Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Lavrovun rus dili NARAHATLIĞI: “200 min rus üçün 300 məktəbin fəaliyyət göstərməsi...” - ŞƏRH
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Lavrovun rus dili NARAHATLIĞI: “200 min rus üçün 300 məktəbin fəaliyyət göstərməsi...” - ŞƏRH

Lavrovun rus dili NARAHATLIĞI: “200 min rus üçün 300 məktəbin fəaliyyət göstərməsi...” - ŞƏRH


“Azərbaycan da başqa ölkələr kimi, məktəblərdə tədrisin tədricən tamamilə dövlət dilində aparılmasını təmin etməlidir”.

Bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu gün milli-mədəni birliklərin rəhbərləri ilə görüşündə postsovet məkanında rus dilinin əhəmiyyətinin azalmasını narahatlıqla bəyan etməsinə münasibət bildirən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında deyib.

MDHP sədrinin sözlərinə görə, rusiyalı nazirin bu narahatlığının arxasında konkret məqsədlər dayanır:

“Bildiyiniz kimi, Rusiya öz mövqeyini gizlətmədən bu gün də imperiya ambisiyaları ilə yaşayır. Hətta öz sərhədlərindən xeyli uzaqlarda baş verən hadisələrə “bura bizim maraq dairəmizdir” düşüncəsi ilə yanaşaraq, hərbi müdaxiləyə belə əl ata bilir.

Mən burada həm məlum Şərq dövlətlərini, həm də postsovet məkanının bəzi ölkələrini nəzərdə tuturam. Rusiya bu düşüncə ilə MDB-nin müəyyən dövlətlərini öz yumruğu altında saxlamağa cəhd edir və Şərqi Avropada bufer zonalar yaratmağa çalışır.

Əlbəttə ki, Rusiyanın harada təsir imkanları varsa, o, həmin dövlətlərdə öz gücünü artırmaq, özünə daha çox bağlamaq haqqında düşünür. Dediyim kimi, özləri də bunu gizlətmirlər, SSRİ-nin bərpasının vacibliyi barəsində açıq mətnlə fikir bildirirdilər. Həmçinin SSRİ-nin Avrasiya İttifaqı və ya başqa ad altında bərpasına dair bu gün də layihələr irəli sürməkdədirlər.

Bu, çox həssas məsələdir. Rusiya dil məsələsini önə çəkməklə, işğalın mədəni formasına əl atır və konkret ölkələrdə rus dili və mədəniyyətini oturuşdurmaq üçün zəmin yaradırlar. Keçmiş Sovet məkanının bir çox ölkələri, xüsusilə, Baltikyanı dövlətlər rus dilinin, belə deyək, əl-ayağını yığışdırmaq üçün konkret addımlar atdılar. Bəzi ölkələr isə Rusiya telekanallarının yayımını dayandırdılar. Bu, doğru addımdır.

Mən özüm də parlamentdə dəfələrlə məsələ qaldırmışdım ki, Azərbaycanda iki yüz minə qədər rus yaşamasına baxmayaraq, ölkədə üç yüzə yaxın rus məktəbi fəaliyyət göstərir. Bu, kifayət qədər çoxdur. Azərbaycanlılar Rusiyada öz dillərində bazar günü məktəblərində təhsil aldıqları kimi, ruslar burada eyni tipli məktəblərdə oxuya bilərlər. Yaxud da, rus dilində təhsil verən özəl məktəblərə gedə bilərlər. Ölkənin dövlət məktəblərində tədris yalnız Azərbaycan dilində aparılmalıdır.

Hesab edirəm ki, bunların indi eyni formada rus dili ilə bağlı narahatlıqlarını bəyan etmələrinin arxasında gələcəkdə bunun üzərində özlərinin “vətəndaş”larını yetişdirmək niyyəti dayanır. Mən buna niyə xüsusi toxunuram? Çünki bir çox MDB ölkələrində bəzi insanlara vətəndaşlıq da verirlər və o şəxslərin ikili vətəndaşlığı olur.

Rusiya günlərin birində o yaratdığı “vətəndaş”lara hər hansı təzyiq olanda öz doktrinalarına əsaslanaraq, onların “hüquqlarını qorumaq” adı altında həmin bölgələrə müdaxilə etmək imkanı qazanır. Bu, çox təhlükəli məsələdir.

Belə düşünürəm ki, Azərbaycan da başqa ölkələr kimi, məktəblərdə tədrisin tədricən tamamilə dövlət dilində aparılmasını təmin etməlidir. Ölkədəki etnik ruslar isə yuxarıda vurğuladım, bazar günü məktəblərində və ya özəl məktəblərdə təhsil ala bilərlər. Lakin onlara dillə əlaqədar bu qədər geniş imkanların verilməsi yanlışdır. Artıq Lavrovun da bu sayaq həyəcan təbili çalması bizi bir qədər oyatmalıdır”.

A.Zeynalov/yenicag.az

Geri dön