Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: “Ermənistanın geriyə yolu yoxdur, görəcəksiniz ki, qısa zamanda bunların hamısı ilə razılaşacaqlar”
Fərəc Quliyev: “Ermənistanın geriyə yolu yoxdur, görəcəksiniz ki, qısa zamanda bunların hamısı ilə razılaşacaqlar” |
Cənubi Qafqaz regionunda nəqliyyat və iqtisadi əlaqələrin açılması məsələləri üzrə üçtərəfli işçi qrupu bir sıra məsələlərdə hələ də ortaq nəticəyə gəlməyib. Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib. Qriqoryan əlavə edib ki, iş davam edir, yaxın vaxtlarda Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin növbəti görüşü baş tutacaq. İrəliləyiş olarsa, ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, dekabrın 1-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri - Şahin Mustafayev, Mher Qriqoryan və Aleksey Overçukun iştirakı ilə üçtərəfli işçi qrupun iclası keçirilib. Bu, noyabrın 26-da Soçidə üç ölkə liderinin bəyanat imzalamasından sonra baş verib. Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin görüşünü şərh edərkən, faktiki olaraq, Bakını Moskva görüşünü pozmaqda ittiham edib: “Biz yolları açmağa, Sovet İttifaqı dövründə mövcud olan infrastrukturun bərpasını müzakirə etməyə hazırıq. Bununla biz Azərbaycanın ərazisindən başqa ölkələrlə, Azərbaycan isə Naxçıvanla əlaqə yaratmaq imkanı əldə edəcək”. Belə olan halda niyə tərəflər razılığa gəlmədi sualına cavabında Qriqoryan bildirib ki, Azərbaycan müqaviləyə “dəhliz” məsələsini daxil etməyə çalışır ki, bu da Ermənistan üçün qəbuledilməzdir: “Hesab edirəm ki, Azərbaycan Soçidə əldə olunmuş razılaşmaların təşviqinə imkan verəcək elə bir siyasi iradə nümayiş etdirə bilməz”. Aydın şəkildə görünür ki, danışıqlar prosesini iflasa uğradan Ermənistan olsa da, bunu Azərbaycanın üzərinə atmaq istəyir. Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, belə bir fikir varsa, pozuculuğu Ermənistan edir: “Qəbul edilmiş və Ermənistanın imza atdığı bəyanatda da göstərilib ki, Azərbaycan həmin yoldan heç bir məhdudiyyət olmadan istifadə edə biləcək. Heç məhdudiyyətin olmaması elə dəhliz anlamına gəlir. Bu əvvəlki bəyanatda öz əksini tapıb. İkinci bir tərəfdən isə, Soçi görüşündə Putin dəhlizin açılmasının vacibliyi ilə bağlı məsləyə toxunanda Paşinyan zəhmət çəkib etirazını edərdi. Onun buna heç bir etirazı olmadı. Hətta bir neçə dəfə kommunikasiyaların açılmasının vacibliyinə dair fikir səsləndirdi. Soçiyə yola düşməzdən əvvəl isə erməni saytlarına demişdi ki, kommunikasiyaların açılmasında maraqlıdırlar. Hətta müxalifəti qınamışdı ki, oponentləri bu məsələdə onların üstünə gəlməkdə doğru etmirlər. Onların bugünkü mövqeləri daxili auditoriyaları üçün hesablanıb. Göstərmək istəyirlər ki, güya müqavimət göstərirlər. Güya dəhlizlə bağlı da dirəniş edirlər, ancaq onlara ciddi təzyiqlər var. Başqa tərəfdən KTMT-yə müraciət edirlər. Tələblərini həmin qurum rədd etdi. İctimaiyyəti inandırmağa çalışırlar ki, güzəştə getməyə məhkumdurlar. Onların görüntü üçün verdikləri bəyanatlara bizim mövqeyimiz stabil qalmalıdır. Ermənistandan kommunikasiyaların açılması ilə bağlı üzərinə götürdüyü bütün öhdəliklərin yerinə yetirilməsini tələb etməliyik. Azərbaycan tərəfi çox soyuqqanlı şəkildə öz iradəsini ortaya qoyub, pressinqlərini davam etdirməlidir. Ermənistanın geriyə yolu yoxdur, görəcəksiniz ki, qısa zamanda bunların hamısı ilə razılaşacaqlar”. Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com Geri dön |