Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Avstriyada yaşayan gənc bəstəkar “Nizami” operasından ariyanı onlayn təqdim edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > Avstriyada yaşayan gənc bəstəkar “Nizami” operasından ariyanı onlayn təqdim edib

Avstriyada yaşayan gənc bəstəkar “Nizami” operasından ariyanı onlayn təqdim edib


Avstriyada yaşayan gənc bəstəkar Aria Torkanbourinin 2015-2016-cı illərdə bəstələdiyi “Nizami” operasından “Fərhadın ariyası” parçasının onlayn təqdimatı olub.

Təqdimat dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr edilib.

Gənc bəstəkar bildirib ki, iki pərdəli opera üzərində işləməyə hələ 2015-ci ildə İstanbulda Memar Sinan Universitetində təhsil alarkən başlayıb. Operanın librettosunu da özü qələmə aldığını bildirən A.Torkanbouri ana xəttin Nizaminin “Xəmsə”sində yer alan poemalar əsasında dahi şairin həyatı haqqında sürreal süjet üzərində qurulduğunu söyləyib.

Qeyd edilib ki, bəstəkarın 2016-cı ildə Avstriyaya köçməsi səbəbi ilə natamam qalan operanın musiqisi müasir musiqi üslubunda, lakin Azərbaycan musiqi səs sistemi əsasında bəstələnib. Bəstəkarın sözlərinə görə, əsər ənənəvi klassik musiqi üslubunda olmasa da, eksperimental musiqi kimi də dəyərləndirilməməlidir. Azərbaycanın öz musiqi dili və xarakteri bu operanın əsas məğzini təşkil edir.

Operada Nizami Gəncəvi ilə yanaşı, əsas fiqur Fərhad obrazıdır və əsərdə dahi şairin onun bədii qəhrəmanı ilə rastlaşması əksini tapır. Fərhad obrazında “Xəmsə” poemalarının digər qəhrəmanlarının – Məcnun və Bəhram Gurun xarakter cizgiləri də özünü ehtiva edir.

Videotəqdimatda Fərhad obrazını Vyana Dövlət Operasının xorunun üzvü Umut Kaya canlandırıb. İstedadlı rəssam Şəhla Abbasovanın böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poemasına həsr etdiyi və Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində sərgilənən batika əsərlərindən ibarət sərgi isə əsərin ruhuna uyğun ab-hava yaradıb.

Gənc bəstəkar bildirib ki, dahi şairin yubileyi onu yenidən operanı davam etməyə həvəsləndirib və nəticədə Azərbaycan və türk musiqiçilərinin birgə əməyinin məhsulu olan bu videoçarxı ictimaiyyətə təqdim etmək qərarına gəlib. Qeyd edilməlidir ki, “Nizami” operası ilə yanaşı, bəstəkarın 2012-ci ildə yazar Rüqəyyə Kəbirinin uşaq nağılı əsasında “Noxud” operettasını bəstələyib.

Geri dön