Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Kreml susur
Kreml susur |
Rus sülhməramlılarının gözü qarşısında erməni terrorçular Azərbaycan hərbçilərinə atəş açır
Rusiya sülhməramlılarının müvəqqəti olaraq yerləşdiyi ərazilərimizdəki qanunsuz erməni silahlı birləşmələri növbəti təxribata əl atıblar. Oktyabrın 13-də Rusiya sülhməramlılarının müşayiəti ilə Tərtərin Suqovuşan qəsəbəsindən Kəlbəcər istiqamətinə hərəkət edən mülki təyinatlı avtomobil Qozlukörpü yaşayış məntəqəsi yaxınlığında atəşə məruz qalıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, atəş nəticəsində ölüm və yaralanma halları qeydə alınmayıb. Lakin kolonun önündə hərəkət edən “NİVA” markalı avtomobil ciddi ziyan görüb. Nazirlikdən vurğulanıb ki, azad olunmuş ərazilərimizdə mülki infrastrukturun bərpası ilə məşğul olan maşınların qanunsuz erməni silahlı dəstələri tərəfindən hədəf alınması yolverilməzdir. Məlumata əsasən, insidentin araşdırılması üçün Rusiya sülhməramlı qüvvələrinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə müraciət edilib. Xatırladaq ki, bir müddət əvvəl İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində Prezident İlham Əliyev Rusiya sülhməramlılarının fəaliyyətindən danışmışdı. Dövlət başçısı “sülhməramlıların işindən razısınızmı” sualına “həllini gözləyən müəyyən məsələlər qalmaqdadır” şəklində cavab vermişdi. Ölkə rəhbəri qeyd etmişdi ki, Qarabağa səfər edən “turistlərin” sayı kəskin şəkildə azalsa da, bəzi əcnəbilər hələ də bizim ərazimizə, Rusiya sülhməramlılarının olduğu yerlərə qanunsuz daxil olurlar: “Bu məsələ Rusiyanın səlahiyyətli orqanlarının, Müdafiə Nazirliyinin diqqətinə çatdırılıb ki, buna son qoyulsun. Bu və bəzi digər məsələlər öz həllini tapmalıdır”. Ümumiyyətlə, ölkə ictimaiyyətində Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı ciddi narazılıq mövcuddur. Birmənalı hesab edilir ki, işğaldan azad edilmiş ərazilərimizdə hələ də qalmaqda olan erməni quldurlarının təxribatlarına Rusiya sülhməramlıları göz yumur. Hətta əksər hallarda ermənilərin qanunsuz fəaliyyətinə bilərək şərait yaradılır. Torpaqlarımızdakı erməni terrorçularının növbəti təxribatını və sülhməramlıların susqunluğunu “Şərq”ə dəyərləndirən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyev “sülhməramlı” adı altında Azərbaycan torpaqlarında yerləşdirilən Rusiyanın hərbi qüvvələrinə münasibət bəllidir. Partiya rəhbərinin sözlərinə görə, Azərbaycan ictimaiyyəti sülhməramlıların fəaliyyətindən razı deyil: “Sülhməramlılar dəfələrlə səlahiyyətlərini aşıblar. Erməni silahlıları məhz rusların arxasında gizlənərək təxribat törədir. Müharibə bitəndən sonra bir qrup erməni diversant Laçın dəhlizi vasitəsi ilə azad edilmiş ərazilərimizə daxil oldular və əsgərlərimizə atəş açdılar. Bu hadisə rus sülhməramlılarının gözü qarşısında baş vermişdi. Erməniləri dəhlizdən sülhməramlılar buraxmışdı. 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın 4-cü bəndinə əsasən, sülhməramlıların bölgəyə daxil olması ilə paralel erməni silahlıları ərazini dərhal tərk etməliydi. 1 il vaxt keçib, amma hələ də erməni terrorçuları ərazilərimizdən çıxmayıb. Nəinki buranı tərk ediblər, üstəlik, onlar üçün səngər qazılıb, şərait qurulub, silah-sursatla təmin olunublar. Ruslar ermənilərin bütün təxribatçı əməllərinə susub. Bunlar azmış kimi Ermənistandan xeyli adamı Xankəndi və ətraf bölgələrə daşıyıblar. Küçədə əllərinə kim keçsə, Qarabağa gətiriblər. Halbuki, Qarabağda ancaq 1988-ci ilədək doğulan ermənilər yaşaya bilər. Həmçinin, üçtərəfli müqavilənin digər bəndində göstərilirdi ki, Xankəndi daxil olmaqla Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi bütün ərazilərə azərbaycanlıların köç prosesi başlamalıdır. BMT-nin də beynəlxalq missiyası bu məsələdə iştirak etməliydi. Rusiya sülhməramlıları bu barədə heç bir iş görməyiblər”. F.Quliyev vurğulayıb ki, Qarabağdakı qanunsuz silahlılar Ermənistan ordusunun, eyni zamanda separatçı rejimin tör-töküntüsü, yaxud PKK, ASALA kimi terrorçular da ola bilər: “Rusiya sülhməramlıları bu ünsürləri Qarabağdan təmizləmək fikrində deyilsə, o zaman özləri bölgəni tərk etsin. Azərbaycan sübut etdi ki, kifayət qədər güclü və peşəkar ordusu var. Anti-terror əməliyyatlarını gözəl şəkildə apara bilirik. Rusiya sülhməramlılarını xəbərdar etməliyik ki, bir həftə kazarmalarından çıxmasınlar. Erməni silahlılarına qarşı anti-terror əməliyyatını həyata keçirək. Bir neçə gün ərzində bütün bölgəni terrorçulardan təmizləyərik. Düşmənlərimizlə istənilən dildə danışmaq imkanına sahibik”. Eks deputat bəyan edib ki, erməni təxribatlarının arxasında birbaşa Rusiya dayanır: “Moskvanın razılığı olmadan erməni silahlısı quşa belə atəş aça bilməz. Rusiya bölgədə öz mövcudluğunun zəruri olduğunu imitasiya edir. Göstərir ki, guya, burada olmasalar, təhlükəli hadisələr baş verər. Əslində sülhməramlıların Qarabağda fəaliyyəti ratifikasiya olunmayıb. Biz onların burada olmasını heç vaxt arzulamamışıq. Sadəcə, şərtlər bunu diktə edib”. İsmayıl Qocayev/sherg.az Geri dön |