Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Mehriban Vəliyeva: Bakı məktəblərində 28 mindən çox müəllim övladlarımıza bilik və bacarıq öyrədir
Mehriban Vəliyeva: Bakı məktəblərində 28 mindən çox müəllim övladlarımıza bilik və bacarıq öyrədir |
Dünyada mövcud olan bütün peşələr gərəklidir, aid olduğu sahəyə görə özəllikləri var, hər biri öz nəcibliyi, gözəlliyi ilə seçilir, lakin müəllim peşəsi bütün peşələrin, sənətlərin fövqündə dayanır, desək səhv etmərik. Ona görə ki, gərəkli, vacib dediyimiz bütün peşələrin adamını yetişdirən məhz müəllimdir - həkimi də, mühəndisi də, iqtisadçını da, elə müəllimin özünü də. Deməli, müəllim cəmiyyətin aparıcı qüvvəsidir. O, xalqın gələcəyi üçün layiqli vətəndaş, yüksək mədəniyyətə, intellektə, vətənə sadiq, hərtərəfli inkişaf etmiş şəxsiyyət yetişdirən insandır. Cəmiyyətin parlaq gələcəyi məhz müəllimin əlindədir.
Bu fikirləri açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva söyləyib. O bildirib ki, elə bir insan tapmaq çətindir ki, onun taleyində müəllimin yeri olmasın. Bizə ilk dəfə qələm tutmağı, “ana”, “Vətən” kəlmələrini yazmağı öyrədən müəllimimizi hamımız xatırlayırıq. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram”,- deyərək müəllim peşəsinə ən yüksək dəyəri verən ümummilli lider Heydər Əliyevin bu kəlamı müəllim adının ən gözəl ifadəsidir. Müəllim peşəsi haqqında o qədər xoş sözlər çox deyilib, dəyərli fikirlər çox səsləndirilib. Lakin Ulu Öndər bu peşənin sahiblərinə verdiyi dəyəri həm də əməli fəaliyyəti ilə sübut edirdi. Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə müəllim əməyini yüksək qiymətləndirir, onlara böyük hörmətlə yanaşır, təhsil işçilərinin maddi vəziyyətinin, rifahının yaxşılaşdırılmasının qayğısına qalırdı. Elə 5 oktyabr - Beynəlxalq Müəllimlər Gününün ölkəmizdə rəsmən qeyd olunması da ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. UNESCO-nun qərarı ilə 1966-cı ildən qeyd edilən bu tarix müstəqil Azərbaycan Respublikasında 1993-cü ildən əlamətdar gün kimi təqvimimizdə yer alır. Həmin vaxtdan etibarən hər il oktyabrın 5-i ölkəmizdə bu müqəddəs peşə sahiblərinin günü olaraq böyük sevgi və minnətdarlıq hissi ilə qeyd edilir. “Biz hamımız həyatımızda əldə etdiyimiz nailiyyətlərə, bütün varlığımıza görə müəllimə borcluyuq”, - deyən ulu öndər Heydər Əliyev öz müəllimlərini hər zaman minnətdarlıqla xatırlayır, onların xidmətləri haqqında ürəkdolusu danışırdı. Respublikamızda müəllim kadrlarının hazırlanması və onların təkmilləşdirilməsi də həmişə diqqət mərkəzində olub və bu proses indi də aktualdır. Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev də təhsilimizin inkişafına, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına daim xüsusi qayğı ilə yanaşır. Bu qayğının nəticəsidir ki, Azərbaycanda müəllimlərin nüfuzu ilbəil artır, güzəranı getdikcə yaxşılaşır. Bu gün təhsilin dövlət siyasətinin əsas prinsipləri sırasına daxil edilməsi, Azərbaycan təhsil sisteminin ümumbəşəri dəyərlər, dünyəvi prinsiplər əsasında inkişafına geniş imkanlar yaradılması təhsilə, məktəbə, müəllimə verilən ali dəyərin göstəricisidir. Prezident İlham Əliyevin “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” 2019-cu il 18 iyun tarixli Sərəncamı bu istiqamətdə atılan önəmli addımlardan biridir. Hər il Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın yeni tikilən məktəblərin açılışında iştirakı, təhsil ocaqlarının təmiri və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanışlığı bu sahənin hər zaman qayğı və diqqətlə əhatə olunmasından xəbər verir. “Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər yaxşı məktəblərdə işləməlidirlər”, - deyən dövlət başçımız bu fikrini reallığa çevirərək məktəblərin müasir tələblər səviyyəsində qurulması, müəllim və şagirdlər üçün hər cür şəraitin yaradılması istiqamətində qayğı və dəstəyini əsirgəmir. Vurğulanıb ki, ölkə təhsilinin flaqmanı olan Bakı məktəblərində hazırda 28 mindən çox müəllim övladlarımıza savad, bilik və bacarıqlar vermək kimi şərəfli bir vəzifəni icra edirlər. Evdə uşağın hər cür şıltaqlığına, əziyyətinə valideyn dözürsə, məktəbdə bu iş müəllimin vəzifəsidir, onların nazını çəkmək, kədəri ilə kədərlənib, sevinci ilə sevinmək müəllimlərin üzərinə düşən missiyadır. Uşaqlar cəmiyyətimizin ən dəyərli sərvətidir və cəmiyyətimiz bu dəyərli sərvəti müəllimə etibar edir. Etibar edir ki, gələcəyi üçün layiqli vətəndaş yetişdirsin, xalqın, dövlətin gələcəyini formalaşdırsın. İndi təsəvvür edin, müəllimlik nə qədər şərəfli və nə qədər mürəkkəb və məsuliyyətli bir peşədir. Xalqın gələcəyini formalaşdırmaq işində həlledici fiqur olan bu peşə sahiblərindən gərgin əmək tələb olunur. Dahi bəstəkar Üzeyir Hacıbəyli demişdir: “Müəllimlik vəzifəsi çox çətin və məsuliyyətli bir vəzifədir. Hər adam onun öhdəsindən gələ bilməz və hər adama müəllim deyib, uşaqları ona tapşırmaq böyük xətadır”. Həqiqətən də müəllimlik bu peşənin daşıyıcısından, sadəcə, bilik və bacarıqlar tələb etmir. Müəllimin işi təkcə hansısa fənni tədris etməklə bitmir. Onun geniş dünyagörüşünə, milli-mənəvi dəyərlərə, yüksək mədəniyyətə sahib olması, psixoloji-pedaqoji hazırlığı da olduqca önəmlidir. Təhsilimizin inkişafı üçün qabaqcıl təcrübəyə malik, istedadlı, peşəkar müəllimlərə hər zaman ehtiyac var. Sürətlə dəyişən dövr müəllimdən yeni axtarışlar, yeni yanaşmalar tələb edir. “Bir neçə gün öncə “Təhsildə yeni çağırışlar” II Beynəlxalq Forumunda çıxış edən təhsil naziri Emin Əmrullayev də bildirdi ki, müasir dövrün reallıqları təhsil sistemindən fərqli ideyalar, yenilikçi təşəbbüslər tələb edir və postkonflikt dövründə yaranan yeni imkanlar indiki nəslin yaxşı təhsillə təmin olunmasına geniş şərait yaradır. Odur ki, müasir dövrün müəllimi yeni çağırışlara qoşulmaqla müasir dünya ilə ayaqlaşan sağlam, intellektual gəncliyin yetişməsinə öz töhfələrini vermiş olacaqlar. Yeri gəlmişkən qeyd edim ki, yaradıcı müəllimləri aşkara çıxarmaq və qabaqcıl təcrübə nümunələrini təbliğ etmək məqsədilə Bakı şəhəri ümumi təhsil məktəbləri müəllimlərinin iştirakı ilə “Yaradıcı müəllim” mövzusunda təqdimat müsabiqəsinə start verilib. Bu qəbildən olan layihə və müsabiqələr müəllimlərin öz peşələrinə daha yaradıcı yanaşmalarına təkan verir. Təhsildə keyfiyyətin artırılması baxımından əsas meyarlardan olan müəllim peşəkarlığı və tədrisə yaradıcı yanaşma heç vaxt indiki qədər aktual olmayıb. Məşhur pedaqoq V.Suxomlinskiyə sual verirlər ki, yaxşı müəllim necə olmalıdır? Cavab verir ki, yaxşı müəllim, ilk növbədə, uşaqları sevən insan olmalıdır, onlarla ünsiyyətdən sevinc tapmalıdır, inanmalıdır ki, hər bir uşaq yaxşı adam ola bilər. Uşaqlarla dostluq etməyi bacaran, uşaqların sevincini və kədərini ürəyinə sala bilən, uşağın qəlbini oxuyan müəllim yaxşı müəllimdir deyir. Uşaqları sevməyi bacarmaq, onlara sevgi nümunəsi olmaq, həyatda düz yol tutmaq, ədalətli, əməksevər olmaq və digər insani keyfiyyətləri aşılamaq yaxşı müəllimin işidir. Yaxşı müəllim, əsl müəllim, ilk növbədə, şagirdlərə Vətəni sevməyi öyrədən müəllimdir. Necə ki, möhtəşəm Zəfərlə yekunlaşan Vətən müharibəsində biz bunu Azərbaycan müəlliminin timsalında gördük. Müharibədə iştirak edən Bakı məktəblərinin 38 müəllimi yalnız sinif otaqlarında deyil, döyüş meydanında da vətənpərvərlik dərsi keçərək, şagirdləri ilə çiyin-çiyinə vuruşaraq şanlı tariximizə imzasını atdı. Belə müəllimlərin yetişdirdiyi paytaxt məktəblərinin 354 nəfər məzunu şəhidlik zirvəsinə ucalaraq Vətən qarşısında borclarını layiqincə yerinə yetirdi. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün gözəl bir sözü var. Deyir müəllim şam kimidir, özü yanıb tükəndikcə ətrafını işıqlandırır. Bu işıq təkcə şagirdlərin yolunu deyil, bütün cəmiyyətin yolunu nurlandırır. Bağbanın min bir zəhmətlə yetişdirdiyi ağacın bəhrəsi kimidir müəllim əməyi də. Yetişdirdiyi şagird cəmiyyət üçün faydalı olanda, onların xoş sorağını eşidəndə bu, ən böyük mükafat olur müəllim üçün. Fədakar peşənin daşıyıcıları olan müəllimlərin günündə onların hər birini təbrik edir, Azərbaycanın xoşbəxt gələcəyi naminə çəkdikləri zəhmətin töhfəsini görməyi arzu edirəm”, - deyə Mehriban Vəliyeva fikrini yekunlaşdırıb. Geri dön |