Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Dənizdə boğulma hallarında artım müşahidə edilir
Dənizdə boğulma hallarında artım müşahidə edilir |
Son həftələr dənizdə boğulma hallarında artım müşahidə edilir. Bu, isti havalarda çimərliyə üz tutanların artması ilə əlaqədardır. Lakin onu da qeyd etmək lazımdır ki, boğulma hallarının artmasının əsas səbəblərindən biri də vətəndaş ehtiyatsızlığıdır. Çünki boğulmalar adətən dənizdə baş verən hansısa xüsusi vəziyyətə və ya vətəndaşın səhhətindəki problemə bağlı olaraq baş vermir. Vətəndaşlara vacib nüanslara diqqət etməyi, xüsusilə dərin yerlərdə üzməməyi məsləhət görürük.
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Qəbul və Təcili Tibbi Yardım şöbəsinin müdiri, həkim-terapevt Cavanşir Məhərrəmov dənizdə boğulma zamanı tətbiq edilməsi lazım olan ilkin tibbi yardım üsulları barədə məlumat verib. Həkim-terapevt bildirib ki, dənizdə boğulan adama ilkin tibbi yardım göstərmək üçün onun nəfəsini və nəbzini yoxlamaq lazımdır: “Nəbz və nəfəs olduğu təqdirdə, həmin şəxsi quru səthə uzatmaq və başını aşağı salmaq, daha sonra xüsusi hərəkətlər vasitəsilə mədə, qida borusu və ağciyərlərə dolan mayeni kənarlaşdırmaq lazımdır. Köməyə ehtiyacı olan vətəndaşın ağız və burnuna dolan yad cisimlər çıxarılmalıdır. Diqqət etmək lazımdır, əgər ürək dayanıbsa, süni tənəffüs metodundan istifadə edilsin. İstənilən halda, təcili tibbi yardıma müraciət etmək məsləhət görülür. Həmçinin boğulan insanı dənizdən çıxarmaq üçün ona arxa tərəfdən yaxınlaşmaq lazımdır”. C.Məhərrəmovun dediyinə görə, bəzi mənbələr dənizdə boğulan adamı 12 dəqiqə ərzində xilas etməyin mümkün olduğunu desə də, bu, adətən 7 dəqiqədən artıq çəkə bilməz: “Əgər boğulma anından çox müddət keçərsə, həmin şəxsi xilas etmək mümkün deyil. İlk 7 dəqiqə beyin ölümünün baş verməsi üçün kifayətdir. Nəzərə almaq lazımdır ki, quruda ölüm halı ilə, suda baş verən ölüm arasında fərq çoxdur. Suda ağciyərin maye ilə dolması vəziyyəti çətinləşdirir. Nəticədə qan tromblaşması baş verir. Quru havada ürək dayandıqda isə, müəyyən aktivlik hesabına beyinə qan gedir və zərərçəkəni xilas etmək olur. Vətəndaş özünü üzmə hərəkətləri ilə xilas edə bilər. Çalışıb suyun dayaz olduğu tərəfə üzmək lazımdır”. Həkim-terapevt əlavə edib ki, çimərliklərdə sosial məsafənin qorunması və gigiyenaya əməl edilməsi vacibdir. “Dənizdə boğulanlar arasında uşaqlara və yeniyetmələrə də rast gəlinir. Bu mənada valideynlər çox ehtiyatlı olmalıdırlar. Diqqət edilməlidir ki, dəniz suyu qarının üst hissəsini keçməsin. Ümumiyyətlə vətəndaşların, xüsusilə uşaqların 12:00-16:00 aralığında çimərliyə getmələri təhlükəlidir. Çünki günvurma və istivurmaya məruz qala bilərlər. Bu müddət günəşin ən qızmar vaxtı hesab edilir. Səhər 10:00-11:00–da isə günəş vannası qəbul etmək sümüklərin D vitamini ilə qidalanması baxımından faydalıdır”, - deyə C.Məhərrəmov fikrini tamamlayıb. Geri dön |