Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə, Güney Azərbaycan-Təbriz > Güney Azərbaycanda İstiqlal istəyənlərin sayı artır(Müsahibə)
Güney Azərbaycanda İstiqlal istəyənlərin sayı artır(Müsahibə) |
Məhsa Mehdili: «Çünki toplumumuz milli kimliyini mənimsəməyə başlayıb»
Bu dəfə Tanınmış Güney azərbaycanlı qadın fəal Məhsa Mehdili haqqında bəhs etmək istədik. Bu baxımdan hazırda Türkiyədə siyasi mühacir həyatı yaşayan xanım fəalın müsahibəsini təqdim edirik. - Hazırda Türkiyədə yaşayırsınız. İrandan necə çıxa bildiniz? - Mən qanuni yolla, yəni pasportumla çıxdım. Düzdür, «Ettelaat» 11 ay sənədimi vermədi. Amma alandan sonra da ölkəni tərk etdim. - Siz daha öncə də bir müddət Türkiyədə yaşadınız. Həmin dövrdə mediaya İran əleyhinə, Azərbaycanla bağlı dəfələrlə müsahibələr verdiniz. Həbs olunmaq riskiniz varkən nə üçün yenə də İrana döndünüz? - Doğrudur. Amma əvvəla onu deyim ki, mən Güney Azərbaycan Milli Hərəkatındakı fəaliyyətimə Türkiyədən başlamamışam. Tələbəlik illərimdən bu mübarizəyə qoşulmuşam. Güney Azərbaycanda «Oyanış» adlı dərgi çıxarır, Azərbaycanla bağlı yazılar yazırdım. Həmin dərginin baş yazarı olaraq rəsmi fəaliyyətə başlamışam. Təhsil aldığım Urmiya Universitetində keçirilən gecələrə, tədbirlərə qatılır, çıxışlar edirdim. Sonra Türkiyəyə getdim. Orada yaşadığım təxminən iki il müddətində də fəaliyyətimi dayandırmadım. Haraya getsəm də, fəaliyyətimə hər zaman davam edəcəyəm. Türkiyədə də Azərbaycanla bağlı müsahibələr verir, özüm də yazılar yazırdım. İrana döndüyümdə həbs olunmaq ehtimalım vardı. Mən bunu bilirdim. Amma qayıtmağa məcbur idim. Güney Azərbaycanda 6 il yarım ali təhsil almışdım. Lakin sənədlərim orada qalmışdı, mənə verməmişdilər. Təhsilimi Türkiyədə davam etdirmək üçün İrandan sənədlərimi gətirməliydim. Bu mənim üçün çox önəmli idi. Ona görə də geri döndüm. Onu da qeyd edim ki, Türkiyədə yaşadığım müddətdə mən BMT-yə müraciət etməmişdim. Güney Azərbaycana qayıtmaq imkanım vardı. Mən də sənədlərim üçün döndüm. - İrana döndünüz. Bəs necə oldu həbs olundunuz? - Mən Güney Azərbaycana qayıtdım. Sənədlərimi almaq üçün Urmiyaya getdim. Əmimin evinə basqın edib məni tutdular. - Adətən, fəallar elə İran sərhədindən keçərkən saxlanılırlar. Sizcə, nə üçün elə Türkiyə-İran sərhədində tutmadılar? - Sərhədi keçərkən heç bir problem olmadı. Məncə, bunda məni təqib etmək məqsədləri vardı. İki il xaricdə yaşamışdım, izləmək istəyirdilər ki, Güney Azərbaycanda kimlərlə əlaqə saxlayacağam. Mən də geri döndüyüm üçün ən yaxın dostlarımla belə əlaqə saxlamadım. Sadəcə, sənədlərimi almaq üçün vəkillə görüşdüm. O mənə kömək edəcəyini dedi. 5-6 gün sonra Urmiyada yaşayan əmimgildəydim. Hazırlaşıb vəkillə görüşməyə, oradan da sənədlərimi almağa gedəcəkdim. Evdən çıxmaq istəyirdim ki, «Ettelaat» əməkdaşları basqın etdilər. Hətta evə normal qaydada deyil, damdan düşərək daxil oldular. - Neçə nəfər idilər? - Həmin anda insan həyəcanlı olur. Dəqiq sayları yadımda deyil, amma təxminən 6-7 kişi və 2-3 qadın idi. - Sizi həbs etmək üçün sənəd təqdim etdilər? - Bəli. Mən onlardan həbs olunmağıma dair sənəd tələb etdim. Dedim ki, sənəd göstərməsəniz, sizinlə getməyəcəyəm. Mənə bir sənəd göstərdilər. Amma həmin anda həyəcanlı olduğumdan kağızda nə yazıldığını dəqiq oxuya bilmədim. Sadəcə, sənədin «Ettelaat» tərəfindən verildiyini gördüm. Çox tələsdirirdilər, başımın üstündə durub heç əynimi geyinməyimə də imkan vermirdilər. Digər fəallar kimi əllərimi və gözlərimi bağlayıb evdən apardılar. Onu da deyim ki, atamın evi Salmasdadır. Məni günorta saatlarında həbs etdilər. Eyni gündə, eyni saatda «Ettelaat» əməkdaşları Salmasdakı evimizə basqın etmişdilər. Orada kompüterim, kitablarım və başqa şəxsi əşyalarım müsadirə olunmuşdu. Əmim evindəki kompüteri və mənə aid sənədləri də götürdülər. - Sizi hara apardılar? - «Ettelaat»ın Urmiyadakı şöbəsinə. Təxminən 16-17 gün saxlanıldım. Amma həbsimin son 5-6 günü Ramazan bayramına düşdüyü üçün məni Urmiya həbsxanasının qadınlar bölməsinə köçürdülər. Buna səbəb kimi isə bayramla əlaqədar «Ettelaat»da gecə növbəsində qalacaq qadın məmur olmayacağını dedilər. Ona görə də həbsxanaya apardılar. - İstintaq zamanı hansı sualları verirdilər? - İlk istintaqlar çox uzun çəkirdi. Təsəvvür edin ki, 3-4 nəfər fasiləsiz 7-8 saat sorğu-sual edirdi. Gözlərim bağlı olduğu üçün səslərilə neçə nəfər olduğunu müəyyən edirdim. Mənim təşkilati fəaliyyətim yox idi. Bu baxımdan özəl məlumatlar bilmirdim. Tələbəlikdən başladığım mübarizəmi açıq şəkildə davam etdirir, yazılar yazır, müsahibələr verirdim. İşlərimin məsuliyyəti şəxsən özümə aid idi. Amma o zaman bildim ki, tələbəlik illərindən məni izləyirlərmiş. Çünki haqqımda çox məlumatları vardı, hətta özəl həyatımla bağlı da informasiyaları bilirdilər. - İşgəncəyə məruz qaldınız? - Hesab edirəm ki, fiziki və ruhi işgəncələr mübarizənin gərəyidir. Özüm fiziki işgəncəyə məruz qalmasam da, bunları deməyi borc bilirəm. Həbsdə olduğum müddətdə təhlükəsizlik baxımından çox qorxurdum. Təkadamlıq kamerada saxlanılır, ailəmlə əlaqə saxlamğa icazə vermirdilər. Çox tələb edəndən sonra on saniyə evlə telefonla danışmağıma razılaşdılar. On saniyə ərzində onların nəzarəti altında sadəcə «burdayam, nigaran olmayın» deyə bildim. Yeni əməliyyat olmuşdum, yaram vardı. Həkim müayinəsindən də keçirmədilər. Oradakı həkimə dedim ki, yaram çirk edə bilər, müayinə edin. Amma etmədi. Mən fəalların həbsi və zindanda üzləşdikləri işgəncələrlə bağlı da yazılar yazmışdım. Məndən bu haqda da soruşdular. Yazılarımı etiraf etdim. Dedim ki, İranda siyasi məhbuslar işgəncələrə məruz qalır və mən də bunları yazmışaş. Məni inandırmağa çalışırdılar ki, işgəncələr olmur və bununla bağlı yayılan fotolar da yalandır. Şəxsən fiziki olmasa da, ruhi işgəncələrə, təhqirlərə məruz qaldım. - Tanıdığınız fəallar arasında fiziki işgəncələrə məruz qalanlar var idi? - Bəli, dostlarımdan fiziki əziyyət görənlər var. Onu da deyim ki, əgər fəal tanınandırsa, yazandırsa, ona fiziki işgəncə verməyə çəkinirlər. Çünki azadlığa çıxandan sonra bu barədə yazacağından qorxurlar. - Sizcə, Güney Azərbaycanda əhalinin neçə faizi istiqlaliyyət tərəfdarıdır? - Konkret rəqəm deyə bilmərəm. Amma onu bilirəm ki, Güney Azərbaycanın iqtiqlaliyyətini istəyənlərin sayı qat-qat artıb. Soydaşlarımız hüquqlarını bilir və məntiqli şəkildə mübarizə aparırlar. Ən önəmlisi odur ki, insan fikrində, beynində istiqlaliyyətə qovuşsun. Bu tendensiya Güney Azərbaycanda sürətlə artır. Orada oyanış və özünüdərk qat-qat çoxalıb. Toplum milli kimliyini mənimsəməyə başlayıb. Milli hərəkatdakı inkişaf istiqlalliyyət qazanacağımıza ümid yaradır. Sadəcə, arzu etdiyimiz nəticə üçün zaman lazım olacaq. - Türkiyədə qalacaqsınız, ya başqa xarici ölkəyə gedəcəksiniz? - Mənim yaşam fəlsəfəm Azərbaycan üçün mübarizə aparmaqdır. Hər yerdə bu işi görəcəyəm. Harada olmağımın əhəmiyyəti yoxdur. Hər zaman Azərbaycan üçün savaşacağam. Turqut Geri dön |