi F.Köprülüzadə və başqalarının səyləri sayəsində Şah İsmayıl irsi onu doğma Azərbaycandan ayırmağa yönəlmiş subyektiv şərhlərdən qorunmuşdur. Ədalət naminə, tanınmış Azərbaycan tarixçisi, Səfəvi şahlarının, o cümlədən Şah İsmayıl Səfəvinin irsinin öyrənilməsi və tanıdılması üçün çox işlər görmüş O.A.Əfəndiyevin töhfəsini də vurğulamaq lazımdır. İlk mənbələrdə Səfəvilər dövlətinin banisinə aid edilən çoxsaylı mülahizələr onun türklərlə və Azərbaycanla ayrılmaz əlaqəsini birbaşa göstərir. Şübhəsiz, belə faktlardan ən məşhuru və inandırıcısı İsmayıl Səfəvinin Şirvandakı Gülüstan qalası mühasirəyə alınan vaxt dediyi sözlərdir. İsmayıl atası Şeyx Heydərin qatili, şirvanşah Fərrux Yəsar üzərində qələbədən sonra öz düşməninin qüvvələrini tamamilə darmadağın etmək üçün qoşunlarını irəlilətmişdi. Lakin Şirvan qoşunlarının qalıqları və əhalinin bir hissəsi Gülüstan qalasında mövqelərini möhkəmlədərək, İsmayılın qoşunlarına müqavimət göstərməyi qərara almışdı. Orta əsr Azərbaycan tarixşünaslığının görkəmli nümayəndəsi İsgəndər bəy Münşi (1560-1634) yazır ki, İsmayıl Şirvanın ən əlçatmaz istehkamlarından birini mühasirəyə aldıqdan sonra hərbi şura çağıraraq, sərkərdələrə belə bir sualla müraciət etmişdir: "Siz Azərbaycan səltənətinimi (taxtgah), yoxsa Gülüstan qalasınımı istəyirsiniz!". O, mühasirənin çox üzücü olacağını başa düşərək, qalanın ətrafından keçməyi qərara almışdı, çünki əmin idi ki, Yəsarın özü həlak olandan sonra Şirvan qoşunları qısa müddətdə qüvvə toplayaraq ona ciddi müqavimət göstərə bilməyəcəkdir. İsmayıl vaxt qazanaraq, bütün Azərbaycan boyu sürətli yürüşünü mümkün qədər tezliklə qələbə ilə başa çatdırmağa çalışırdı. XV əsrin son rübündə ölkədəki vəziyyət dövlətin oturuşmamasını açıq-aşkar göstərirdi. Təbriz taxt-tacında sultanların tez-tez dəyişməsi (10 il ərzində 8 hökmdar), feodal çəkişmələri, sülalə müharibələri, müstəqilliyə can atan vilayət hakimləri arasında mərkəzdənqaçma əhval-ruhiyyəsinin güclənməsi, sadə xalqın yoxsul vəziyyətdə olması, əmirlər və bəylər arasında saysız-hesabsız silahlı toqquşmalarda iştirak etməkdən təngə gəlməsi və s. - İsmayıl Səfəvi və onun yaxın ətrafı ölkəni tamamilə dağılmaqdan xilas etməyi qərara alan vaxt belə bir kədərli mənzərə vardı. İsmayıl Səfəvi öz vəzifəsini siyasi mərkəzi Azərbaycanda olmaqla yeni qüdrətli imperiya yaratmaqda görürdü. Onun məqsədi Azərbaycan türklərinin hakim mövqeyinin bütün səviyyələrdə öz təsdiqini tapdığı və mümkün olan bütün formalarda təzahür etdiyi ilk mərkəzləşdirilmiş dövlət yaratmaqdan ibarət idi. Beləliklə, Azərbaycan torpaqlarının birləşdirilməsi uğrunda mübarizə əsas özəyini Azərbaycan türk tayfaları təşkil edən, sonrakı iki yüzillik ərzində Osmanlı dövləti ilə rəqabət aparan Səfəvilər dövlətinin yaradılması ilə başa çatdı. Hətta İran, İraq, Əfqanıstan və digər ərazilərdə müxtəlif xalqların konqlomeratı olan nəhəng imperiya yaradılandan sonra da hərbi və siyasi elita təşkil edən azərbaycanlılar dövlətin əsas dayağı statusunu qoruyub saxlamışdılar. İ.P.Petruşevski çoxsaylı mənbələrə əsaslanaraq yazır: "İran, Rum, Kürdüstan və başqa ölkələrdə qızılbaşların işğalının kortəbii şəkildə yayılması onunla nəticələnmişdir ki, İsmayılın yaratdığı dövlət Azərbaycanın hüdudları ilə kifayətlənməmiş, ölkələrin və xalqların konqlomeratına çevrilmişdir. Lakin bu dövlətdə XVI əsrin lap axırlarına, I Şah Abbasın islahatlarına qədər Azərbaycan elementi ... üstün siyasi rol oynayırdı" (И.П.Петрушевский. Сборник статей по истории Азербайджана. Стр. 243). Orta əsrlər Şərqinin böyük bilicisi B.N.Zaxoder Səfəvilər dövlətinin yaranmasında Azərbaycanın rolu mövzusuna toxunaraq yazırdı: "Sosial-iqtisadi inkişafın nisbətən yüksək pilləsində olan Azərbaycan XVI əsrin əvvəlində Cənubi Qafqaz və İran ərazisində yaranmış geniş dövlətin özəyini təşkil edirdi. Bu dövlətə çoxlu tayfa və xalqlar daxil idi, lakin orada uzun müddət Azərbaycan feodalları üstünlük təşkil edir, ilk Səfəvilər onların hərbi gücünə arxalanırdı". (Всемирная история. Т.IV, М. 1959, стр.558). O.Əfəndiyev yazır ki, müasir İran tarix məktəbinin ən parlaq nümayəndələrindən biri, məşhur tarixçi Nəsrulla Fəlsəfinin etirafları da çox əlamətdardır. Səfəvilərin etnik mənşəyi barədə İranda formalaşmış ənənəvi subyektiv yanaşmanın əksinə olaraq, o, İsmayılın Azərbaycan-türk hökmdarı olmasını qətiyyətlə qəbul edir, obyektiv dəlilləri, məntiqi mühakimələri və ciddi mənbələri şovinist nəşrlərdən üstün tutur. O, öz əsərlərində İsmayılın istər sarayda, istərsə də ədəbi mühitdə türk, yəni Azərbaycan dilinin mövqeyinin möhkəmlənməsinə çox böyük qayğı göstərməsi faktına xüsusi diqqət yetirir. O yazır: "Şah İsmayıl ata tərəfdən özünü seyid (yəni Məhəmməd peyğəmbərin nəslindən olan - O.Ə.) Əli nəsli sayır və bu nəsil şəcərəsi ilə fəxr edirdi. Ana tərəfdən isə o, Türkman Həsən bəy Ağqoyunlunun (yəni Uzun Həsənin - O.Ə.) nəvəsi idi və haqlı olaraq özünü bu sülalənin qanuni varisi hesab edirdi... Dövrün bütün tarixlərindən məlum olduğu kimi, onun tərəfdarları da əsasən türkman və tatar tayfalarından olanlar idi... Fars dili Osmanlı imperiyasında və Hindistanda siyasət və ədəbiyyat dili olduğu bir dövrdə Şah İsmayıl türk dilini İran sarayının rəsmi dili etmişdi. Hətta o özü də yalnız türk dilində şeirlər yazırdı. Nəticədə türk dili Səfəvilər sarayında elə geniş yayıldı ki, bu sülalənin hakimiyyətinin sonunadək sarayın rəsmi dili olaraq qaldı". O, daha sonra yazır: "Qızılbaşlar özlərini türk mənşələrinə, əsil-nəcabət və ad-sanlarına görə İranın yerli əhalisindən yüksəkdə tutur, onları (iranlıları - O.Ə.) həqarətlə tatlar və taciklər adlandırırdılar" (O.Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. 2007, s.34-35). Şah İsmayıl Azərbaycan dilində təkcə gözəl şeirlərin, mükəmməl ədəbi abidə olan "Dəhnamə" ("On məktub") poemasının müəllifi deyildi. O, həm də dövlət fərmanları imzalayır və beləliklə, Azərbaycan dilini dövlət müstəvisinə, siyasi müstəviyə keçirmiş olurdu. Bununla bağlı İ.P.Petruşevskinin bir fikrini xatırlatmaq istərdim. O yazırdı: "Aldığı tərbiyəyə və maraqlarına görə İsmayıl qızılbaş tayfaları və köçəri əyanları ilə sıx bağlı idi. O, yaxşı təhsil görmüşdü, şair və alimlərə himayədarlıq edirdi. Xətai təxəllüsü götürmüş İsmayıl öz vaxtının tanınmış şairi idi, özündən sonra şeirlər toplusu (divan) qoyub getmişdir. Diqqətəlayiq cəhət həm də odur ki, şair olan və özündən sonra divan qoyub getmiş Osmanlı sultanı I Səlim yalnız fars dilində yazdığı halda, İsmayıl Azərbaycan dilində yazırdı. Təkcə bu fakt bəzi Qərbi Avropa tədqiqatçılarının İsmayılı İran vətənpərvəri kimi qələmə vermək cəhdlərinin nə qədər cəfəng olduğunu göstərir. Azərbaycan dili İsmayılın ana dili idi, onun və ailəsinin əsas dayağı Azərbaycan köçəriləri idi, onun sarayında azərbaycanca danışırdılar (Петрушевский И.П. В книге Сборник статей по истории Азербайджана. Стр. 242-243). Şah İsmayıl � Geri dön |