Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan ədəbiyyatında cənub həsrətinin ifadəsi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət, DAVAMın yazıları > Azərbaycan ədəbiyyatında cənub həsrətinin ifadəsi

Azərbaycan ədəbiyyatında cənub həsrətinin ifadəsi


Azərbaycanın XIX əsrdə iki yerə ayrılması xalqımızın taleyində ən ədalətsiz tarixi hadisələrdən biridir. Məlumdur ki, 1828-ci ildə Rusiya və İran arasında Türkmənçay sülh müqaviləsi bağlanmış və buna əsasən Azərbaycanın şimalı Rusiyanın, cənub hissəsi isə İranın tərkibinə daxil edilmişdir. Doğma torpağımızı iki hissəyə bölən sərhəd Araz çayı hesab olunurdu. Ananı baladan, bacını qardaşdan, əri arvaddan, iki sevgilini bir-birindən ayıran bu sərhəd illər ərzində insanların yaddaşında ayrılıq simvolu kimi qalmışdı.
Başımıza gətirilən bu tarixi hadisədən sonra ədəbiyyatımızda Cənub həsrətinin ifadəsi formalaşmağa başladı. Bu ifadə nəsillər və dövrlər arasında qırılmaz varislik yaradan mənəvi- tarixi amillərdən biridir. Azərbaycan ədəbiyyatının, Azərbaycan ictimai-siyasi fikrinin neçə-neçə nəsli bu mövzuya, bu ümumxalq probleminə fəal diqqət yetirmiş, vahid bir xalqın, torpağın ədalətsizcəsinə iki yerə parçalanması faktını dərin ürək ağrısı ilə qələmə almışdılar.
Cənub həsrəti bir çox ədib və şairlərimizin yaradıcılığında əsas mövzulardan biridir.
Dərin humanist duyğulara malik olan xalq şairimiz Səməd Vurğunun cənub mövzusunda yazdığı əsərlərin əsas hissəsini ayrılıq, həsrət motivi təşkil edir.
Hələ 1935-ci ildə Təbriz gözəli simasında böyük bir xalqa müraciət edən şair: “Bilirəm ürəyin mənə bağlıdır” deməklə Arazın hər iki sahilində yaşayan xalqın məhəbbətini “bir el nağılına” bənzədir. Onun xəyalı Cənubla məşğuldur. Cənub isə hər zaman Şimalı düşünməkdədir.
“Bir ürəyin ikiyə parçalanmasından” kədərlənən şair Araza xitabla öz ürək sözlərini deyir. Təbrizi “sıxlaşan dumanlar” içində görmək humanist şairin qəzəbini daha da artırır. Yoxsulluq üzündən ölən insanların faciəsi şeirdə çox təsirli və mənalı verilmişdir. Şair Cənubi Azərbaycan xalqının müasir həyatı ilə öz keçmiş həyatı arasında bir bənzəyiş görsə də, indiki dövrə gəlir və “Sizdə qış günüdür, bizdə bahardır” deyə iki ayrı-ayrı ictimai sistemin kontrastını yaradır. Şair ayrılığı, həsrəti belə ifadə edir:
Nədir bu həsrətin adı, ünvanı?
Baisin evində işıq yanmasın!
Ah, Araz, ah, Araz, vədimiz hanı?
Bir ürək ikiyə parçalanmasın.
Səməd Vurğunun “Körpünün həsrəti” şeiri də onun Cənub həsrəti ilə bağlıdır. 1948-ci ilin oktyabrın 28-də şair həyat yoldaşı ilə bərabər İrəvana gedirmiş. Arazın üstündən salınmış “Xüdafərin” körpüsünün yanında qatarın dayanmasından istifadə edən şair, körpünü seyr etmiş və həmin şeiri bu münasibətlə yazmışdır.
Araz qırağında dayandı qatar,
Elə bil qəlbim də dayandı bir dəm...
Sıxlaşdı göydəki seyrək buludlar,
Deyəsən başıma dolandı aləm.
Körpünün üstündə bitən otlar həmin şeirin yaranması üçün şairə poetik material vermişdir. Adətən, çayların üstündəki körpü bu taydan o taya keçmək üçün salınır. Lakin bu körpü Araz çayı ilə iki yerə parçalanmış vahid bir vətəni birləşdirə bilmir, 2 əsrə yaxındır ki, iki qardaşın əli bir-birindən ayrı düşmüş, bu taydan o taya gəliş-gediş kəsilmiş, körpü istifadəsiz qalmış və buna görə də üstündə yabanı otlar bitmişdir.
Səməd Vurğun həmin vaxt o tayda gördüklərini 1950-ci ildə Bakıda rus dilində nəşr olunmuş “Cənubi Azərbaycan şairləri” kitabına yazdığı müqəddimədə belə təsvir etmişdir: “Arazın o tayındakı dağların, çılpaq qayaların ətəklərində bomboş bir kənd vardır. Mən heç olmazsa, bircə nəfər adam görmək, at kişnəməsi, it hürüşü eşitmək ümidi ilə uzun müddət bu kəndə baxdım. Lakin heyhat!.. qarşındakı bu kənddə heç bir həyat əlaməti yox idi”.
“Vətən həsrəti” şeirində isə ikiyə bölünmüş vətənin ağrı-acısı əks olunur. Elindən, günündən ayrı düşən ürəyin arabir ağlamasının, sanki əzizləri ölmüş kimi yas tutub qara bağlamasının gərək olduğu göstərilir. Şair könlü dünyadan əl üzüb gözünü yummamasını, lakin “vətən” sözü duyulanda onu ürəyində anlamasını tövsiyə edir. Sonda şair deyir:
Bir şikəstə neyəm, bir qırıq kaman,
Görmədim bir bəla, həsrətdən yaman.
Vurğun ellər deyib ağlar hər zaman,
Onun qaydasıdır, ağlasın gərək.
Cənub mövzusunun ədəbiyyatımızda işlənməsi yalnız bu göstərilən ədəbi-bədii nümunələrlə məhdudlaşmır.Görkəmli şairimiz Rəsul Rzanın “Təbrizim mənim”şeiri də bu mövzuda yazılmışdır.
Laylası məhzun,
Nəğməsi məhzun.
Həsrəti ömründən uzun.
Karvandan üzülmüş ağ dəvəsi.
Gözlərində böyük ümidin uzaq töhfəsi
Neçə evinin küçə divarı kor,
Dodaqları quru,
Bulaqları gur.
Şair şeirdə iki hissəyə ayrılmış vətənimizi, cənubda hünər, cəsarət, igidlik mərkəzi olan Təbrizi, ayrılıqdan sonrakı Təbriz həyatını təsvir edir.
Kədərinin axın-axın, sevincinin damcı-damcı, günlərinin bəzən qanlı yuxu kimi, bəzən də həsrətli yuxularının gerçək olmuş kimidir Təbrizin. Sakinləri, oğul, qızları sərgərdan olmuşdur Təbrizin.
Balaları sərgərdan,
Gəlinləri nigaran.
Qurtuluş yolları:
Məhbəs, dar ağacı, gülləbaran.
Dan yeri qan boyalı.
Ümidindən, arzusundan dönməyən.
Ocağında-ürəyində odu sönməyən .
Səhəri uzun əsrlərin yolunda yubanan,
Qardaşına həsrət, bacısına həsrət,
bayatıları-qədim məhəbbət.
Sərbəst vəzndə yazılan şeir o qədər yanıqlı, o qədər təsirlidir ki, oxuduqca göz yaşını saxlamaq mümkün deyil.Şair sonda ürək ağrısı ilə “mənsizim” deyə Təbrizi adlandırır.
Ən gözəl şeirim,
Yanıqlı mahnım.
Mənsizim!
Təbrizim!
Xalq şairimizin “Aşıq Yanıqlı”nın bayatılarından” adlı əsərində Arazın ayrılıq obyekti olması, Təbrizin qan ağlaması, həsrət, acı, nisgil çox gözəl misralarla ifadə olunmuşdur.
Ağ dəvə düzdə qaldı,
Ovsarı bizdə qaldı,
Neçə arzum, həsrətim,
Dərdli Təbrizdə qaldı.
Araz yanıq dillidir,
Suyu necə lillidir,
Gah axır, gah dayanır
Görünür nisgillidir.
Başı dumanlı, ürəyi parçalanmış Təbriz şəhərini “Yaralı Təbriz” şeirində də təsvir edir. Burada şair Təbrizin indiki görünüşü ilə əvvəlki görünüşünü müqayisə edir. Rəsul Rzanın Təbrizi əvvəl gördüyü vaxt bağçaları, bağları çiçək, gül idi, küçələrdə, məclislərdə səslənən doğma, gözəl ana dilimiz idi. “Ey torpağı ləl, mərcan Azərbaycan!” deyərək fədailər dəstə-dəstə keçirdilər küçələrindən.
Şair Təbrizin necə bu vəziyyətə gəldiyini şəhərin özündən soruşur:
Oyanışlı günlərin
nə oldu,
hanı indi?
Gəldi qara günlərin,
Nə az bəxtiyar oldun,
Sevindin.
Söylə, Təbrizim,
söylə
Ulduzlu mavi göydən
sənə kim yanğı saldı?!
Rəsul Rzanın cənub həsrəti mövzusunda yazdığı bu şeir xalqın ürək sədasına, arzu və istəyinə çevrilmişdi. Hər bir gözəlliyini vəsf etmiş olduğu şəhərin indiki vəziyyətini ürək yanğısı ilə qeyd edən şair sonda öz nikbinliyini əlindən vermir, səhərə ümidlə baxır.
İnanıram, keçəcək
matəmli günlərin də.
Açılacaq üfüqlər
bir aydın səhərin də.
Çəkiləcək üstündən
o zəhərli buludlar.
Doğulacaq arzular,umudlar.
Azərbaycan poeziyasında Süleyman Rüstəmi “Cənub həsrəti” motivinin yaradıcısı, ilk qüvvətli ifadəçisi hesab etmək olar. Şairin cənub həsrətinə aid şeirləri onun siyasi-vətəndaşlıq lirikasının üzvi hadisəsi olsa da, həmin şeirlərin eyni zamanda janr-obraz özünəməxsusluğu, poetikası, üslubi koloriti cəhətdən müəyyən bir spesifikliyə malik olduğunu da görmək çətin deyildir. Ənənəvi obraz və poetikasının saxlanması, hüzn və həsrət motivlərinin qabarıqlığı – bu spesifikliyin təzahürlərindəndir.
Cənub həsrəti Süleyman Rüstəm lirikasında xüsusi bir poetik mövzu kimi 30-cu illərin ortalarından təşəkkül tapmağa başlamışdır.
Süleyman Rüstəmin Cənub qoşmalarında lirik “mən”i xalq kədərinin və qəzəb hissinin tərcümanı səviyyəsinə yüksəlirdi. Qoşmaların poetik xüsusiyyətləri ən çox bu qoşmalardakı lirik qəhrəmanın xarakteri və əhvali-ruhiyyəsi ilə bağlı idi. Əgər “Dəymə”, “Şair” kimi qoşmalarında bu qəhrəman şairin lirik “mən”i formasında meydana çıxırdısa, bir sıra qoşmalarında o, cənublu azərbaycanlının ümumiləşmiş obrazını təmsil edirdi. “Qardaşımın dərdi”, “Getmə” kimi qoşmalarda cənublu qardaş özü danışır, könül aləmini açır, şəxsi taleyi vasitəsilə Cənubi Azərbaycan xalqının həsrət və ümidlərini pıçıldayırdı. Belə qoşmalarda Süleyman Rüstəm ənənəvi xalq şeiri formasını ümumxalq əhvalı-ruhiyyəsinin, tarixi taleyinin ifadə vasitəsinə çevirə bilirdi. “Qardaşımın dərdi” qoşması formaca bir nəfərin şəxsi taleyinin lirik hekayətidir:
Dərdim bir olsaydı, olmazdı dərdim,
Gör nə günə saldı zəmanə məni.
Ey hər gün saç yolub, ağlayan ana,
Nə üçün gətirdin cahana məni.
Süleyman Rüstəm “Öz Gülüstanım” şeirində isə vətəninin özgə torpağından gözəl olduğunu söyləyir. Vətəni yolunda candan keçməyə hazır olan şairə özgə torpağı lazım deyil. Vətən həsrəti bu şeirin hər bəndində nəzərə çarpır.
Qəm-qüssə çəkməzdim bəlkə də bunca,
Təbrizi görsəydim bir də doyunca.
Vüsal həsrətilə, Araz boyunca,
Yolları yollara yamayan canım!
Şairin “Cənub həsrəti” başlığı altında verilən əsərlərinə “Getməyib”, “Cənub dərdi”, “Ayrılıq mahnısı”, “Dilbərin gəlininin evi”, “Təbriz zindanında”, “Əllərin qoynunda qalmayacaqdır”, “Təbriz gözəlinə” və s. kimi şeirləri daxildir ki, bunlar da öz poetik xüsusiyyətlərinə görə çox maraqlıdır.
“Ayrılıq mahnısı” şeirində iki qardaşın Araz sahilində son görüşü, ayrılıq anı təsvir olunur. Səssiz-səssiz bir-birinin üzünə baxan qardaşlar göz yaşlarını saxlaya bilmirlər.
Bir oldu ki, sənin, mənim düşmənim
Səni məndən, məni səndən ayırdı.
Bölünməzkən, yurdum, yuvam, məskənim,
Bir ürəkli bir vətəndən ayırdı.
Ayrıldıqları gündən bəri bu qardaşların hicran, həsrət odundan ürək ağrıları kəsilməmişdir.
Cənublu bacı və qardaşların acı, fərəhsiz, işgəncəli həyatını, onların faciəli taleyini təsvir edən Süleyman Rüstəm “İçə bilmirəm” şeirində də həsrət, ayrılıq səhnəsini təsvir edir.
Şair Araz sahilindən yolu düşdüyü zamanı həyəcansız keçməyin mümkün olmadığını söyləyir. Haray səsini ellərin, bacı, qardaşının eşitməsini istəyir:
Eşitsin səsimi bacı, qardaşım,
Hicran yollarında ağardı başım.
Damır ürəyimə yenə göz yaşım,
Gündüzü gecədən seçə bilmirəm.
Cənub həsrəti, Cənub nigarançılığı – Süleyman Rüstəm şeirinin və lirikasının canı və ruhudur. Bu hiss böyük şairin poeziyasına xas vətəndaşlığın ayrılmaz, üzvü keyfiyyətidir. Lap son şeirlərinin birində biz bu misranı oxuyuruq:
İçdiyim andımı pozan deyiləm,
Pozarsam, deməli ozan deyiləm.
Təbriz deyildimi, susan deyiləm
Torpaq altında da dinəcəyəm mən.
Dediklərimizi ümumiləşdirərək, birinci növbədə qeyd edirik ki, Süleyman Rüstəm öz poeziyasının ənənəvi mövzusunu sonra da yaradıcılığının yarım əsrini başa vurduğu bir vaxtda eyni müvəffəqiyyətlə və şövqlə davam etdirir, bununla da o, poeziyamızın qarşısında dayanan vəzifələrin yerinə yetirilməsinə, mövzunun daha dərin vətəndaşlıq hissi və düşüncəsi ilə mənimsənilməsinə öz ağsaqqal köməyini əsirgəmirdi.
Beləliklə, biz görürük ki, S.Vurğun, S.Rüstəm, R.Rza kimi müqtədir şairlərin Cənub mövzusunda yaratdıqları ənənələr XXəsrin 50-ci illərindən sonra, xüsusilə 60-80-cı illərdə Azərbaycan poeziyasında böyük vətəndaşlıq vüsəti qazanmışdır. Bu mövzunu B.Vahabzadə, N.Xəzri, Ə.Kürçaylı, Q.Qasımzadə, N.Həsənzadə, A.Zeynallı, C.Novruz, M.Araz, X.Rza, habelə yaradıcılığı bilavasitə Cənubi Azərbaycan ilə bağlı olan B.Azəroğlu, Ə.Tudə, T.Söhrab, M.Gülgün, H.Billuri, İ.Cəfərpur və başqaları əsərlərində müvəffəqiyyətlə işlətmişlər.
Azərbaycan ədəbiyyatında Cənub mövzusu və İran irticasının ifşası 40 milyonluq bölünməz böyük bir xalqın vahid ədəbiyyatının Cənub və Şimal qollarının bir-birilə necə ayrılmaz olduğunu da aydın göstərir.
Müasir Azərbaycan ədəbiyyatının hər iki Şimal və Cənub qolunun arasındakı üzvi əlaqəsi və birliyi ideyası baxımından, bir ulusun birliyinə gedən yol baxımından bu mövzu uğur körpüsüdür!

Vüsalə Əzizova,
Avropa Azərbaycan Məktəbinin
Azərbaycan dili və ədəbiyyatı müəllimi

Geri dön