Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının dəmir yolu ilə daşınmasına tətbiq edilən tariflər endirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının dəmir yolu ilə daşınmasına tətbiq edilən tariflər endirilib

Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının dəmir yolu ilə daşınmasına tətbiq edilən tariflər endirilib


Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının ölkə xaricinə çıxarılmasının asanlaşdırılması istiqamətində növbəti addım atılıb.

“ADY Express” MMC-dən bildirilib ki, Azərbaycan və Rusiya dəmir yollarının birgə işləyib hazırladığı yeni layihə ölkəmizdə istehsal olunan, tez xarab olan kənd təsərrüfatı məhsullarının əsas bazarı olan Rusiya istehlakçılarına keyfiyyətli və vaxtında çatdırılmasını nəzərdə tutur. Layihənin əsası cari ilin sentyabr ayında Moskvada, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında kənd təsərrüfatı məhsullarının nəqlinin inkişaf etdirilməsi məqsədilə iki ölkə dəmiryolçuları arasında xüsusi görüşdə qoyulub. “Rusiya Dəmir Yolları” ASC və onun törəmə şirkəti olan “RJD Logistika” SC, “Azərbaycan Dəmir Yolları” QSC və törəmə şirkəti “ADY Express” MMC-nin nümayəndələri arasında danışıqlar və daha sonra görülən tədbirlər nəticəsində bir sıra kompleks qərarlar qəbul edilib. Qərarlar daşıma tariflərini, yükdaşımaların texnologiyasını, terminallarda yükaşırma prosesi və vaqon təminatını əhatə edir. Belə ki, daşıma iştirakçıları öz ərazilərində bu cür yüklərin daşınması tarifində güzəştlər tətbiq etməyə başlayıblar. Rusiya ilə sərhədə yaxın yerləşən Xaçmaz rayonu ərazisində, əsasən kənd təsərrüfatı məhsullarının aşırıldığı yeni terminaldan istifadə ediləcək. Yüklər bu terminalda vaqonlara yüklənərək birbaşa Moskva yaxınlığında yerləşən Selyatino stansiyasına və oradan birbaşa olaraq son müştəri-alıcıya çatdırılacaq. Layihənin həyata keçirilməsi üçün soyuducu vaqonlardan (refseksiya və refkonteyner) istifadə ediləcək. Yük həcmi artdıqca sahibkarların məhsullarının istehlakçıya vaxtında çatdırılmasını təmin etmək üçün tərəflər özəl refvaqon və refkonteynerlərin cəlb edilməsini təmin edəcəklər. Məqsəd tarlalardan son alıcıya vaxtında və keyfiyyəti qorumaq şərti ilə məhsulu çatdırmaqdır. Rusiya və Azərbaycan dəmiryolu idarələrinin qərarına əsasən, bütün bu işlər törəmə şirkətləri olan “RJD Logistika” SC və “ADY Express” MMC-ə tapşırılıb.

Daşımaların operatorundan biri olan, “ADY Express” nümayəndələri Xaçmazda yerli sahibkarlarla görüş keçirib, onların istehsal etdiyi məhsulların istehlakçıya çatdırılması istiqamətində indiyədək qarşılaşdığı problemlərin həlli ilə bağlı müzakirələr aparıblar. Tərəflər xüsusən mövsümün pik vaxtında, tez xarab olan məhsulların vaxtında daşınması istiqamətində meydana gələn problemlərin tezliklə həll olunacağına inandıqlarını bildiriblər.

Ümumilikdə bütün bu tədbirlər ölkədə qeyri-neft sektorunun həcminin artmasına öz töhfəsini verəcək, həmçinin kiçik və orta sahibkarlığın inkişafına şərait yaradacaq. İxrac potensiallı yüklər sürətli, təhlükəsiz, səmərəli və keyfiyyəti qorumaq üçün tələb olunan temperatur rejimini təmin edən vaqonlarda təyinat məntəqəsinə çatdırılacaq.

Geri dön