Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Şeyxin azadlıq hərəkatında nə rolu olub? – “Ermənilər Şuşada at oynadanda...”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Şeyxin azadlıq hərəkatında nə rolu olub? – “Ermənilər Şuşada at oynadanda...”

Şeyxin azadlıq hərəkatında nə rolu olub? – “Ermənilər Şuşada at oynadanda...”


Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin məlum bəyanatı ətrafında müakirələr davam edir. Artıq Şeyxin tərəfdarları yeni tezislərlə çıxış etməyə başalayıblar. Onların iddiasına görə, Azərbaycanın müstəqillik qazanmasında Allahşükür Paşazadənin müstəsna xidməti olub.

Maraqlıdır, Şeyxin Azərbaycanın müstəqillik qazanmasında hansı xidmətləri olub? Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən milli azadlıq hərəkatının öncülərindən olan Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev ilk əvvəl Şeyxin ünvanına səsləndirilən fikirlərə diqqət çəkib:

“Şeyxülislam fərddir, şəxsdir. Bir ona münasibət, bir də onun tutduğu məqam var. Biz o məqamı həmişə nəzərə almalıyıq. Bəzən Şeyxin ünvanına yeri gəldi-gəlmədi tənqidlər və ya böhtanlar, əmlakı ilə bağlı fikirlər səsləndirilir. Biz nəzərə almalıyıq ki, bizim mətbuatı kənardan da izləyirlər. Qafqazın şeyxi Azərbaycandan olan bir müsəlmandır və bu nəzərə alınmalıdır”.

Həmsöhbətimiz Allahşükür Paşazadənin son çıxışına haqq qazandırmadığını da bildirib: “Son zamanlar dediyi fikirləri təbii ki, müdafiə etmirəm. Amma bunların fonunda şeyxin bütün fəaliyyətinin üzərindən xətt çəkmək doğru sayılmaz. Bəli, mənim də qəbul etmədiyim məqamlar oldu. Tutaq ki, Şuşa məscidində İran mollasının hər hansı bir səbəbdən önə çıxması xoşagələn hal deyil. İndi bunu fərqli yönlərdən izah edirlər ki, guya o camaat namazı deyildi və s. Amma fərqi yoxdur, İran mollası Azərbaycandadırsa, şeyxülislamın arxasında dayanmalıdır, yerini bilməlidir. Gəlib önə keçibsə, özbaşınalıq edibsə, protokolla bunun qarşısı alınmalıydı.

Həmçinin şeyxin son ifadəsi ilə bağlı da onun üzərinə gəlirlər, lakin bizim bu məsələyə də münasibətimiz aydındır. Müharibə vaxtı İranın mövqeyi açıq şəkildə görünürdü. 44 gün ərzində İran ərazisindən 900 tonadək silah-sursat daşındı, müsəlman dövləti olmayan Gürcüstan buna icazə verməmişdi, amma İran Qarabağa silah daşınmasına icazə verdi.

Üstəlik müharibə boyu susdu, biz qalib gələndən sonra məsələyə münasibət bildirdi. Mən həmişə misal çəkirəm ki, məşhur “Dədə Qorqud” filminin sonunda Aruz gəlib deyir ki, çıxar qılıncını mən gəldim. Yəni hər şey bitəndən sonra guya bunlar özlərini yetiriblər. İranınkı da belə bir şeydir.

Doğrudur, onların nəyisə tanıyıb-tanımamaqları ilə bir şey dəyişmirdi, lakin reallıq var ki, İranın mövqeyi bu məsələlərin hamısında neqativ olub. Ölkə prezidenti də çıxışında bildirmişdi ki, Şuşada məscidi fars memarlıq üslubunda təmir ediblər, buna görə də, “Biz onu təzədən təmir edəcəyik”,- dedi.

Yəni qanunsuz qondarma rejim Şuşada at oynadanda İranın gedib onlarla əməkdaşlıq etməsi heç bir məcraya sığmır. Bu siyahını kifayət qədər uzatmaq mümkündür.

Amma indi Hacı Allahşükür Paşazadə, bəlkə də, sadəcə Azərbaycan-İran münasibətlərini yaxşılaşdırma üçün məqam axtarıb. Açığı, adam siyasət adamı deyil. Biz bu fikri qəbul etməsək də, dediyim kimi, Allahşükür Paşazadənin indiyə qədərki fəaliyyətinin üzərindən xətt çəkməyimiz, özümüzün özümüzə qarşı dayanmağımız doğru olmaz. Şeyx elə bir yerdə dayanıb ki, bir çox müsəlman dövlətləri ilə münasibətdə kifayət qədər xidmətləri olub”.

Fərəc Quliyev Allahşükür Paşazadənin azadlıq hərəkatında da mühüm rolunun olduğunu vurğulayıb:

“1990-95-ci illərdə mən parlamentdə olmuşam. Allahşükür Paşazadə də o zaman parlamentdə idi. 20 Yanvar hadisələrində, o cümlədən o dövrdəki çox ciddi hadisələrdə Allahşükür Paşazadə xalqın yanında olub, mühüm xidmətləri olub.

O vaxt biz xalq hərəkatında iştirak edən və xalq hərəkatını Parlamentdə təmsil edənlər idik, həmin dövrdə istər rəhmətlik Bəxtiyar Vahabzadə, istər İsmayıl Şıxlı, istərsə də Hacı Allahşükür Paşazadə bizim nə istəyimiz vardısa, onu yerinə yetirməyə çalışırdı. Çox böyük basqılar vardı, amma buna baxmayaraq, şeyx həmişə xalqın yanında idi.

Ona görə də onun müsbət fəaliyyətini göstərmədən, ancaq neqativi qabartmağın tərəfdarı deyiləm. Amma yaxşı fəaliyyəti olub deyə də bu tipli yanlışlarının ortaya çıxarılmasının qarşısını almağı doğru hesab etmirəm. Yanlışlar deyilməlidir. İran mollasını qabağa buraxmaq və ya İranın layiq olmadığı tərifi ona demək qəbulolunmazdır”.

Sayad HƏSƏNLİ/yenisabah.az

Geri dön