Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Nihan Özkan: Azərbaycan mənim üçün doğma ölkədir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Nihan Özkan: Azərbaycan mənim üçün doğma ölkədir

Nihan Özkan: Azərbaycan mənim üçün doğma ölkədir


Ölkəmizdə təlim-məşq toplanışında olan Türkiyənin “Ritmika” bədii gimnastika klubunun məşqçisi Nihan Özkan Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə müsahibə verib.

Azərbaycan Gimnastika Federasiyasına istinadla müsahibəni təqdim edir:

- Nihan xanım, Azərbaycana xoş gəlmisiniz. Təlim-məşq toplanışının gedişatı barədə məlumat verərdiniz.

Bakıya səfər edən “Ritmika” klubunun tərkibində mənimlə yanaşı, bir məşqçi və 9 idmançı yer alıb. Gimnastlarımız gün ərzində iki dəfə məşq edirlər. Məşqimiz təxminən 8 saat davam edir. Milli Gimnastika Arenası çox gözəldir. Burada idmançılar üçün hər cür şərait var - tibb məntəqəsi, yeməkxana, mehmanxana, gimnastika xalçası. Bizimlə mütəmadi olaraq maraqlanırlar. Əvvəllər də Bakıda səfərdə olmuşam. Azərbaycan mənim üçün doğma ölkədir. Məhz bu səbəbdən biz məşqlər üçün yenidən Bakını seçdik.

- Bu, sizin Azərbaycana neçənci səfərinizdir?

Bu, mənim fərdi olaraq dördüncü gəlişimdir. Amma təlim-məşq toplanışında iştirakla bağlı üçüncü səfərimdir.

- Paytaxtımızın görməli yerlərini gəzmisinizmi?

Bakının görməli yerlərində olmuşam. Məşqlərin son günü uşaqlarla birlikdə yenidən gəzməyə çıxacağıq. Bakı çox gözəl, müasir şəhərdir. Uşaqlar da çox bəyənirlər və burada olduqları üçün çox xoşbəxtdirlər.

- Gimnastlarınızın nailiyyətləri barədə məlumat verərdiniz.

İdmançılarımız həm respublika, həm də beynəlxalq səviyyəli yarışlara qatılırlar. İndiyədək Türkiyədə və başqa ölkələrdə yarışlarda iştirak ediblər. Yerli və beynəlxalq yarışlarda bir sıra nailiyyətlər qazanıblar. Bu uğurları davam etdirmək üçün bundan sonra da səylərimizi əsirgəməyəcəyik.

- İdmançı karyeranız haqqında nə deyə bilərsiz?

Beş yaşımdan bədii gimnastika ilə məşğul olmuşam. Uzun illər yığma komandanın heyətində çıxış etmişəm. Daha sonra karyeramı məşqçi olaraq davam etdirməyə qərar vermişəm.

- “Ritmika” gimnastika klubunun gələcək hədəfləri nədən ibarətdir?

“Ritmika” gimnastika klubunun hazırkı hədəfi Türkiyədə keçiriləcək yarışlara hazırlaşmaq və beynəlxalq arenada yüksək nailiyyətlər qazanmaqdır. Əsas məqsədimiz idmançılarımızı peşəkar səviyyədə yetişdirməkdir. Bununla yanaşı, çalışırıq ki, idmançılarımız özlərinə inamlı olsunlar və güclü idman formasında qalsınlar.

- Azərbaycan gimnastları barədə fikirlərinizi öyrənmək istərdik

Azərbaycan gimnastları çox gözəl məşq edirlər. Biz onların məşqlərini demək olar ki, hər gün izləyirik. Onların yüksək bacarıqları və istedadları var. Fərqli proqramları mövcuddur. Onların çıxışlarını çox bəyənirik.

Geri dön