Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > Xalq rəssamı Tahir Salahovun həyat və yaradıcılığına həsr edilmiş “Dialoq” kitabının təqdimatı olub
Xalq rəssamı Tahir Salahovun həyat və yaradıcılığına həsr edilmiş “Dialoq” kitabının təqdimatı olub |
Fevralın 8-də Bakı Kitab Mərkəzində Xalq rəssamı Tahir Salahovun həyat və yaradıcılığına həsr edilmiş “Dialoq” kitabının təqdimatı olub.
Kitabın müəllifi musiqişünas Raya Abbasovadır. Tahir Salahovla bağlı fikirlərini və xatirələrini bölüşən Bakı Kitab Mərkəzin direktoru Günel Rzayeva bildirib ki, rəssamı şəxsən tanıyır, vaxtilə redaktoru olduğu jurnalda onun haqqında olan müsahibələr yayımlayıb: “Tahir Salahovu tanıyan hər kəs təsdiqləyə bilər ki, o, uşaqlığında atasını itirmiş, lakin həyatda uca zirvələrə qalxmış bir şəxsiyyət olub”. G.Rzayeva kitabın müəllifi, musiqişünas Raya Abbasovaya bu əməyinə görə təşəkkürünü bildirib. Qeyd edib ki, kitabın ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır. Bildirib ki o, hər zaman sənət adamlarının keşiyində duran bir insandır. İçərişəhər muzey mərkəzinin direktoru Əminə Məlikova kitabın ərsəyə gəlməsində iştirak edən hər kəsə minnətdarlığını bildirib. Qeyd edib ki, kitab üzərində iş 2017-ci ildə başlansa da 2021-ci ildə bitib. Kitabın gec bir vaxtda ərsəyə gəlməsinə səbəb Tahir Salahovun şəxsən iş prosesinə cəlb olunması idi: “Yadımdadır ki, o, Moskvadan gəlib kitabı görəndə çox sevindi. Dahi rəssam, güclü şəxsiyyət Tahir Salahov haqqında müxtəlif dövrlərdə kitablar çap oluna bilər, amma rəssamın sağlığında onun işıq üzü görməsi xüsusi əhəmiyyət kəsb edir. Kitabda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəssama ünvanladığı təbrik məktubları da yer alıb. Mehriban xanım Əliyeva onu planetar bir rəssam, bəşəriyyətin rəssamı adlandırmışdır. Onun “Bəşəriyyət naminə” əsəri insana sanki bir enerji verir, onu həyata ruhlandırır”. Tahir Salahovun müxtəlif sahələrdə işləyən insanların portretini yaratdığını deyən Ə.Məlikova qeyd edib ki, onun neftçilər haqqında yaratdığı əsəri yaradıcılığında xüsusi yer tutur. Xalq yazıçısı Anar rəssamla bağlı xatirələrini danışıb: “Mən şəxsən Tahirlə dost olmasam da, bir-birimizi görəndə yaxın insanlar kimi görüşürdük. Tahir mənim şəklimi çəkəndə xəbərsiz idim. Həmin o anlar mənim yadımdan çıxmayacaq. Çünki mən yaxın dostumu itirdiyimdən portretim kədərli alınmışdı. O portret indi də mənim evimdədir. Paradoks odur ki, rəssamlıqda o dövrdə abstraksionizm, pop-art və digər cərəyanlar meydana çıxmışdı. Amma o realizmə sadiq qalaraq bu janrın yeni səhifələrini açmaqla sübut etdi ki, insanları hələ heyrətə gətirmək mümkündür”. Tahir Salahov ev muzeyinin direktoru Səadət Mirzəyeva bildirib ki, bu kitab Tahir Salahovun sağlığında işıq üzü görən kitablardan hazırda sonuncusudur. S.Mirzəyeva Tahir Salahovla bir yerdə çalışdığını, onunla sərgilərdə xoş anlar yaşadığını söyləyib. İnsan Hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva, Xalq rəssamı Arif Hüseynov çıxış edərək Tahir Salahov şəxsiyyəti haqqında düşüncələrini bölüşüblər. Bildiriblər ki, dünya şöhrətli sənətkar Tahir Salahov realist rəssam kimi tanınır. Onun rəssamlıqda sərt üslubu dünyaya, həyata baxışı və fəlsəfi düşüncələri, rənglərin ən incə çalarları ilə öz ifadəsini tapıb. O, fəlsəfi düşüncələrini fırça ilə çox aydın və anlaşılan obrazlı şəkildə çatdıran qüdrətli sənətkardır. Kitabın müəllifi, musiqişünas Raya Abbasova kitabın yazılma prosesindən danışıb: “Onun haqqında o qədər söz demək istəyirəm ki, fikrimi ardıcıl qura bilmirəm. Ancaq demək istədiklərimi kitabda olduğu kimi yazmışam. Çox sevinirəm ki, onun haqqında yazmağı məhz mənə tapşırıblar. Kitab uzun müddətə yazıldı. Yaxşı ki, belə oldu. Əgər yubileyi üçün yazılsa idi sonradan baş verən mühüm hadisələr kitaba daxil edilməzdi. Tahir Salahov haqqında rəssam kimi danışmaq az olardı, o hərtərəfli bir insan idi. Tahir Salahov kimlərlə ünsiyyət qururdusa həmin şəxsin yaddaşında pozulmaz bir iz buraxırdı. Bu kitab Tahir Salahovu olduğu kimi əks etdirir, həmçinin rəssamın qaranlıq məqamlarını açır. Tahir Salahovla etdiyim söhbətlərin axıcı keçdiyi üçün kitab “Dialoq” adlanır”. Geri dön |