Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan Ordusu – Zəfər tariximizin şanlı səhifəsi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > Azərbaycan Ordusu – Zəfər tariximizin şanlı səhifəsi

Azərbaycan Ordusu – Zəfər tariximizin şanlı səhifəsi


2020-ci ilin payızında İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu 44 günlük şanlı savaşda qazandığı möhtəşəm qələbəsi ilə bütün Qafqaz regionunun ən güclü ordusu kimi, sülh və təhlükəsizliyin əsas təminatçısı olduğunu göstərdi.

Bu fikr açıqlamasında AMEA Tarix İnstitutunun böyük elmi işçisi Ramin Əlizadə söyləyib.

Ordu quruculuğumuzun tarixinə nəzər salan tarixçi alim deyib: “Azərbaycanın qədim Manna və İşquz dövlətlərinin ordusu öz dövrünün hərbi cəhətdən güclü ordusu hesab edilirdi. İşquzların əsasən süvarilərdən ibarət olan ordusu Yaxın Şərqin qədim tarixində ən çevik və məğlubedilməz ordu hesab edilirdi. Eramızdan əvvəl V əsrdə qədim yunan tarixçisi Herodot “Tarix” əsərində yazırdı ki, iskitlərin ata yurdu Araz çayından şimaldakı torpaqlar idi. Azərbaycan ərazisində arxeoloji qazıntılar nəticəsində döyüşçü qəbirlərindən xeyli sayda hərbi sursatların aşkar edilməsi yazılı mənbələrin verdiyi məlumatları təsdiq edir. Eramızdan əvvəl IV əsrin sonlarında Azərbaycanın cənubunda sərkərdə Atropat tərəfindən müstəqil dövlətin – Atropatena dövlətinin əsası qoyulub. Atropat həm də ağıllı və tədbirli diplomat idi. O, qədim dünyanın ən qüdrətli sərkərdəsi hesab edilən Makedoniyalı İskəndərlə dostluq əlaqələri saxlayıb. Atropatena ilə eyni vaxtda Azərbaycanın şimalında Albaniya dövləti mövcud olub. Albaniya dövləti eramızın ilk əsrlərində şimalda Dərbənddən cənubda Araz çayına, qərbdə Borçalı və Ağbabadan şərqdə Xəzər dənizinədək geniş coğrafiyanı əhatə edirdi. Alban tarixçisi Musa Kalankatlı “Alban tarixi” əsərində yazırdı ki, Alban ölkəsini Böyük Sak (İskit) nəslindən olan Aran (Ərən) və onun cəsur varisləri idarə edib. Eramızın ilk əsrlərində yunan və Roma tarixçilərinin məlumatlarına görə Albaniya dövlətinin ordusunun sayı 80 min əsgərdən çox olub, hətta alban qadınları da döyüş meydanında düşmənlə üz-üzə mübarizə aparıblar”.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması isə hərb tariximizdə yeni mərhələnin başlanğıcı oldu. Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğu sahəsində ilk tədbiri Osmanlı dövləti ilə hərbi sahədə əməkdaşlıq və Azərbaycan Ordusunun yarıdılması oldu. 1918-ci il iyunun 26-da Nazirlər Şurasının verdiyi qərara əsasən ilkin olaraq beş min nəfər şəxsi heyəti olan “Əlahiddə Azərbaycan korpusu” yaradıldı. Hərbi səfərbərlik elan edildi və ilk hərbi çağırış nəticəsində 1894-1899-cu illərdə anadan olmuş bütün müsəlman gəncləri hərbi qulluğa çağırıldı. Azərbaycan Milli Ordusunun güclənməsində tanınmış hərbçilərimiz Səməd bəy Mehmandarov və Əliağa Şıxlinski mühüm rol oynadılar. 1918-ci il noyabrın 1-də Hərbi Nazirlik yaradıldı və S.Mehmandarov hərbi nazir təyin edildi. Bakıda Hərbi məktəb yaradıldı. 1919-cu ildə Xəzər Hərbi Donanması yaradıldı. Hərbi əmrlər ana dilində verildi, hərbi təlim-tədris vəsaitləri ana dilində tərtib edildi. Milli Ordunun qurulmasında bu tədbirlər çox mühüm idi. Lakin 1920-ci ilin aprelində Sovet Rusiyasının XI Qırmızı ordusu Azərbaycanı işğal etdi. Azərbaycan Milli Ordusunun zabit və əsgər heyəti təqiblərə məruz qaldı, onların əksəriyyəti həbs edilərək sürgün edildi və ya güllələndi.

Ramin Əlizadə qeyd edib ki, ümummilli lider Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycan SSRİ-yə rəhbərlik etdiyi dövrdə uzaqgörənliklə həyata keçirdiyi mühüm tədbirlərdən biri də hərbi kadrların yetişdirilməsi oldu. 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb yaradıldı. 1998-ci ildə isə C.Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialı açıldı və daha sonra bu hərbi məktəbə Heydər Əliyevin adı verildi.

Həm Birinci Qarabağ müharibəsində, həm də İkinci Qarabağ müharibəsində ordumuzun əsas zabit heyəti məhz C.Naxçıvanski adına Hərbi Liseyin yetirmələri oldu. Bu məktəbin ərazi bütövlüyümüzün qorunmasında mühüm xidmətləri olan hərbi kadrlarından 9 nəfəri Azərbaycanın Milli Qəhrəmanıdır. C.Naxçıvanski adına Hərbi Liseyin yetirmələri bu məktəbi bütün Cənubi Qafqaz regionunda həm vətənpərvərlik, həm də hərbi hazırlıq baxımından ən hazırlıqlı zabitlər kimi bitirirlər.

“2021-ci ildə “Global Firepower” təşkilatı Azərbaycan Silahlı Qüvvələrini dünyanın ən güclü orduları sırasına daxil edib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda hər an hazır vəziyyətdədir”, - deyə tarixçi alim Ramin Əlizadə qeyd edib.

Geri dön