Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > CƏSUSUN İFŞASI
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > CƏSUSUN İFŞASI

CƏSUSUN İFŞASI


Cəsusun ifşası

Sovet əkskəşfiyyat tarixindən

(DTK arxivi)


I hissə

İzahatdan çıxarış:
Mən, əcnəbi kəşfiyyatın casusu Con Kayfam. MKİ-nin nəzarətində böyümüşəm. 14 dildə danışıram. Onlardan 8-ini mükəmməl bilirəm. Telepatiya, yoqa, karate, sambo və cido-döyüş növlərinə yiyələnmişəm. Qadınları məsafədən belə tovlamağı bacarıram. Güclü göz yaddaşım var, ani gördüklərimi mükəmməl şəkildə yaddaşıma köçürə bilirəm, buna gözümlə şəkil çəkirəm də demək olar. Odlu silahlardan istifadəm sərbəstdir. Düymələrimdə yerləşdirilmiş kameraların dördünü də eyni vaxtda istifadə edə bilirəm. 16 dəfə yaralanmışam. 11 diplomat oğurlamışam. 47 sərhəd itini öldürmüşəm.
Ancaq bir il əvvəl növbəti, əfsus ki, sonuncu tapşırığımı aldım. Mən sakitcə SSRİ ərazisinə keçməli, tramvaya oturmalı, gənc mütəxəssis kimi NİİVTORSİRÇERTMETBREDBRAKMRAKSNABSTİDSBİTZAQRANPOSTAVKA adlı Elmi Tədqiqat İnstitutunda neçə nəfərin işlədiyini və bu institutun hansı layihələndirmələr həyata keçirdiyini öyrənməli idim. Yüksək peşəkarlıqla hazırlanmış saxta sənədlərin hesabına işə düzəldim. Bu vaxta qədər hələlik təkcə kamera yerləşdirilmiş düymələrimdən məhrum olmuşdum: elə birinci gün onu tramvayda basabasda qoparmışdılar.
Ancaq sonra anlaşılmaz şeylər baş verdi. Birinci həftə gənc mütəxəssis olduğum üçün mənə heç bir iş tapşırmadılar. Onda sakit-sakit özüm burada nəyin layihələndirildiyi haqda soruşmağa başladım. Ancaq hər kəs çiyinlərini çəkib dedi: Nəyinə lazımdı casus-zadsan?
Bu cavab məni ehtiyatlı olmağa vadar elədi. Onda mən əlavə şübhələrə rəvac verməmək üçün telepatiyadan istifadə edərək, baş mühəndisin beynindəki fikirləri oxumağa qərar verdim. Lakin o, bütün gün krossvord həll elədi və yumurta qoymayan, ancaq özü yumurtadan çıxan Cənubi Bavariya sahilində yaşayan beş hərfli quşun adını tapmaq üçün elə gərginliklə fikirləşirdi ki, seans mənim telepatik beyin mərkəzimin sıradan çıxması ilə nəticələndi və mən fikirləri oxumaq bacarığımı birdəfəlik itirdim. Ancaq dəqiq bilirdim ki, bu quşun adı xoruzdur.
Əlacsızlıqdan başladım otaqları gəzə-gəzə işçiləri saymağa. Ancaq bu üsul da keçmədi. Çünki, bütün işçilər bir otaqdan o biri otağa tez-tez keçdiklərindən axşama yaxın düz 80 minə yaxın işçi saydım. Elə bu zaman şöbə müdirim məni görüb qışqırdı: Bəsdir avara-avara gəzdin, sabah “kartofluğa” gedəcəyik.
Mən deyəndə ki, bu nə deməkdir, müdir təəccüblə mənə baxıb soruşdu: Sən sarsaqsan, yoxsa Amerikadan gəlmisən?
Mən də qorxudan tez “sarsağam” dedim.
Dərhal şeflə əlaqə saxladım. O məni sakitləşdirib dedi ki, SSRİ-də kartofluğa getmək o deməkdir ki, kolxozçular əqli peşə sahiblərinə kartof yığmaqda kömək edirlər.
Kəşfiyyat məktəblərində kartofluğa getməyi öyrənmədiyimdən, hesab etdim ki, bu işi uzun müddət ali tədris müəssisələrində öyrənənlər yanında bacarıqsızlığım mənə qarşı müəyyən şübhələrə rəvac verə bilər. ona görə də fasiləsiz işləməyə başladım ki, nəticədə iş yoldaşlarım birinci gündəcə məni eşşək kimi döydülər. 15 nəfər idilər. İstədim ki, onlara qarşı bildiyim nömrələrdən istifadə edim, lakin çatdıra bilmədim. Elə yenicə döyüş duruşu almışdım ki, arxadan mənə qarşı hücum edənlərdən birinin “Belarus traktorunun resoru” adlandırdığı naməlum bir fənd işlətdilər. Bu hadisədən sonra iki ayaqdan da axsamağa başladım. Bununla da daha döyüş fəndləri də işlədə bilmədim.
Kənd təsərrüfatı işləri qurtardıqdan sonra yenə tapşırığın yerinə yetirilməsinə nail olmadım. Çünki məni dərhal tikintiyə göndərdilər. Burada isə təxminən iki aya qədər keyfiyyət nişanlı altıncı növ kərpicin düzülməsi üzrə dördüncü ustanın üçüncü şəyirdi vəzifəsini müvəqqəti icra elədim.
Ancaq tikintidə də vaxtı itirməmək üçün özümü ələ alıb mürəkkəb kommutasiya xəritəsi və idarəetmə proqramıyla işləyən yeni betonqarışdıranın sirrini öyrənməyə çalışdım. Mən sazlayıcı-ustadan bu qurğunun iş qaydası barədə soruşanda onun cavabında rus sözlərinin olduğunu başa düşsəm də hansısa millətə məxsus ləhcədə danışdığından və hərif kimi yazılışını bilmədiyim səsləri rus sözlərinə qatdığından, onun cavabını anlamadım və heç nə yadımda qalmayıb. Mən onun səsini yazmışdım. Onu mərkəzə göndərdim, lakin mərkəzin təcrübəli şifrə açanları düz səkkiz həftə onun elmi izahının nə məna kəsb etdiyi üstündə baş sındırdılar, heç bir mənası olmadı.
Özüm də bunu aydınlaşdırmağa macal tapmadım, çünki tikintidən də məni birbaşa ingilis dili kursuna göndərdilər. Ancaq buradan da dərsləri yaxşı oxumadığıma görə qovuldum. Çünki ingilis dili müəlliməsi mənim təmiz ingilis danışığımı başa düşmürdü.
İşdə olduğum son üç ayı məni beş dəfə tərəvəz bazasına, dörd dəfə də xalq drujinasına göndərdilər. Biz əvvəlcə orada xuliqanları tuturduq, tutandan sonra da onlar bizi döyürdülər.
İş vaxtı mən həmçinin məcburi qaydada “Suvorovun iziylə” adlı könüllü şəkildə yalınayaqla qar üstündə dayananların və aclıq çəkən donuzlara payız yardımı cəmiyyətinin üzvü oldum. Bundan əlavə, 18 özfəaliyyət dərnəyinin konsertində oxudum və “Spartak-çempion” sözlərini o qədər dedim ki, səsim birdəfəlik batdı.
Bu qədər ictimai işlərdən sonra məndə dözülməz başağrıları başladı. Ancaq həkim məni xəstəxanaya göndərmədi, eləcə, əvvəlcə sinəmi, sonra da qarnımı və başımı yoxlayıb “yastıdabanlıq” diaqnozu yazdı və ayağıma, hətta çəliklə də yeriyə bilmədiyim ortopedik çəkmələr geyindirdi.
Mən intihar etmək istədim. Yaroslavl vağzalının yaxınlığındakı relsin üstündə uzanıb qatarı gözləməyə başladım. Ancaq Vladivostokdan gələn qatar düz 18 saat gecikdiyindən, o qədər üşüdüm ki, bütün üzvlük haqlarını ödəyəndən sonra maaşdan cibimdə qalan 7 manata qızınmaq üçün qastronoma getməli oldum. Qastronomda bir az içəndən sonra vəziyyətimin ümidsizliyini daha aydın anlamağa başladım.
Yaşamağa vəsaitim yox, tapşırığın bir bölümünü də yerinə yetirməmişəm, kəşfiyyat məktəblərində aldığım bütün biliklərim də yaddan çıxıb. Bircə yolum qalır, o da təslim olmaq!
Cəsarət üçün bir az da içdim və birinci rastıma çıxan milisə yaxınlaşıb dedim ki, mən əcnəbi rezidentəm. O da qayıtdı ki, rezidentsənsə, bu dəqiqə səni rezidensiyaya göndərərik.
Və məni indi olduğum ayıltma məntəqəsinə göndərdi.
Mən bu izahatnaməni yazmaqla bir şeyin nəzərə alınmasını xahiş edirəm: Mən əcnəbi rezidentəm, könüllü surətdə təslim olmaq istəyirəm, ona görə də, xahiş edirəm, məni lazımı yerə göndərin.


II hissə

Ayıltma məntəqəsi rəisinin izahatnaməyə dərkənarı:
“Özünü əcnəbi rezident adlandıran vətəndaş həqiqətən, bizə səhvən düşüb. Buna görə də dərhal tərəfimizdən uyğun ünvana göndərilmişdir”.


III hissə

“Elmi əməkdaşlar, kolxozçular, inşaatçılar, həmçinin həkim-ortoped və ingilis dili müəlliməsi rolunu oynayan bütün vətəndaşlara təhlükəli kəşfiyyatçıya dözülməz iş və həyat şəraiti yaratdıqlarına görə təşəkkür elan olunsun!!!
“Vladivostok-Moskva” sürət qatarının maşinisti üstüyazılı qum saatı ilə mükafatlandırılsın və “Belarus traktorunun resoru” rolunu inandırıcı tərzdə oynayan yoldaşa “baş leytinant” rütbəsi verilsin.
Tapşırıq yerinə yetirilmişdir! Kayf tutulub! Əgər bundan sonra da belə işləsək hamını ifşa edəcəyik, yoldaşlar!”

1984

Mixail Zadornov

Tərcümə edən: Rəşad

Geri dön