Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Naxçıvan Şəhər İcra Hakimiyyətində orden və medalların təqdimatı olub
Naxçıvan Şəhər İcra Hakimiyyətində orden və medalların təqdimatı olub |
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 dekabr tarixli Sərəncamı ilə Vətən müharibəsi zamanı Azərbaycan Respublikası ərazilərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş, şəhid olmuş və xəsarət almış bir qrup şəxs orden və medallarla təltif edilib. Naxçıvan Şəhər İcra Hakimiyyətində bu orden və medalların, həmçinin onların vəsiqələrinin şəhid ailələrinə təqdim edilməsi münasibətilə tədbir keçirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin birgə təşkilatçılığı və şəhid ailələrinin iştirakı ilə keçirilən tədbirdən əvvəlcə Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək bildirib ki, bu gün ölkəmizdə və muxtar respublikamızda hər bir sahənin inkişafında dövlətimizin diqqət və qayğısı hiss olunur. Azərbaycan Respublikasının Silahlı Qüvvələri də hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Bu sahədə görülən işlərin, həyata keçirilən tədbirlərin nəticəsidir ki, biz Vətən müharibəsini Böyük Qələbə ilə başa vurduq. Lakin qələbə itkisiz, qurbansız əldə edilmir. Bu müharibədə üç mindən çox qeyrətli oğlumuz şəhid oldu. Naxçıvan şəhərindən də 18 zabit və əsgərimiz bu savaşda qəhrəmanlıqla həlak oldu. Onlar qəhrəmanlıq tariximizə və şəhidlik zirvəsinə adlarını öz qanları ilə yazdılar. Bu qəhrəmanlardan 1-i Bakı şəhərindəki Fəxri xiyabanda, 1-i Sumqayıt şəhər Şəhidlər Xiyabanında, 9-u Naxçıvan şəhər, 3-ü Qaraçuq, 2-si Tumbul kənd, 1-i Əliabad qəsəbə, 1-i isə Xətai qəbiristanlığında dəfn edilib. Naxçıvan şəhərindən olan 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alaraq qazi olub. Gələcək nəsillərin vətənpərvərlik tərbiyəsində bu qəhrəmanlarımızın Vətən sevgisi böyük bir məktəb olacaq. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan oğullarımıza Allahdan rəhmət, qazilərimizə şəfa diləyən icra başçısı vurğulayıb ki, Vətən müharibəsində zabit və əsgərlərimizin göstərdikləri şücaət və qəhrəmanlıqlar ölkə başçısı tərəfindən daim yüksək qiymətləndirilir, onlar Azərbaycan Respublikasının ali mükafatlarına, orden və medallara layiq görülürlər. Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Vətən müharibəsi zamanı Azərbaycan Respublikası ərazilərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edən bir qrup şəxsin təltif olunması onların əməyinə verilən ən yüksək dəyərdir. Bu gün muxtar respublikada, həmçinin Naxçıvan şəhərində də qazi və şəhid ailələrinə xüsusi qayğı göstərilir və bu qayğı bundan sonra da davam etdiriləcəkdir. Sonra Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin rəisi Anar Aqilov ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə hərbi hissələrin maddi-texniki təminatının möhkəmləndirilməsindən, müasir əsgəri-məişət-yaşayış komplekslərinin tikilməsindən, zabit ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasından danışıb. O, şəxsi heyətin döyüş və mənəvi hazırlığının əhəmiyyətli dərəcədə artırılmasından, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda aparılan döyüşlərdə misilsiz şücaət və rəşadət göstərmiş şəhidlərimizə, onların ailələrinə göstərilən diqqət və qayğıdan da bəhs edib. Qeyd olunub ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti bu qayğı müqabilində Vətən müharibəsində qəhrəmancasına və şücaətlə döyüşərək Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr endirib, illər ərzində Ermənistanın işğal altında saxladığı torpaqlarımızda qurduğu mürəkkəb konstruksiyalı mühəndis-istehkam və bunker sistemlərini darmadağın edib, düşmənin müdafiə xətləri yarılaraq torpaqlarımız işğaldan azad edilib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən şəhid ailələrinə, qazilərimizə və müharibə iştirakçılarına göstərilən hərtərəfli dövlət qayğısından danışan Anar Aqilov ölkə başçısının 2021-ci il 24 iyun tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusunun Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə növbəti dəfə təltif edilməsini də bu qayğının bariz nümunəsi olduğunu bildirib. Daha sonra dövlətimizin başçısının müvafiq sərəncamları ilə Vətən müharibəsindəki igidlik və şücaətlərinə görə təltif olunan şəhidlərin medalları onların ailə üzvlərinə təqdim edilib. Sonda şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər. Geri dön |