Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Gənclik, Bildiriş > Ucarda təhsildən kənar qalan evdar qadınlar yenidən dərslərə cəlb edilib
Ucarda təhsildən kənar qalan evdar qadınlar yenidən dərslərə cəlb edilib |
Ucar rayon Təzə Şilyan kənd orta məktəbinin müəllimi Aynur İbrahimova müxtəlif səbəblərdən təhsildən kənar qalan valideynləri yenidən dərslərə cəlb edib.
Ödənişsiz və könüllülük əsasında fəaliyyət göstərən bu qrupdan hələlik otuz valideyn yararlanır. Hər gün kifayət qədər yol qət edərək Göyçaydan Ucarın ucqar kəndinə bilik aşılamağa gələn Aynur müəllimə deyir ki, əsas məqsədi əvvəlki illərdə orta məktəbi bitirdikdən sonra müxtəlif səbəblərdən ali təhsil almaq imkanı olmayan evdar xanımları təhsilə yönəltməkdi: “Azərbaycan dili və ədəbiyyat fənnini tədris edirdim, amma bizə digər ixtisas müəllimləri də lazım idi. Bu mövzuda digər müəllimlərimizə də müraciət etdim, onlar da mənə dəstək olub dərslərə qoşuldular. Hələlik üç fənn üzrə dərslərimiz davam etsə də, digər ixtisaslar üzrə də müəllimləri də bura cəlb edəcəyik. Layihəyə könüllü və ödənişsiz qoşulan ingilis dili müəllimi Rəhimə Rəhimova Kürdəmir şəhər məktəbində çalışır. O da digər müəllim yoldaşları kimi bu kəndə gələrək valideynlərin təhsil almaq arzularının reallaşmasına dəstək olub. “Məktəblilərlə işləmək daha asandı, çünki onlar hər gün dərs vəsaitləri ilə təmasda olurlar. Amma nəzərə alsaq ki, valideynlər uzun illərdi məktəbdən ayrı düşüblər. Məhz bu səbəbdən əvvəl bir qədər çətin olsa da, amma bunun öhdəsindən gəlməyi bacardıq. Onlar öyrənməyə, biz də öyrətməyə həvəsliyik, əsas odur ortaya nəticə qoya bilək”, - deyə Rəhimə Rəhimova qeyd edir. Bu aksiyaya ilk olaraq Təzə Şilyan kəndindəki xanımlar qoşulsa da, sonradan Ucarın digər kəndlərindən də müraciət edən valideynlər olub. 1993-cü ildə orta məktəbi bitirib ailə quran Vəfa Manafova da təhsildən kənarda qalan analardan biridir: “Müəyyən səbəblərdən ali təhsil ala bilmədim, ailə qurdum. Amma sonra bu mövzuda peşmançılığım çox oldu. O vaxtı mənə dəstək çıxan olmadı və uzun illər qınağa məruz qalmaqdan çəkinərək istəyimin arxasınca getmədim. İndi bu layihəni gördüm, ürəkləndim. Ailəm də mənə dəstək oldu və layihəyə qoşuldum. Ümid edirəm ki, çox yaxşı nəticələrimiz olacaq. Gənclərə tövsiyəm odur ki, ailə gözəl şeydir, amma hər şey öz vaxtında gözəldir. Əsas təhsilə üstünlük vermək lazımdır”. Xatırladaq ki, hazırda əyani dərslərlə bərabər, eyni zamanda paytaxt Bakıda daxil olmaqla, Şamaxı, Şəmkir, Kürdəmir, Şəki, Sabirabad və digər rayonlardan onlayn dərslərə qoşulan valideynlərin də sayı az deyil. Geri dön |