Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan-Türkiyə münasibətləri ən yüksək zirvədədir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Azərbaycan-Türkiyə münasibətləri ən yüksək zirvədədir

Azərbaycan-Türkiyə münasibətləri ən yüksək zirvədədir


Tarix daha bir Türkiyə-Azərbaycan qardaşlığına şahidlik etdi, yeni bir dostluq və qardaşlıq dastanı yazıldı. Xalqımız üçün əlamətdar gündə - 15 iyun – Milli Qurtuluş Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana gəlişi, işğaldan azad edilmiş Şuşaya səfəri çox mühüm tarixi hadisədir.

Bunu açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.

Qeyd edilib ki, Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamı İkinci Qarabağ müharibəsində bir daha ən yüksək səviyyədə öz təsdiqini tapmışdı. Qardaş Türkiyə Azərbaycana Vətən müharibəsində güclü və qətiyyətli mənəvi-siyasi dəstək verməklə böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” ifadəsinin tarixi, milli və siyasi əsaslara söykəndiyini növbəti dəfə əməli surətdə sübuta yetirmişdi. Budur, müharibədən sonra da bütün dünya iki dövlətin sarsılmaz həmrəyliyinə və birliyinə şahidlik edir. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada hər iki ölkə başçısının səsləndirdiyi fikirlər də bu reallığın bariz nümunəsidir.

Komitə sədri diqqətə çatdırıb ki, xüsusilə “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ən yüksək zirvədə olan Azərbaycan-Türkiyə münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. 1921-ci ildə imzalanmış Qars müqaviləsindən tam yüz il sonra iki dost və qardaş ölkə arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin imzalanması, heç şübhəsiz, müstəsna siyasi və tarixi əhəmiyyət daşıyır. Elə təsadüfi deyil ki, Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Tarixi Qars müqaviləsi düz 100 il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir”.

Xüsusi qeyd etmək yerinə düşər ki, Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin bütün sahələrdə səmərəli əməkdaşlığının inkişafını özündə ehtiva edir. Beynəlxalq müstəvidə birgə fəaliyyət, siyasi, iqtisadi-ticarət, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, diaspor, eləcə də enerji və nəqliyyat sahəsində sıx əməkdaşlıq bəhs olunan Bəyannamədə öz əksini tapıb. Ən mühüm məqam isə tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflərin birgə məsləhətləşmələr aparması və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirməsi, bir-birinə BMT Nizamnaməsinə uyğun lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili il əlaqədar məsələnin müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsində yer almasıdır. Bu, Azərbaycan və Türkiyənin yeni mərhələdə də hərbi-siyasi təhlükəsizlik sahəsində birlikdə fəaliyyət göstərəcəyini, ortaq milli maraqlar əsasında hərəkət edəcəyini göstərir. Təbii ki, postmunaqişə mərhələsində və hazırkı geosiyasi reallıqlar fonunda belə birgə fəaliyyətin təşkili həm hər iki ölkənin milli maraqları, həm də regional təhlükəsizlik üçün olduqca vacib və əhəmiyyətlidir.

“Beləliklə, Azərbaycan və Türkiyə bu gün dünya miqyasında nadir əməkdaşlıq və müttəfiqlik nümunəsi göstərir. Bu reallıqlar iki dövlətin bundan sonra da dostluq və qardaşlıq prinsiplərinə əsaslanan çoxşaxəli münasibətlərinin uğurla inkişaf edəcəyini deməyə əsas verir. Heç şübhəsiz, Azərbaycan və Türkiyə birgə addımlayaraq yeni zəfərlər qazanacaq, böyük tarixi nailiyyətlərə imza atacaq, - deyə S.Novruzov vurğulayıb.

Geri dön