Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:Böyük Britaniya bizə dost dövlətdir
Fərəc Quliyev:Böyük Britaniya bizə dost dövlətdir |
Ekspertlər deyir ki, Con Qalaher ya üzr istəməlidir, ya da Britaniya hökuməti tərəfindən cəzalandırılmalıdır
Böyük Britaniyanın Ermənistandakı səfiri Con Qalaher ölkə mətbuatına geniş müsahibə verib. Qalaher Ermənistanla Britaniyanın diplomatik münasibətlərinin 30 illiyi ilə bağlı bir sıra məsələlərə toxunub. O cümlədən Qarabağ məsələsinə toxunan səfir reallığa söykənməyən fikirlər səsləndirib. O deyib ki, Britaniya hökuməti Dağlıq Qarabağ münaqişəsini həll edilmiş və keçmişdə qalmış hesab etmir, həmsədr dövlətlər formatında hərtərəfli tənzimlənmə danışıqlarının aparılmasını zəruri sayır: “Böyük Britaniyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməyib. Biz münaqişəni həll olunmuş hesab eləmirik. Böyük Britaniya Dağlıq Qarabağ konfliktinin mümkün qədər tez və ATƏT-in Minsk Qrupu həmsədrlərinin əsas prinsipləri əsasında hərtərəfli nizamlanmasını istəyir. Biz amerikalı, fransız və rusiyalı həmsədrlərin səylərini tam dəstəkləyirik və tərəfləri danışıqlar prosesində konstruktivlik nümayiş etdirməyə çağırırıq”. Böyük Britaniya Azərbaycanla çox yaxın siyasi-iqtisadi münasibətlərə və əlaqələrə malikdir. O baxımdan İngiltərə səfirinin diplomatik normalardan kənara çıxaraq belə fikirlər səsləndirməsi təəccüblüdür. Maraqlıdır, Ermənistandakı əksər əcnəbi səfirlər nə “yeyirlər” ki, erməni tərəfə danışır, obyektivlik hislərini itirirlər, hətta öz dövlətlərinin siyasətlərini zədələyirlər? Azərbaycana müharibə dövründə dəstək vermiş Britaniya kimi ölkənin səfiri niyə bu cür açıqlama verib? Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev dedi ki, Böyük Britaniya bizə dost dövlətdir. Artıq son zamanlar münasibətlər kifayət qədər dərinləşib və strateji mahiyyət daşımağa başlayıb. Hətta böyük meqa-layihələrdə Britaniya, Türkiyə və Azərbaycan tamamilə fərqli davranışlar ortaya qoyurlar: “Təəssüf edirəm ki, Böyük Britaniyanın Ermənistandakı səfiri öz ölkəsinin siyasətini yetərincə bilmir, yaxud da yeri əhaliyə xoş gəlmək üçün diplomatik qaydaları pozur. Çünki səfir bir dövlətin fikirlərini ifadə edir, öz şəxsi fikirləri olmur. Britaniya hökuməti tərəfindən Azərbaycanla bağlı real münasibət ondan ibarət oldu ki, müharibə dönəmində haqlı mövqeyimiz müdafiə olundu. Hətta Azərbaycana qarşı BMT-nin Təhlükəsizlik Şurasında məlum məsələ qaldırılanda, ölkəmizə qarşı sanksiyaların tətbiq olunması tələbləri meydana çıxanda bu ölkə veto qoydu. Səfirin dediyi bir fikir var ki, onunla razılaşıram. Deyir ki, münaqişə həllini tam tapmayıb. Bunu Xarici İşlər Nazirliyi səviyyəsində ingilis səfirə və Böyük Britaniyanın Xarici İşlər Nazirliyinə çatdırmaq lazımdır. İstər Ermənistan ordusunun qalıqları, istər ora gətirilən terrorçular, istərsə də, separatçı rejimin tör-töküntüləri olsun, həmin yerlərdən çıxarılmayıb. Amma o razılaşmaya görə tör-töküntülər oradan çıxarılmalı idi. Eyni zamanda, Qarabağdan qovulmuş türk əsilli insanlar geri qaytarılmalı idi. Bu da hələlik öz həllini tapmayıb. Müharibədə erməni tərəfin işğalçı olduğu, eləcə də, Azərbaycana ağır zərbələr vurduğu halda Ermənistan tərəfindən təzminat ödənilməsi hələ də qalır. Əgər İraq Küveytə hücum etdiyi üçün bu günə qədər 50 milyard civarında təzminat ödədisə, Böyük Britaniya da BMT Təhlükəsizlik Şurasının üzvü kimi eyni təcrübədən istifadə edib Ermənistanın Azərbaycana ödəməli olduğu təzminat məsələlərini qaydasına qoymalıdır. Bundan əlavə, Göyçə və digər tarixi ərazilərimizdən qovulmuş azərbaycanlıların o yerlərə qaytarılmalarını təmin etməliyik. Azərbaycan müharibə aparaq, Böyük Britaniyanın da üzv olduğu BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini həyata keçirib. Bu qətnamələri həyata keçirəndə Azərbaycan tərəfi xeyli vəsait itirib. Bu vəsaitin hamısını BMT və başqa qurumlar ödəməlidir. Çünki Azərbaycan bu qurumların üzvü olaraq üzvlük haqqı ödəyir. Postmünaqişə dövrü üçün bərpa işlərinə əl qoyulmalıdır. Britaniya hökuməti digər üzvlərlə cəhd etməlidir ki, erməni tərəfi bərpa işlərini təmin etsin. Minalanmış ərazilərin xəritələrini ölkəmizə vermək üçün işğalçıya ciddi təzyiqlər olunmalıdır. I Qarabağ savaşında 4 minə yaxın vətəndaşımız itkin düşüb, bu gün onların heç birindən xəbər yoxdur. Bu barədə erməni tərəfi açıqlama verməli, onlardan sağ qalanlarını geri qaytarmalı, digərləri haqqında məlumat yaymalıdır. Britaniya səfiri ayıq başla düşünsə, bunları düşünməlidir. Azərbaycanın daxilində münaqişə ilə bağlı heç bir problem qalmayıb. Minsk Qrupunun üzvləri tərəfindən ərazilərimizin azad olunması üçün səylər göstərilmədi. Öz gücümüz hesabına ədalətli status-kvonu bərpa etmişik. Sadəcə, əvvəldə sadaladığımız problemlərin həll olunması çox vacibdir. Azərbaycanın daxili işlərinə heç kim qarışa bilməz. İnzibati zona kimi Qarabağ İqtisadi Zonası adlanır. Böyük dövlətlər yardım etsələr edəcəklər, etməsələr belə öz gücümüzə işləri sona çatdıracağıq. Böyük Britaniya Xarici İşlər Nazirliyindən cavab gələnə qədər biz hesab etməliyik ki, bu fikirlər səfirin öz subyektiv fikirləridir. Bunun üçün ya ingilis səfir üzr istəməlidir, ya da Britaniya hökuməti tərəfindən cəzalandırılmalıdır. Yox əgər bu Britaniya hökumətinin mövqeyidirsə, mütləq buna aydınlıq gətirilməlidir”. Cavanşir ABBASLI/“Yeni Müsavat” Geri dön |