Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bir orden, doqquz medalla təltif olunan Dayı ləqəbli kəşfiyyatçı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hərb > Bir orden, doqquz medalla təltif olunan Dayı ləqəbli kəşfiyyatçı

Bir orden, doqquz medalla təltif olunan Dayı ləqəbli kəşfiyyatçı


Vətən müharibəsi qəhrəmanlarından olan Dayı ləqəbli kəşfiyyatçı İlyas Nəsirovun döyüş yolu gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir. O, Aprel döyüşlərində, istərsə də Vətən müharibəsində düşmənin qorxulu kabusuna çevrildi.

Füzulidən Qubadlıya qədər döyüş yolu keçən İlyas Nəsirov ölümü ilə tarix yazdı.

Nəsirov İlyas Arzuman oğlu 1985-ci ilin iyulun 4-də Beyləqan rayonu Milabad kəndində dünyaya göz açıb. Hələ uşaq yaşlarından vətənpərvər ruhda böyüyən İlyas həmyaşıdlarından seçilib. İlyasın xatirələri haqqında qürurla danışan şəhid anası Sona Mayılova deyir ki, İlyas sanki Vətən üçün, bayraq üçün gəlmişdi bu dünyaya. Hələ 1-ci sinifdə oxuyarkən İlyasa Azərbaycan bayrağı təqdim edildi. İlyas həmin bayrağı sevgi hisləri ilə evə gətirdi və onu göz bəbəyi kimi qorudu. Uşaq yaşlarından hərbiyə böyük marağı olan İlyas həmdə idmanla məşğul olub. Həqiqi hərbi xidmət zamanı kəşfiyyat bölüyündə xidmət keçən İlyas sonra müddətdən artıq xidmətçi olaraq vətən keşiyində dayanır. Hərbi birlik tərkibində kəşfiyyat taborunda xidmət edən İlyas həmdə bir çox xüsusi təlimlərin iştirakçısı idi.

Şəhidin həyat yoldaşı Aytəkin Əliyeva bildirir ki, İlyas evdə çox az olardı. Ailəsindən də çox peşəsinə vaxt ayırardı. Çünki onun tək bir istəyi vardı, torpaqlarımızı azad görmək. İlyasın ata yurdu Cəbrayıla olan sevgisi də böyük olub və həmin torpaqlara getmək arzusu ilə yaşayıb. İlyas xidməti dövründə peşəkar hərbçi olduğuna görə ilk dəfə 2008-ci ildə "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı ilə təltif edilib. Daha sonra "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı və "Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi" yubiley medalı ilə təltif olunub. İlyas Aprel döyüşlərində də düşmənin qorxulu kabusuna çevirlən bir kəşfiyyatçı olub. Hətta döyüşçü yoldaşları arasında Dayı ləqəbi ilə tanınan İlyas böyükdən kiçiyə hər kəsin sevgisini qazanıb. Aprel döyüşləri zamanı göstərdiyi şücaətə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə İlyas Nəsirov “İgidliyə görə” medalına layiq görülüb. Hətta ölkə rəhbəri tərəfindən İlyasa Qızıl saat hədiyyə olunub. Hərbi sirlərə kamil yiyələnən İlyas III dərəcəli "Qüsursuz xidmətə görə" medalı ilə təltif edilib. 27 sentyabr 2020-ci ildə düşmən təxribatının qarşısının alınması zamanı başlanan əks hücum əməliyyatında İlyas və döyüşçü yoldaşları ilk iştirak edib. Füzuli istiqamətindən başlayan döyüşlərdə İlyas və qrupu bir çox postların, strateji yüksəklikləri alınmasında şücaət göstərib. Daha sonra Cəbrayıl, Qubadlı istiqamətində gedən döyüşlərdə İlyas və qrupu əsl qəhrəmanlıq nümunəsi olub.

İlyasın qrup komandiri olan Amil Orucov deyir ki, bir çox uğurlu tapşırıqlarımız İlyasla bir yerdə oldu. Çox böyük təcrübəyə malik idi. Demək olar ki, şəxsi heyət onun döyüş təcrübəsindən yararlanırdı. İlk döyüş günü Füzuli istiqamətində uğurlu tapşırıq zamanı İlyas söylədi ki, “nəhayət bu xoşbəxt gün bizə qismət oldu və yolumuz bütün işğalda olan torpaqlardan keçəcək və düşməni doğma torpaqlarımızdan çıxaracağıq”. Belə də oldu, İlyasın arzusu yerinə yetdi. İlyas əsl qəhrəmanlıq nümunəsi oldu bizlər üçün. Qubadlı istiqamətində gərgin döyüş zamanı İlyas və qrupunun olduğu istiqamət ermənilər tərəfindən raketlə vuruldu. Həmin zaman İlyas şəhadətə ucaldı.

İlyasın qrupunda xidmət edən Elmin Pirəliyev komandirini əfsanəvi bir kəşfiyyatçı olduğunu bildirir: “Hərb sənətin bir çox sirlərini biz ondan öyrəndik, döyüşlərdə onun təcrübəsi bizə çox kömək oldu. Biz onunla sağlığında da qürur duyurduq, bu gün də onun xatirəsi bizim üçün əzizdir. İlyas və digər qəhrəmanlarımız hər zaman qəlblərdə yaşayacaq”.

İlyasın doğum günü münasibətilə onun anım xatirəsi keçirilib. Şəhidin 36-cı yaş dönümündə şəhidin ailə üzvləri, hərbçi və döyüşçü yoldaşları iştirak edib. İlyasın qəhrəmanlıq dolu həyat yolundan söhbət açılıb. Qeyd edilib ki, İlyas və digər qəhrəmanlarımızın qanı ilə yazılan bu şanı tarix gələcək nəsillər üçün əsl örnək olacaq. İlyasın doğum günündə düzənlənən tədbir zamanı onun keçdiyi həyat yolu və hərbiyə həsr etdiyi ömrünü əks etdirən film nümayiş olunub.

Qeyd edək ki, şəhid İlyas Nəsirov ailəli olub, üç övladı yadigar qalıb. O, döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “ Vətən uğrunda”, Füzulinin azad edilməsinə görə”, “Cəbrayılın azad edilməsinə görə”, “Qubadlının azad edilməsinə görə” medalları ilə təltif edilib.

Geri dön