Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hərb > Şuşanın fəthi zamanı şəhidlik zirvəsinə yüksələn Elzamin Tağıyevin ad günü qeyd olunub
Şuşanın fəthi zamanı şəhidlik zirvəsinə yüksələn Elzamin Tağıyevin ad günü qeyd olunub |
Vətən müharibəsində düşmənə qarşı son damla qanına qədər vuruşaraq şəhid olan Elzamin Tağıyevin ad günü - 29-cu yaşı məzarı yanında qeyd edilib.
Elzamin Tağıyev 1992-ci il avqustun 11-də dünyaya göz açıb. Şəhidin doğum günündə onun məzarı ziyarət edilərək üzərinə gül dəstələri və çələnglər düzülüb, şəhidlərimizin ruhuna dualar oxunub. Çıxış edənlər Vətən müharibəsində qazanılan qələbədən söhbət açıblar. Bildirilib ki, Elzamin və digər qəhrəmanlarımız öz canları bahasına torpaqlarımızı yağı düşməndən azad ediblər. Daha sonra məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub, qəhrəmanlara, Vətənə həsr edilən şerlər səsləndirilib. Elzamin Tağıyevin şərəfli ömür yolundan danışan atası Eyvaz Tağıyev bildirib ki, Vətən müharibəsində könüllü olaraq iştirak edən Elzaminin ilk döyüş yolu Füzuli istiqamətindən başlayıb. Ermənilər tərəfindən 30 il ərzində qurulan səddin yarılmasında Elzaminin də şücaəti böyük olub. Elə cəbhədən ilk müjdəni də ailəsinə o xəbər verib. Oktyabrın 11-nə kimi döyüşlərdə fəal iştirak edib. Həmin gün yaralanıb və hospitala yerləşdirilib. Bir müddət müalicə alsa da, yenidən öz istəyi ilə döyüşlərə qatılıb. Hadrut və Xocavəndin bir çox kəndlərinin azad olunmasında iştirak edib. Qubadlı istiqamətində gedən döyüşlərdə düşmənin texnika və canlı qüvvəsini məhv edib. Daha sonra Daşaltı döyüşlərində və Şuşa döyüşlərində xüsusi təyinatlılara qoşularaq düşmənə qarşı vuruşub. Daşaltı dağlarını qalxaraq əlbəyaxa döyüşlər zamanı ermənilərin məhv edilməsində iştirak edən Elzamin qəhrəmanlığı ilə seçilib. Noyabrın 9-da isə qəhrəmancasına döyüşərək şəhadətə yüksəlib. Şəhid anası Məlahət Hüseynovanın sözlərinə görə, Elzamin orta məktəbi bitirdikdən sonra Moskva Dövlət Universitetinin məzunu olub. Sonra Beyləqan rayonu ərazisində yerləşən Xocavənd qəsəbəsində işləyib. Əslən Qaradağlı kəndindən olan ailədə böyüyən Elzamin Qaradağlı faciəsinin ağrılarını görməsə də, həmin müsibəti heç zaman unutmurdu. İyul hadisələrində isə general Polad Həşimovun şəhid olması Elzamini daha da sarsıdıb və o, könüllü olaraq ordu sıralarına yazılıb. Sentyabr ayında döyüşlər başlayan gün cəbhəyə yollanıb. Qaradağlı faciəsində ailə üzvlərini və qohumlarını itirən Məlahət ana deyib ki, hər dəfə Elzamin bu qisası ermənilərdə qoymayacağını söyləyirdi. “Mən oğlumla qürur duyuram. O, verdiyi sözü tutdu. Məhz onun kimi qəhrəmanların sayəsində 30 illik torpaq həsrətimizə son qoyuldu, şəhidlərimizin qisası alındı”, - deyə şəhid anası əlavə edib. Qeyd edək ki, şəhid Elzamin Tağıyev döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Geri dön |