Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əmirəli Lahrudi: «Azərbaycan Demokrat Firqəsinin başladığı hərəkat zorla yatırılsa da, indi də gündəlikdədir»
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə, Güney Azərbaycan-Təbriz > Əmirəli Lahrudi: «Azərbaycan Demokrat Firqəsinin başladığı hərəkat zorla yatırılsa da, indi də gündəlikdədir»

Əmirəli Lahrudi: «Azərbaycan Demokrat Firqəsinin başladığı hərəkat zorla yatırılsa da, indi də gündəlikdədir»


«Xalqımız öz arzularına çatana qədər mübarizə aparacaq»


Böyük Britaniya və keçmiş Sovet İttifaqının İran ərazisinə daxil olması Rza şah rejiminin süqutuna gətirib çıxardı. Bir tərəfdən xarici müdaxilə, digər tərəfdən mövcud rejimin yıxılması İranda müəyyən qədər demokratik mühitin formalaşmasına səbəb oldu. Uzun illər Azərbaycan türklərinin apardığı milli-azadlıq hərəkatı Azərbaycan Milli Hökumətinin yaranması ilə nəticələndi. Daha çox «21 Azər» Hərəkatı kimi tarixə düşən bu gün Cənubi Azərabaycanda milli hökumətinin yaranması ilə əhəmiyyətlidir. Seyid Cəfər Pişəvərinin başçılığı ilə qurulan bu hökumət İran şahının 25 ildə etmədiyini bir ildə Güney Azərbaycan üçün həyata keçirdi. Azərbaycan Demokrat Firqəsinin sədri Əmirəli Lahrudi ilə söhbətimiz də 21 Azər hərəkatını xatırlama ilə başladı.

- Bu, böyük bir tarix idi. Həmin dövrdən uzun müddət keçməsinə baxmayaraq 21 Azər hərəkatı bu günün hərəkatı hesab olunur. Azərbaycan xalqı həmişə öz varlığı uğrunda mübarizə aparıb və 21 Azər hərəkatı da bu mübarizənin yüksək zirvəsi hesab olunur. Bir il mövcud olan milli hökumət İran tarixində görünməyən islahatlara imza atdı. İctimai-siyasi, milli, din sahəsində bir sıra addımlar atıldı. İranın şovinist dairələri bu hakimiyyətlə barışa bilmədilər. Çünki Azərbaycanda əldə edilən azadlıq, demokratiya bütün İran üçün mühüm əhəmiyyət kəsb edirdi. Həmin dövrdən 67 il keçsə də Azərbaycan məsələsi hələ də gündəlikdədir. O vaxtı Azərbaycan demokratik firqənin rəhbərliyi ilə ayağa qalxmışdı. İranda azadlıq və demokratiyanın boğulduğu vaxtda xalq o dövrü yaddan çıxarmır və milli istəyinin gerçəkləşməsi uğrunda mübarizə aparmaqda davam edir.
- 21 Azər hərəkatının mübarizə tarixindəki yerini necə görürsünüz?
- Bu hərəkat yüzillik mübarizə tarixində ən əsaslı ictimai-siyasi bir hərəkat idi. 21 Azər hərəkatı mürtəce dövləti yıxıb yerində demokratik və azad dövlət yaratmaq ideyasını irəli sürmüşdü. Ona görə də hakim dairələr və mürtəce qüvvələr bu ideya ilə barışmadı. Bu gün də eyni vəziyyətdir. İndi Cənubi Azərbaycan 67 il əvvəlki deyil. Burada hamı öz hüququnu bilir, azad olmaq və öz ana dilində dərs almaq istəyir və öz dövlətini özü idarə etmək gücündədir. Tehran isə bu istəklərlə razılaşmaq fikrində deyil. Çünki Cənubi Azərbaycanı İranın tacı adlandırırlar. Onlara öz daxili işlərini idarə etməyə imkan vermirlər. Azərbaycan Demokrat Firqəsinin başladığı hərəkat zorla yatırılsa da, gündəlikdədir və xalqımız öz istək və arzularına çatana qədər hərəkət davam edəcək.
- Hazırda güneydə cərəyan edən hərəkat 21 Azər hərəkatından nə dərəcədə örnək götürüb?
- O zaman Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi altında xalq təşkilatlanaraq silahlandı. İndi bu işlər yoxdur. Bu gün mübarizə pərakəndə şəkildə aparılır. Siyasi təşkilatların fəaliyyəti qadağan olunub. Hər bir azərbaycanlı öz haqqını tələb etmək üçün fərdi şəkildə çıxış edir. 21 Azər hərəkatının timsalında onlar Azərbaycan xalqının dövləti idarə etmək gücündə olduğunu gördü. Hazırda mübarizə də bu istiqamətdə davam edir.
- İran rejimindən qaçaraq şimala sığınmış fədailərdən nə qədər insan sağ qalıb?
- Bakıda yaşayan fədailərin 90 faizi dünyasını dəyişib. 5 faizi hazırda yaşayır ki, onlar da ahıl yaşdadırlar.
- Belə bir fikir formalaşır ki, İrandakı ictimai fəallara xaricdən dəstək olarsa, milli hökumət qurular…
- Hərəkat xaricdən himayə olunarsa, Azərbaycan xalqının ayağa qalxaraq dövlətini qurması real deyil. Çünki xalq daxili işini özü həll etməlidir. Bunun üçün də imkan yoxdur. Xalq birləşməli, mütəşəkil olmalı və mübarizə aparmalıdır. İran hakimiyyəti isə bu mübarizənin qarşısını alır və imkan vermir ki, təşkilatlar və şəxslər birləşib öz haqlarını tələb etsinlər.
- Bu istiqamətdə ABŞ-ın azərbaycanlılara dəstək göstərməsi nə dərəcədə realdır?
- 21 Azər hərəkatının boğulmasında əsas günahkar Amerikadır. General Şvarstkop gəlib Qəzvində oturaraq İran qoşunlarını Təbrizə göndərməklə şəhəri qana dəryasına döndərdi. Həmin o Amerika indi azərbaycançı olub. Amma bunların hamısı söz olaraq qalır, əməli işlər isə görülmür.
- İndi İran azərbaycanlıları ölkə daxilinə nisbətən kənarda daha fəaldır. Bu baxımdan Qərbin İrana münasibəti dəyişməli deyilmi?
- Bu onunla bağlıdır ki, soydaşlarımızın xaricdə daha azad şəkildə fəaliyyət göstərməsi üçün geniş imkanlar var. İranda isə xalq bu imkandan məhrumdur, İranda nəfəs almaq belə mümkün deyil. Burada fərqli düşüncəli insanları həmin an din adı ilə əzirlər. Bu baxımdan burada mütəşəkillik yoxdur.
- Amerikanın hazırkı İran və Suriya siyasətini necə qiymətləndirirsiniz?
- İran və Suriya yeganə dövlətlərdir ki, Amerikanın qarşısında tab gətirir. Qalan Orta Şərq dövlətləri isə Amerika ilə anlaşa bilib. Suriyada hazırda amerikalıların əleyhinə olan iqtidar hakimiyyətdə olduğundan orada müharibə gedir. Suriyada ələvilər, şiələr və sələfi sünnilər yaşayır. Hazırda Əsədin timsalında ələvilər hakimiyyətdədir. Müxalifət bir dəfə ata Əsədin dövründə əzildi. İndi də bəlli deyil kim-kimə qalib gələcək. Hər halda müxalifətdə olan qüvvələr ABŞ-ın himayəsindədir. İrana gəldikdə ora hərbi müdaxilə olmayınca İran hakimiyyəti dəyişməyəcək. Hərbi müdaxilə isə İranın xarabazara çevrilməsi, viran olmasına gətirib çıxaracaq. Çünki İranda qüdrətli dövlət, silahlı dəstələr var. Ora qoşun yeritməklə onu devirmək çətindir.
- Güney Azərbaycan XX əsrdə 4 dəfə inqilab etdi. Hecə bilirsiniz, XXI əsrdə də belə bir inqilab gözlənilirmi?
- İnanmıram. O zaman İran zəif idi. Ərazisində mütəffiq qoşunları yerləşmişdi və Tehran özünü müdafiə edə bilmirdi. Qoşunların çıxması ilə isə kifayət qədər güc toplamamış Cənubi Azərbaycan İran qarşısında müdafəsiz qaldı. İranda ictimai inqilab mümkündür. Siyasi inqilaba mollalar rəhbərlik edir. Mollaların yerinə yeni qüvvələrin gəlməsi isə indiki şəraitdə mümkün deyil.

Ülviyyə Tahirqızı

Geri dön